17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub
Noyabrın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub.
Emtv.az xəbər verirki, tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə muxtar respublikanın Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2015-ci il dekabrın 2-də Sərəncam imzalayıb. Tədbirlər Planına əsasən muxtar respublikada Qəmbər Hüseynlinin 100 illik yubileyi ilə bağlı konfrans və bir sıra tədbirlər təşkil olunub. Bugünkü yubiley tədbiri də bu silsilədəndir.
Qeyd edilib ki, görkəmli bəstəkar Qəmbər Hüseynli milli musiqi sənətimizə təkrarsız və özünəməxsus çalarlar gətirib, öz əsərləri ilə qəlbləri fəth edə bilib. Muğam və el havalarını, aşıq musiqisini, Azərbaycan poeziyasını dərindən mənimsəyən bəstəkar, həm də fitri istedadı sayəsində gözəl mahnılar və romanslar müəllifi kimi tanınıb. O, professional musiqi tariximizə məhz mahnı bəstəkarı kimi daxil olub, bütün yaradıcılığı boyu bu janrda təkrarolunmaz əsərlər yaradıb. Müasirləri və bəstəkarın irsinin tədqiqatçıları qeyd edirlər ki, Qəmbər Hüseynli mahnı yaradıcılığında həmişə estetik prinsipləri diqqətdə saxlayırdı. Sözün gözəlliyi, onu gözəl musiqi ilə vəhdətdə təqdim etmək bəstəkarı daim düşündürən sənət məsələlərindən idi. Bəstəkar özü də deyirdi ki, musiqi ilk notlarda dinləyicidə gözəllik duyğusu oyatmırsa, qəlbdə həyəcan yaratmırsa bəstəkarlıq etməyə dəyməz. Yüksək zövq, musiqi ilə bərabər, sözə də tələbkar yanaşmaq onun əsas prinsiplərindən idi. Bəstəkarın musiqisində həmçinin melodiyaların şairanəliyi, ürəyə yatımlığı, zəifliyi və axıcılığı diqqəti cəlb edir. Yüksək ilham, harmoniya və orkestləşdirmə isə onun yaradıcılıq düsturudur. Buna görə də Qəmbər Hüseynlinin mahnıları və romansları bu gün də sevilə-sevilə dinlənilir.
“Bəstəkarın mahnılarını tanınmış Azərbaycan müğənniləri dəfələrlə özünəməxsus şəkildə ifa edib və etməkdədirlər. Onun mahnıları İran, Özbəkistan, Əfqanıstan və Türkiyə müğənniləri tərəfindən də sənətkarlıqla ifa edilməkdədir”, - deyən Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri bildirib ki, Qəmbər Hüseynli gənc yaşlarında Hüseyn Cavidin “Şeyx Sənan”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Cəfər Cabbarlının “Almas”, “Solğun çiçəklər”, Zeynal Xəlilin “Qatır Məmməd” və bir sıra digər tamaşalara musiqilər bəstələyib. Sonralar isə bəstəkar tanınmış şair Mirmehdi Seyidzadənin “Qızılquş” poeması əssasında opera yazıb.
Vurğulanıb ki, tədqiqatçılar Qəmbər Hüseynlinin yaradıcılığından çox yazsalar da, bəzən bəstəkarın ömür yolunun çətinliklərindən, əziyyətlərindən az söhbət açırlar. Belə ki, bəstəkar hələ çox gənc ikən Stalin repressiyasının acılarını yaşayıb. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi görkəmli şairlərimizin haqsız yerə məhvinə dözə bilməyən gənc Qəmbərin etirazı onun həbsinə səbəb olub. 1943-cü ildə 10 il həbs cəzasına məhkum edilən bəstəkar 1947-ci ildə azadlığa buraxılıb. Böyük şair Bəxtiyar Vahabzadə ilə bu illərdə tanış olan bəstəkar sonralar onun şeirlərinə musiqi bəstələyib. Bəxtiyar Vahabzadə isə bəstəkarın və özünün hansı əzab-əziyyətlərin şahid olduğunu, repressiya illərinin məşəqqətlərini 1988-ci ildə yazdığı “İki qorxu” poemasında sənətkarlıqla təsvir edib.
Hər bir sənətkarın yaradıcılıq nümunələrinin onun şəxsiyyətindən, istedadından, mənəvi dünyasından və intellektindən doğduğunu deyən Natəvan Qədimova qeyd edib ki, bu mənada, Qəmbər Hüseynli yaradıcılığı Azərbaycan musiqi sənəti inciləri arasında yüksək zirvələrdən birini tutur.
Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri görkəmli bəstəkarın həyat və yaradıcılığına göstərdiyi diqqətə, onun 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd olunmasına görə bütün musiqişünaslar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov deyib ki, Qəmbər Hüseynlinin mahnı və romansları, lirizmi, milli musiqi və poeziya ilə üzvi bağlılığı, yeni intonasiya çalarları ilə fərqlənir. Ümumiyyətlə, vokal janrına aid nümunələr bəstəkarın yaradıcılığında mühüm yer tutur. Qəmbər Hüseynli eyni zamanda simli kvartet üçün pyeslərin, fortepiano üçün variasiyaların və pyeslərin, dram tamaşalarına bəstələnmiş musiqilərin müəllifidir. Uşaqlar üçün yazılmış “Cücələrim” mahnısı, əsl mənada, ona dünya şöhrəti qazandırıb. Bəstəkarın musiqi üslubu xalq musiqisinin ən qiymətli özəyini – lad, intonasiya, ritm, formayaradıcı xüsusiyyətlərini özündə cəmləşdirir. Onun mahnı-romans yaradıcılığı milli musiqi sənətimizin qiymətli səhifələrini təşkil edir.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin, filarmoniyanın xorunun və solistlərinin ifasında Qəmbər Hüseynlinin “Olan oldu”, “Ay işığında”, “Qoy dolanım başına”, “Ömrümün yazısan”, “Muğana ceyran”, “İlk xatirələr”, “Dağlar” və digər mahnıları səsləndirilib. Bəstəkarın dünyanın müxtəlif ölkələrini dolaşan məşhur “Cücələrim” mahnısı Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblı tərəfindən ifa olunub, iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.