18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Demokratiyanın təntənəsi: Türkiyə seçki sınağından üzüağ çıxdı
Emtv.az xəbər verir ki,yerli KİV analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:
Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkisinə dünyada böyük maraq göstərildi. Ekspertlər bu seçkini ölkədə demokratiyanın növbəti sınağı kimi təqdim edirdilər. Verilən bir sıra proqnozlarda iqtidarın öz siyasi rəqiblərini "sıxışdıracağı" barədə fikirlər yer alırdı. Ancaq seçki bütün bu neqativ fikirləri alt-üst etdi. Seçki tam demokratik qaydada keçdi və nəticələr də bunu təsdiq edir. Belə məlum oldu ki, üç ən böyük şəhərdə müxalif Cümhuriyyət Xalq Partiyasının nümayəndələri qalib gəliblər. İzmirlə bağlı heç bir mübahisə yoxdur. İstanbul və Ankara üzrə seçkinin nəticələrinə hakim Ədalət və İnkişaf Partiyası etiraz edir. Bundan başqa, bir sıra əyalətlərdə, məsələn, Qars və İqdırda Milliyyətçi Hərəkat Partiyasının etirazları vardır. Belə çıxır ki, prosesə iqtidarın heç bir müdaxiləsi olmayıb. Bununla yanaşı, Türkiyə miqyasında hakim partiya qalib gəlib. Bu isə ölkədə qüvvələr nisbətinin hiss ediləcək səviyyədə dəyişmədiyini göstərir. Maraqlıdır ki, Qərbin ekspert dairələri seçkinin geosiyasi nəticələrindən çox Türkiyədəki siyasətçilərin şəxsi münasibətlərini önə çəkirlər. Bu, heç şübhəsiz, Türkiyəyə münasibətdə qeyri-obyektiv məqamlardan xəbər verir. Türkiyədəki bələdiyyə seçkisinin geosiyasi aspekti üzərində yuxarıda vurğulanan məqamlar bağlılığında geniş dayanmağa ehtiyac görürük.
Ankara: siyasi kurs dəyişmir
Türkiyə növbəti dəfə dünyaya demokratik dövlət olduğunu nümayiş etdirdi. Bələdiyyə seçkisinə maraq öncədən böyük idi. Hətta ABŞ Prezidenti Donald Trampın bu seçkini izlədiyi barədə informasiyalar yayılmışdı. Türkiyənin özündə isə seçki kampaniyası həm maraqlı, həm də intensiv aparılırdı. Bütün namizədlər üçün geniş şərait yaradılmışdı. Meydanlarda təşkil edilən mitinqlərdə hər bir partiya nümayəndəsi sərbəst fikir söyləyə bilirdi. Demokratik ab-havanın mövcudluğunu seçkinin nəticələri də tam təsdiq etdi.
Öncədən qeyd edək ki, mübarizə əsas olaraq "Cümhur ittifaqı" ilə "Millət ittifaqı" arasında gedirdi. Birinci seçki blokuna hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) daxil idi. İkinci blokda isə ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə "İYİ Partiya" birləşmişdi. Bu siyasi qüvvələr bələdiyyə seçkilərində qalib gələrək 4 ildən sonra olacaq seçkiyə bir növ hazırlıq görmək fikrində idilər. Nəticələr ekspertləri bir qədər düşündürdü.
Bütövlükdə AKP qalib gəlib - 44,32%. İkinci yerdə cümhuriyyətçilərdir - 30,11%. Sonrakı yerləri "İYİ Partiya" (7,45%), MHP (7,31%), HDP (4,24%) və Səadət Partiyası (2,71%) tutub. Seçki bloku kimi "Cümhur ittifaqı" qalib gəlib - 51,63%.
Bu göstəricilərə görə AKP 15-ci dəfə seçkilərdə qalibiyyət qazanıb. Bu partiya 15 böyük şəhərdə, 24 vilayətdə və 511 rayonda qalib gəlib. Növbəti 5 ildə Türkiyədə bələdiyyələrin təxminən 56 faizinə AKP mənsubları rəhbərlik edəcək. Prezident Rəcəb Tayyib Ərdoğan seçicilərə təşəkkür ifadə edib. Türkiyə miqyasında AKP-nin qalib gəlməsini ölkənin siyasi kursuna sadiqlik əlaməti kimi xarakterizə edirlər. Onu da deyək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövlət başçısını qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.
