17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan bu gün sürətli sosial-iqtisadi inkişaf dövrünü yaşayır
Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gələcəyə hesablanmış inkişaf strategiyası uğurla həyata keçirilir.
Muxtariyyətinin 93-cü ildönümünü təntənəli şəkildə qeyd edən qədim Azərbaycan torpağı Naxçıvan bu gün sürətli inkişaf dövrünü yaşayır. Son illərdə sənayedə, tikintidə, kənd təsərrüfatında, sosial həyatın bütün sahələrində böyük uğurlar qazanılıb. Digər illərdə olduğu kimi, 2016-cı ildə də qəbul edilən dövlət proqramları vaxtında icra olunub və nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması təmin edilib, sosial-iqtisadi həyatın bütün istiqamətləri üzrə müsbət dinamika əldə olunub.
Ötən müddətdə iqtisadiyyatın çoxşaxəli inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Dünyada davam edən maliyyə böhranlarına baxmayaraq, muxtar respublikada 2016-cı ildə sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi artaraq 2 milyard 582 milyon 361 min manat təşkil edib.
Bu gün muxtar respublikada sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər muxtar respublika üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Ötən il sahibkarlığın inkişafı ilə bağlı qəbul edilən yeni normativ hüquqi aktlar biznes mühitinin səmərəli inkişafına şərait yaradıb.
Sahibkarlığa Kömək Fondu vasitəsilə verilən güzəştli kreditlər iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsinə yönəldilib. Bu məqsədlə fond tərəfindən 25 layihənin maliyyələşdirilməsinə 15 milyon 69 min manat, ümumilikdə, 2000-ci ildən etibarən 1219 layihənin maliyyələşdirilməsinə 134 milyon 204 min manatdan artıq güzəştli kreditlər ayrılıb. Verilmiş kreditlərin 79 faizi sənaye və kənd təsərrüfatı olmaqla real sektorun, 21 faizi isə xidmət sektorunun payına düşüb.
2016-cı ildə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına avtomobil şinlərinin üzlənməsi, mebel, bal, pendir, yabanı tərəvəz məhsullarının qablaşdırılması, makaron, unlu-qənnadı məmulatları istehsalı, həmçinin heyvandarlıq, quşçuluq və balıqçılıq təsərrüfatları, soyuducu anbar və istixana kompleksləri daxil olmaqla, 49 istehsal və xidmət sahəsi istifadəyə verilib, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 87 faizi ötüb.
Yerli istehsalın dəstəklənməsinin nəticəsidir ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Sahibkarların sayının artması məşğulluq problemlərinin həllinə də əhəmiyyətli təsir göstərib. Bu fəaliyyətin nəticəsində 2016-cı ildə 3 mindən artıq yeni iş yeri açılıb ki, bunun da 98 faizi daimidir. Ümumilikdə isə 2003-cü ildən ötən müddət ərzində 69 min 92 iş yerinin açılması təmin edilib.
İstehsal həcminin və məhsul çeşidinin artması muxtar respublikanın ixrac potensialını daha da gücləndirib. 2016-cı ildə xarici ticarət dövriyyəsinin həcmi 463 milyon 244 min ABŞ dollarına çatıb ki, bunun da 90,5 faizi ixracın, 9,5 faizi isə idxalın payına düşüb.
Sahibkarların investisiya imkanlarının təşviqi və yeni bazarlara çıxış imkanlarının artırılması məqsədilə 2016-cı ildə ölkə daxilində və хаricdə kеçirilən 16 biznes forum, 2 beynəlxalq sərgidə 147 sahibkarın iştirakı, eləcə də muxtar respublikada istehsal olunan qida və tikinti sənayesi məhsullarının nümayişi təmin edilib. Bu isə gələcəkdə yerli sahibkarların öz məhsullarının xarici bazarlara yol tapmasında ən mühüm addımlardan biridir.
