SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ukraynada seçki: birinci turdan sonra siyasi pat vəziyyəti

13-04-2019, 13:01 | Oxunub: 12 055 |

Ukraynada seçki: birinci turdan sonra siyasi pat vəziyyəti

Emtv.az newtimes.az-ın yazısını təqdim edir:

Martın 31-də Ukraynada seçicilər ölkəyə prezident seçmək üçün sandıq başına getdilər. Lakin qalib olmadı. Şoumen V.Zelenski hamıdan çox səs topladı. İkinci yerdə hazırkı prezident P.Poroşenko qərarlaşdı. Onlar seçkinin ikinci turuna keçdilər. Digərləri isə mübarizəni dayandırmalı oldular. Ekspertlər bu vəziyyətin müxtəlif aspektləri üzərində dayanırlar. Onlar Ukraynanın siyasi həyatında mümkün dəyişiklikləri təhlil edirlər. Məsələ siyasi və geosiyasi kontekstdə maraq kəsb edir. Şərqi Avropanın bu böyük ölkəsinin siyasi cəhətdən yeniləşmə ərəfəsində olduğu haqqında fikir bildirmək olar. Bu prizmadan seçkilərin ikinci turu ərəfəsində Ukraynadakı siyasi proseslərə nəzər salmaqla müəyyən qənaətlər əldə etmək olar. Bu məqam üzərində bir qədər geniş dayanmaq lazım gəlir.

Köhnədən yeniyə: Kiyevin növbəti seçimi

Ukraynada prezident seçkisinin birinci turu arxada qalıb. Ekspertlər nəticələrin təhlilini aparırlar. Bu prosesə həm Qərbdə, həm də Rusiyada maraq böyük idi. Seçki yarışında iştirak edənlər arasında yeni fiqur kimi Vladimir Zelenski daha çox diqqət çəkirdi. O, siyasi səhnədə yeni sima olduğu kimi, siyasi mövqeyinə görə də "qaranlıqdır". Digər rəqiblər - Petro Poroşenko, Yuliya Timoşenko, Yuri Boyko artıq konkret siyasi imici olan adamlardır. Digər iddiaçılar haqqında bu sözləri demək çətindir. Aleksandr Vilkul, Yevgeni Murayev, Anatali Qriçenko elə də ciddi rəqib hesab olunmurdular.

Seçki ərəfəsi keçirilən sosioloji sorğular, "exit-pollar" maraqlı mənzərə yaratmışdı. Öndə V.Zelenski gedirdi. Sonra A.Qriçenko bir müddət irəlidə oldu. Ancaq sonralar P.Poroşenko irəliləyiş əldə etdi. Sosioloji proqnozlarda Y.Timoşenko və Y.Boykonun da şansları pis deyildi. Lakin ümumilikdə məlum oldu ki, mübarizə başlıca olaraq V.Zelenski, P.Poroşenko və Y.Timoşenko arasında gedəcək. Ekspertlər üçün o da maraqlı oldu ki, "exit-pollarda" alınan bu nəticələri seçki demək olar ki, təsdiq etdi. Kiçik, ancaq əhəmiyyətli bir düzəlişlə.

Ekspertləri təəccübləndirən V.Zelenskinin təqribən iki dəfə P.Poroşenkodan çox səs toplaması idi. V.Zelenski 30,24 faiz, P.Poroşenko isə 15,95 faiz səs qazandı. Bununla hər iki namizəd seçkinin ikinci turuna keçdi. İkinci tur aprelin 21-nə təyin edilib. Arada fərqin 10 faizdən çox olmasını bir çox ekspertlər ciddi nəticə hesab edir və onu aradan qaldırmağın nəzəri olaraq mümkünlüyünü bildirirlər (bax: məs., Александр Гущин. К итогам первого тура президентских выборов в Украине / РСМД, 1 aprel 2019).

Bizim üçün məsələnin daha maraqlı tərəfi seçkinin siyasi və geosiyasi qiymətləndirilməsi ilə bağlıdır. Namizədlərin siyahısı və alınan nəticələr göstərir ki, Ukraynada bir siyasi yeniləşmə prosesi başlayır. Bu proses daxili ziddiyyətliliyi ilə fərqlənir. Bu, ölkə qarşısında duran problemləri hazırkı iqtidarın həll edə bilməməsindən qaynaqlanır. Ukrayna vətəndaşları bu ziddiyyəti görür və yenilik arzusundadır. Ancaq əsas məsələ yeniliyi hansı istiqamətdə və hansı kursla etməkdən ibarətdir. Bu seçimin düzgün olması məsələsində elektoratın hələlik konkret mövqeyi yoxdur. Seçici nə istəyir?