Şübhəsiz ki, bələdiyyə seçkisində hakim siyasi qüvvənin qələbəsi geosiyasi aspektdə əhəmiyyətli hadisədir. Çünki bu o deməkdir ki, Türkiyə müstəqil xarici və daxili siyasətini davam etdirəcək. Ankaranın 2023-cü il hədəflərinə çatması üçün bu, vacib məqamdır. Qərb və Rusiya da məsələnin fərqindədirlər. Rusiya Prezidenti Vladimir Putinin R.T.Ərdoğanı ilk təbrik edənlər sırasında olması təsadüfi deyil.
Seçkinin tam demokratik ruhda keçməsinin başqa aspektdə əhəmiyyəti Qərblə bağlı yanarmış situasiya ilə əlaqəlidir. Məsələ ondan ibarətdir ki, Qərbin siyasi dairələri Türkiyənin demokratik və dünyəvi prinsiplərdən uzaqlaşaraq avtoritar idarəçiliyə keçdiyi haqqında fikir bildirirlər. Guya İslamın güclənməsi müsəlman dövlətində demokratiyanın zəifləməsinə səbəb olur. Ancaq bələdiyyə seçkisi göstərdi ki, Türkiyə nəinki demokratik prinsiplərdən uzaqlaşıb, hətta Avropaya belə nümunə ola biləcək bir səviyyədə demokratik iradəyə malikdir. Bunu seçki ilə bağlı konkret faktlarla sübut etmək olar.
Hakim partiya yalnız aktiv seçki təbliğatı vasitəsilə uğur qazana bildi. Onunla müxalifət arasındakı fərq çox deyil. Seçkinin nəticələrinin hesablanması prosedurunda müxalifət nümayəndəsinin hüquqları tam qorundu. Və etirazçı rolunda hakim partiyanın nümayəndələri çıxış edirlər. İstanbul və Ankara nümunəsi bunu təsdiq edir.
Geosiyasi aspekt: qalib türk dövlətçiliyidir!
İstanbul bələdiyyəsinə keçirilən seçkidə müxalif partiyanın namizədi Əkrəm İmamoğlu hakim partiyadan olan rəqibi sabiq baş nazir Binəli Yıldırımı 0,25 faiz səslə məğlubiyyətə uğradıb. Müxalifət nümayəndəsinin sözlərinə görə, onlar arasında fərq təqribən 22 min səsdir. B.Yıldırım buna qarşı deyir ki, Ə.İmamoğlunun söylədiyi rəqəmi qəbul etsək, onda aradakı fərqdən 10,5 dəfə çox olan etibarsız bülletenlər haqqında nə deyə bilərik? Bu məsələni Ali Seçki Komissiyası yoxlamalıdır. Əgər fərq yenə də Ə.İmamoğlunun xeyrinə olsa, onu məmnuniyyətlə təbrik edəcəyik. Ali Seçki Komissiyası bu faktı yoxlayır. Yəni proses tam demokratik şərtlər daxilində gedir.
Buna bənzər situasiya Ankarada yaranıb. Orada da hakim partiya etirazçı kimi çıxış edir. Ankaradakı seçkidə bir sıra nöqsanlar olub ki, onların aradan qaldırılması ilə hakim partiyanın nümayəndəsinin qələbəsi mümkün ola bilər. Ancaq bütün bu proseslər dəqiq qaydada demokratik prinsiplər üzrə aparılır. Hələ heç kim İstanbulda kimin qalib gəldiyi haqqında son fikir söyləmir. Lakin Ə.İmamoğlunun daha çox səs topladığı etiraf edilir. Yalnız YSK-nın lazımi yoxlamalarından sonra qalib elan olunacaq.
Bunlar onu ifadə edir ki, Türkiyə seçki məsələsinə tam demokratik aspektdə yanaşır. Obyektiv yoxlamalardan sonra elan ediləcək nəticələri də bütün siyasi qüvvələr qəbul edəcək. Maraqlıdır ki, Qərbin ekspert dairələri seçkinin bu demokratik tərəfindən danışmaq əvəzinə, məsələni Ərdoğanın məğlubiyyəti kimi təqdim etməyə çalışırlar. Qərb mediasında Türkiyənin İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərində müxalifət qüvvələrinin qalib gəlməsini iqtidarın siyasətinin uğursuzluğu kimi qələmə verməyə cəhd edirlər.