Hər il olduğu kimi, ötən il də muxtar respublika iqtisadi müstəqilliyini, ərzaq təhlükəsizliyini yerli istehsal hesabına tam təmin edib. Bu, düşünülmüş iqtisadi siyasətin, iqtisadi şaxələndirmənin nəticəsində mümkün olub. Bütün bunlar muxtar respublikada sənaye sektorunun sürətli inkişafına da təkan verib.
Ümumi daxili məhsulun tərkibində sənaye 717 milyon 899 min manatla ilk yerə sahib olub. Bu sektorda özəl bölmənin payı 95,6 faizə, yeni yaradılan və fəaliyyəti bərpa edilən sənaye müəssisələrinin sayı isə 442-ə çatdırılıb. Nəticə etibarı ilə ötən il muxtar respublikadan 320 milyon ABŞ dollarından artıq sənaye məhsulu ixrac olunub.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında kənd təsərrüfatı hər zaman öncül mövqeyini qoruyub. 2016-cı ildə də həyata keçirilən tədbirlər bu sahədə uğurların qazanılmasına şərait yaradıb.
Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2015-ci illə müqayisədə 6,1 faiz artaraq 429 milyon 448 min manat təşkil edib.
2016-cı ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 66 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq gətirilərək lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilib. Bundan əlavə, məhsul istehsalçılarına 4 min 923 tondan çox mineral gübrə ayrılıb.
Aqrar sahənin inkişafında meliorativ tədbirlər xüsusi önəmə malikdir. Muxtar respublikada müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması su itkisini aradan qaldırmaqla bərabər, yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasına da şərait yaradıb. Görülən tədbirlər nəticəsində 923 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb.
Muxtar respublikada aqrar sektorun inkişafı üçün yeni metodlar tətbiq olunur, fermer təsərrüfatlarının və bütünlükdə sahibkarlığın inkişafı məqsədilə bölgələrdə müasir texnologiyalara əsaslanan yeni emal müəssisələri yaradılır. Bunun nəticəsidir ki, bu gün muxtar respublikaya kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı azalıb, bu məhsulların istehsal həcmi dəfələrlə artıb. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 235 heyvandarlıq, 64 quşçuluq, 15 balıqçılıq, 102 arıçılıq, 64 bağçılıq, 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar, sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi və digər müasir müəssisələr yaradılıb. Bütün bunların yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə, ərzaq təhlükəsizliyinin təmin olunmasına gətirib çxarıb.
Bu tədbirlərin davamı kimi, 2016-cı ildə 6 heyvandarlıq, 1 quşçuluq, 1 balıqçılıq, 3 istixana təsərrüfatı və 6 soyuducu anbar fəaliyyətə başlayıb. Hər bir kəndin potensialına uyğun olaraq yaradılan bu cür yeni istehsal müəssisələri iqtisadi inkişafla bərabər, işsizlik probleminin həllində də əhəmiyyətli rol oynayır. Son illər Muxtar Respublikanın kəndlərində dövlət dəstəyi və güzəştli şərtlərlə verilən kreditlər hesabına 701 kiçik istehsal və emal müəssisəsi yaradılıb. Nəticədə 2016-cı ildə muxtar respublikadan 99 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunub.
Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları nəticəsində qəsəbə və kəndlər də müasirləşib, yenidən qurulub, asfalt yollar salınıb, kənd və xidmət mərkəzləri tikilib. 2016-cı ildə muxtar respublika üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 2015-ci ilə nisbətən 5 faiz artaraq 997 milyon manatdan çox olub.