İlk növbədə Krım və Donbas məsələsinin həllini. Bununla yanaşı, iqtisadi vəziyyətin yaxşılaşmasını. Dövlət dilinin cəmiyyətdə statusunun möhkəmləndirilməsini. Və Rusiya ilə münasibətlərə bir aydınlığın gətirilməsini. Hələlik bu məsələlərin heç birində qəti sonuc yoxdur. P.Poroşenko vətənpərvər siyasətçi kimi görünsə də, Krım və Donbasda vəziyyət Kiyevin xeyrinə dəyişmir. Kerç hadisəsi də bir yandan çıxdı. NATO və Aİ ilə bağlı dəqiq nəticə yoxdur. Ortada Qərbin vədləri və Rusiyanın hədələri vardır.

P.Poroşenko "ordu, dil və din" formulundan istifadə edir. Ordu ölkənin ərazi bütövlüyünü təmin etməlidir. Etməyib! Ukrayna dili bütün regionlarda tam qəbul olunmalıdır, lakin Krım və Donbasda durum göz qabağındadır! Şərqi Ukraynada da rus dilinə bağlılıq qalmaqdadır. Din məsələsində rus kilsəsindən ayrılmaq hələ bu dərin mövzunun həllini tapması demək deyil! Bütün bunlar ukraynalı seçicidə suallar yaradır. Onlar artıq güc vasitəsilə ölkənin ərazi bütövlüyünün bərpa olunacağına şübhə edirlər.

Bunun fonunda Ukrayna siyasi səhnəsində yenilik arzusu təbii görünür. Ancaq maraqlıdır ki, siyasi səhnəyə komediya və şən oğlanlar səhnəsinin ulduzlarından biri iddialıdır. Bu cür keçidin Ukrayna üçün nə dərəcədə uğurlu ola biləcəyi məlum deyil. Ancaq bütövlükdə dünyada gedən siyasi və geosiyasi proseslər kontekstində maraqlı qənaətlər əldə edilir.

Populizm, yaxud başqa ssenari: Avropa ilə müqayisələr kontekstində

Onu deyək ki, ABŞ başda olmaqla dünyanın bir sıra ölkələrində siyasi isteblişment dəyişir. Donald Tramp da müəyyən mənada "artistdir". Onu Amerikanın ənənəvi siyasi elitası qəbul etmir. Hətta bəziləri "dəli" deyir. İtaliyada siyasət səhnəsində çoxdandır ki, məzhəkəçi-komik mövcuddur. "Beş ulduz hərəkatı"nı komik rolların ifaçısı aktyor Beppe Qrillo və sahibkar Canroberto Kazalecio yaradıblar. Bu siyasi qüvvə İtaliyada uğur qazanmaqda davam edir. Onun siyasi kursuna birbaşa demokratiya, internetə azad ümumi girişin zəruriliyi, envayronmentalizm və avroskeptisizm xasdır.

Xatırladaq ki, birbaşa demokratiya elə siyasi təşkilat və cəmiyyət quruluşu formasıdır ki, əsas məsələlər vətəndaşlar tərəfindən qaldırılır, müzakirə edilir və qərar qəbul edilir. Yəni dövlət üçün vacib olan problemləri ümumxalq müzakirəsi vasitəsilə həll etməyə çalışılır. Bu, kütlələrin dövlət işlərində iştirakı prinsipinə uyğundur. Əhali ümumi və lokal xarakterli qərarların qəbulunda başlıca aktor kimi təsəvvür edilir.

"Envayronmentalizm" ingiliscədə "təbiət", "ətraf mühit" deməkdir. Bu cərəyan da XX əsrdə Avropada yaranıb. Sosial-ekoloji xarakterli hərəkatdır. Ümumi halda biosferin insanın maraqlarına uyğun dəyişməsi fikrini müdafiə edir. Yəni ətraf mühit də insanın rifahına xidmət etməlidir. Qismən avroskeptisizm isə nə Avropanı inkar etmək, nə də indiki şərtlər daxilində inteqrasiyaya getmək deməkdir. Milli maraqlar nəzərə alınaraq dinc-yanaşı yaşamanı və bu şərt daxilində inteqrasiyanı qəbul edir.