Bir anlığa bunun əksini təsəvvür edək. Tutaq ki, Türkiyənin bütün böyük şəhərlərində ancaq hakim partiyanın nümayəndələri qalib gəlib. Onda Qərb mətbuatı nə yazardı? Yazardı ki, Türkiyədə demokratiya boğulur, çünki bütün böyük şəhərlərdə iqtidar nümayəndələri qalib gəlib. AKP avtoritar rejim yaradıb və s. və i.a. Təcrübə bu cür yazacaqlarını təsdiq edir.
Konkret desək, bunlar onu göstərir ki, Qərbin müəyyən dairələri müsəlman dövləti kimi Türkiyəyə qərəzli münasibət göstərir. Türkiyədə müxalifət nümayəndələrinin böyük şəhərlərdə qalib gəlməsi kiminsə məğlubiyyəti deyil, bu ölkədə demokratiyanın oturuşduğunun nümayişidir. Türkiyə kifayət qədər dəqiq idarə olunan köklü dövlətdir. Bundan başqa, siyasi fikir ayrılığına baxmayaraq, Türkiyənin partiyaları ilk olaraq dövlətçiliyə xidmət edirlər. İstanbul və Ankaranın bələdiyyə sədrləri müxalifətçi kimi xalqa xidmət edəcəklər. Əgər uğurlu olsalar, daha çox səs qazanacaqlar, əksi olsa, əhali onlara səs verməyəcək. Bu qədər dəqiq bir sistem vardır.
Bəs onda bir sıra ekspertlər məsələni niyə məhz Ərdoğanın məğlubiyyəti kimi təqdim edirlər? Onlar, ümumiyyətlə, hər bir müsəlman dövlətində siyasi mübarizəni şəxslərin mübarizəsi prizmasından təqdim etməyə çalışır, özlərinə gəldikdə isə, mənzərəni demokratik müstəvidə göstərməyə cəhd edirlər. Yəni müsəlman ölkələrində dövlətçilik deyil, insanların şəxsi maraqları üstünlük təşkil edir ki, bu da müasir dövrün meyarlarına görə tam dövlətçilik demək deyil. Onda "dövlətçi" Qərbin "tam dövlətçi" olmayan müsəlman ölkələrində "əsl dövlətçiliyin" yaranması üçün proseslərə müdaxilə etmək "haqqı vardır".
Təbii ki, bu cür qərəzli yanaşmanın mahiyyəti və məqsədini Türkiyə kimi böyük dövlətçilik ənənəsi olan bir ölkənin siyasi dairələri və cəmiyyət çox gözəl başa düşür. Bu səbəbdən başqalarının nə deməsindən asılı olmayaraq türklər demokratik qaydaların inkişafı yolundan dönməzlər.
Türkiyənin daxili siyasi mənzərəsində isə müəyyən dəyişikliklərin baş verdiyini inkar etmək olmaz. Onların sırasında ekspertlər ölkənin kürd əsilli vətəndaşlarının hakim partiyaya daha çox inanmağa başladığını ayrıca qeyd edirlər. Məsələn, Hakkari bölgəsində ənənəvi olaraq Xalqların Demokratik Partiyasının (HDP) qalib gəldiyi yerlərdə vətəndaşlar AKP-yə səs veriblər. Bu o deməkdir k, türk cəmiyyəti daha yüksək səviyyədə monolitləşməyə başlayıb. Belə bir vəziyyət təbii ki, dövlətin siyasi, iqtisadi və mədəni aspektlərdə daha çox uğur qazanması üçün ciddi əsaslar yaradır.
Beləliklə, Türkiyədəki bələdiyyə seçkisi göstərdi ki, ölkə demokratiya və inkişaf yolunda inamla irəliləyir. Qardaş ölkə artıq qlobal miqyasda söz sahibidir və onun mövqeyi getdikcə daha da güclənir. Bütün aspektlərdə bu seçkidən uğurla çıxan Türkiyə nəzərdə tutduğu nəticələrə nail ola biləcək. Buna ən çox sevinənlər sırasında təbii ki, Azərbaycan dövləti və xalqı da vardır.
Nəzrin Abbaszadə
Emtv.az