2016-cı ildə tikinti-quruculuq, abadlıq işləri davam etdirilib, bu dövrdə muxtar respublikada 256 müxtəlif təyinatlı obyekt, o cümlədən 18 təhsil, 13 səhiyyə, 5 idman, 29 mədəniyyət müəssisəsi, 13 kənd və 14 xidmət mərkəzi, 2 ictimai yaşayış binası tikilərək istifadəyə verilib, 9 yaşayış binasında yenidənqurma və əsaslı təmir işləri aparılıb. Son illər ərzində 11 min 839 müxtəlif təyinatlı obyekt, 374 elm və təhsil, 266 səhiyyə, 49 idman, 450 mədəniyyət müəssisəsi, 512 sosial qayğıya ehtiyacı olan ailələr üçün ev, 3 min 723 kilometr uzunluğunda magistral və yerli əhəmiyyətli yolları salınıb, 167 körpü tikilib və ya əsaslı təmir olunub, 142 qəsəbə və kənd mərkəzi istifadəyə verilib.
Ötən il Naxçıvanda müasir yol-nəqliyyat sisteminin qurulması da diqqət mərkəzində saxlanılıb. Bu məqsədilə 62 kilometr uzunluğunda avtomobil yolları salınıb, 5 körpü tikilib və ya əsaslı təmir olunub, Naxçıvan şəhərində avtomobil və ehtiyat hissələrinin satış mərkəzi və yeraltı qaraj tikilib, Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb” terminalı istifadəyə verilib.
Ölkə başçısının 2016-cı il mayın 20-də imzaladığı Sərəncama əsasən, Babək rayonunun 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının ikinci mərhələsinin başa çatdırılması ötən ilin yaddaqalan hadisələrindəndir.
2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı imzaladığı fərman əhalinin, xüsusilə gənc və aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna yönəldilmiş xüsusi dövlət qayğısı prioritet istiqamət kimi saxlanılıb, 2016-cı ildə muxtar respublikanın 2 sakininə avtomobil, 4 şəhid ailəsinə və sağlamlıq imkanı məhdud 7 Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzil verilib.
Blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunub, yaşayış məntəqələri 100 faiz qazlaşdırılıb.
Həyata keçirilən tədbirlər muxtar respublikanın elektrik enerjisi ilə təminatına möhkəm zəmin yaradıb. İstehsal olunan elektrik enerjisi nəinki daxili tələbatı ödəyir, hətta elektrik enerjisini ixrac etməyə imkan verir. Son illər mövcud potensialdan istifadə etməklə ekoloji və iqtisadi cəhətdən daha səmərəli olan elektrik stansiyaları yaradılıb, ümumilikdə, elektrik stansiyalarının gücü 237,4 meqavata çatdırılıb. Hazırda Ordubad rayonunda 36 meqavat gücündə su elektrik stansiyasinin inşası davam etdirilir.
Bu illər ərzində muxtar respublikada qazanılan nailiyyətlərdən biri də informasiya blokadasının yarılması, ölkə və dünya informasiya məkanına sürətli inteqrasiyanın təmin olunmasıdır. Rabitə və yeni texnologiyaların tətbiqi sahəsində görülən işlər insanların informasiyaya olan tələbatının dolğun ödənilməsinə, xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olub. Yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti yaradılıb.
2016-cı ildə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi, əhalinin elektron xidmətlərə çıxışı sürətli internetdən istifadə imkanlarını daha da yaxşılaşdırıb.
Ekoloji siyasətin əhəmiyyəti nəzərə alınaraq, ötən il ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə olunması istiqamətində fəaliyyət də uğurla davam etdirilib. 2016-cı ildə 546 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri aparılıb, 452 minə yaxın ağac və bəzək kolları əkilib.
Qədim Naxçıvan torpağı bu gün özünün turizm potensialı ilə də öyünə bilər. Naxçıvana son illərdəki turist axını bunun əyani sübutudur. Buradakı otel və müasir istirahət mərkəzlərində qonaqların istirahət üçün hər cür imkanlar yaradılıb. 2016-cı ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xaricdən gələn turistlərin sayı 403 mini ötüb.
Naxçıvanın bugünkü inkişafı uğurlu sosial-iqtisadi islahatların nəticəsi olmaqla yanaşı, həm də Vətən, torpaq, xalq sevgisinin daha bir ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanıb. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.
Emtv.az