İndi V.Zelenskinin siyasi kimliyinə bu informasiyalar işığında nəzər salaq. Onun partiyası "Xalqın nökəri" adlanır. Məqsədi hər şeyi xalq naminə və xalqın aktiv iştirakı ilə etməkdir. Bu partiyanı "kvnşik" V.Zelenski və sahibkar İ.Kolomoyski yaradıblar (İtaliya variantına çox bənzəyir). Ekspertlər hesab edirlər ki, V.Zelenskinin arxasında məhz konkret maliyyə dairələri dayanır. Hərçənd, V.Zelenski özünü tam müstəqil və həqiqətsevər kimi təqdim edir (eynilə B.Qrillo kimi).

Doğrudur, V.Zelenskinin siyasi proqramı barədə konkret informasiya yoxdur, ancaq onun müsahibələrində bir sıra tezislər ifadə olunub. O, başlıca olaraq problemləri xalqın müzakirəsi vasitəsilə həll etməkdən danışır. Hətta Krım və Donbas məsələsini xalqın müzakirəsinə çıxarmaq fikrindədir. Bu məsələlərlə bağlı V.Putin və onun komandası ilə açıq danışıb, onların tələblərini, sonra isə öz şərtlərini siyahılaşdırıb, xalqın müzakirəsinə çıxarmağı düşünür. Bunun üçün başlıca olaraq sosial şəbəkələrdən, yəni internetdən yararlanmaq fikrindədir. Ümumiyyətlə, V.Zelenski əsas olaraq internetlə, sosial şəbəkələrlə insanlarla ünsiyyət qurur. Təbliğat kampaniyasında bu məqam onu digərlərindən fərqləndirirdi. Yəqin ki, xalq və internet məsələsində V.Zelenski ilə B.Qrillo arasındakı oxşarlığı duymaq çətin deyil.

NATO və Aİ ilə münasibətlərə də eyni meyarla yanaşır. O deyir ki, bu təşkilatlar özləri Ukraynaya müraciət etsələr və şərtlər bizi qane etsə, üzv olmaq mümkündür. Başqa variantda yox. Bu da qismən avroskeptisizmin bir nümunəsidir. Rusiyaya gəldikdə isə, Moskva işğal etdiyi ərazilərdən çıxmalıdır. Ancaq V.Zelenski bunun üçün hərbi gücdən qətiyyən istifadə etməyəcəyini vəd edir. Əksinə, o, insanlara müraciət edib, onların fikrini öyrənməyə üstünlük verir. Konkret olaraq referendum keçirib Krım və Donbasın siyasi taleyini həll etmək arzusundadır. Yəni insanlar ayrılmağa səs versələr, V.Zelenski etiraz etməyəcək. Əvəzində, həmin ərazilərdə ciddi iqtisadi proqramlar həyata keçirməyi daha doğru sayır. Tezisi belədir ki, Ukrayna hərbi cəhətdən güclü olmaqdan çox sərmayə qoyuluşuna tam açıq ölkə olmalıdır. Dil məsələsinə gəldikdə isə, Ukraynada dövlət dili əsas olmalıdır. Lakin əyalətlərdə insanlara danışdıqları dili qadağan etmək olmaz. Məsələn, şərq əyalətlərində rus dilinin öz yeri olmalıdır.

Korrupsiya ilə mübarizədə V.Zelenski "yenidən velosiped icad etmək" fikrində deyil. Oliqarxlardan sərvətlərinin 5-7 faizini alıb, iqtisadiyyata sərf etmək istəyir. Komissiya yaradıb, korrupsionerləri cəzalandırmağı planlaşdırır və s.

Rusiyaya tanınmış kinoaktyor və müğənni Vaxtanq Kikabidzenin gözü ilə baxdığını deyir. V.Kikabidze Moskvaya getmək istəmədəyini demişdi, çünki Rusiya Gürcüstanın iki bölgəsini işğal edib. Bütün bunlar onu göstərir ki, V.Zelenski daha çox populist mövqedən çıxış edir. Siyasətə də şou səhnəsi kimi baxmaqda davam edərsə, fərqli bir kurs görə biləcəyik. Lakin bu üsulla Ukraynanı ciddi müstəqil dövlətə çevirməyin mümkün olduğunu demək çətindir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR