17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qədim Naxçıvan ölkəmizin alınmaz qalası, parlayan ulduzudur
Hər bir xalqın qədimliyini sübut edən onun mədəniyyəti, tarixi abidələridir. Naxçıvan ərazisində qədim Daş dövründən başlayaraq məskunlaşan insanlar burada zəngin mədəniyyət yaradıblar.
Qədim diyarın hər addımında ilk insanların yaşadıqları mağaralara, yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, qayaüstü təsvirlərə, daş qoç heykəllərə, türbələrə, bir sözlə, nadir maddi-mədəniyyət nümunələrinə rast gəlmək mümkündür. Yaşı, yaranma tarixi min illərlə ölçülən Qazma, Əshabi-Kəhf, Daş qala və Kilit mağaraları Daş dövrü mədəniyyəti qalıqlarını bu gün də yaşatmaqdadır. Nuhun yadigarı olan Gəmiqayadakı qayaüstü rəsmlər eradan əvvəl IV-I minilliklərdə xalqımızın bədii təfəkkürünü, adət-ənənələrini, estetik-fəlsəfi baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli təsvirlər qalereyasıdır.
Dağların ucalığından, məğrurluğundan qidalanan Araz çayı boyunca irəlilədikcə bu yurdda ucaldılan saysız-hesabsız möhtəşəm abidələrin şahidi olursan. XII əsrdə böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin Atabəy Eldənizin xanımı Möminə xatının şərəfinə ucaltdığı türbə Şərq memarlığı tarixində qızıl səhifədir. Yüz illər boyunca bu qızıl səhifə səyyahları, salnaməçiləri, Monpere, Fren, Yakobstal kimi məşhur memar və şərqşünasları düşündürüb. Möminə xatın həm də qadın, ana adının ucalığında dayanan zərif bir məhəbbət əfsanəsi, sevgi dastanıdır. Ona görə də akademik Alpatov “Ümumdünya incəsənəti tarixi” adlı monoqrafiyasında Möminə xatın türbəsini monumentallıqla zərifliyin möcüzəsi adlandırıb və memarlıq tarixində tutduğu mövqeyi yüksək qiymətləndirərək yazıb: “Belə qeyri-adi memarlıq duyğusuna, kompozisiyasının klassik kamilliyinə və işlənməsinə görə XII əsrdə Avropada belə abidəyə təsadüf etmək mümkün deyil. Naxçıvan türbəsindən klassik Şərq ədəbiyyatının ən yaxşı əsərləri, Firdovsinin “Şahnamə” epopeyasında, Nizaminin “Leyli və Məcnun” poemasında olduğu kimi insanpərvərlik nəfəsi gəlir”.
Möminə xatın türbəsində əks olunan Əcəmi sənətkarlığından danışan tədqiqatçılar həmişə Nizamini xatırlayıb, “Xəmsə” ucalığına üz tutublar. Yazıçı-publisist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Sadıq Elcanlı “Arazboyu abidələr – yaddaşımızın heykəlləri” məqaləsində yazır: “Dahi Nizaminin sözlə yaratdığını Əcəmi daşlarda yaradıb. Nizaminin söz duyğusu ilə Əcəminin daş duyğusu XII yüzillikdə torpaqlarımızda, qəlbimizdə elə pöhrələyib, elə yüksəlib ki, dünyanın hər tərəfindən görünüb, seçilib”.
Qədim köklərə, ulu qaynaqlara malik Naxçıvan memarlıq məktəbi XII əsrdə inkişaf edərək əsl sənət zirvəsinə ucalıb. Bu dövrdə yaradılan xatirə-memorial səciyyəli abidələr monumental biçimi, zəngin həndəsi naxışlar sistemi, simvolik kompozisiya bütövlüyü ilə seçilir. Riyazi dəqiqliyi, poetik ahəngdarlığı, mifik-fantastik obrazlılığı, heyrət doğuran naxışlar kompozisiyasının tamamlanmasında memar fikrinin açılması mühüm rol oynayır. Əcəmi qüdrətinin bəhrəsi olan Yusif Küseyiroğlu, Xaraba Gilan türbələri, Naxçıvan Cümə məscidi, eləcə də başqa abidələr də belə yüksək sənətkarlıq məziyyətləri ilə seçilir, memarlıq tarixində yeni bir yolun formalaşmasından, yüksək sənət zirvələri fəth edilməsindən xəbər verir. Qədim qala divarları, daş sədlər, bürclər, səmanın qəlbini dələn minarələr xalqımızın əyilməz vüqarı kimi yüksəlir.
Naxçıvan şəhərində təkcə müdafiə məqsədilə deyil, həm də bu tarixi ərazidə formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilən Naxçıvanqala bu gün əsaslı təmir olunub və qala divarları sanki bir əsgər kimi bu yurdun keşiyini çəkir. Dil açıb uzaq-uzaq tarixdən söz salıb, yurdumuzun şərəfli keçmişindən danışır.
Əlincəçayın sahilində ucalan, 14 il qüdrətli Teymur qoşunlarına əyilməyən Babək inadlı məğrur Əlincə qalası, Əlincə çayının sahilində orta əsrlər abidəsi olan Xanəgah türbəsi ilə ürək söhbətinə daldıqca qəlbimizdə həzin duyğular baş qaldırır. Hürufilik təriqətinin banisi Fəzlullah Nəiminin əsarətə və cəhalətə qarşı üsyan səsi eşidilir.
XIII yüzilliyin əvvəllərində Culfa yaxınlığında ucaldılan Gülüstan türbəsi xüsusilə diqqət çəkir. Əcəmi ənənələrini davam etdirən bu nadir sənət incisi naxış kompozisiyasının kamilliyi, özünəməxsusluğu ilə heyrət doğurur.
Orta əsrlər Azərbaycan tarixinin əvəzsiz yadigarı olan Qarabağlar türbəsi memarlığımızda yeni nəfəsdir. Bu orijinal sənət əsəri kompozisiya dinamikliyi, monomentallığı, işıqlı və zərif naxışları, dekorativliyə ciddi meyli ilə sənətşünasları həmişə düşündürüb. Nəsimi dövrünün daş kitabəsi olan türbə göz önündə vərəqləndikcə ötənlərdən-keçənlərdən danışır, yaddaşımızda sirli xatirələr oyadır.
Naxçıvana kimin ayağı dəyirsə ilk ifadələri bu olur: Yurdunuz memarlıq muzeyidir. Türbələr, məscidlər, Əlincə qüdrətli qalalar. Xudafərin ümidli körpülər, XII-XIV əsrləri əhatə edən qədim buzxanalar, karvansaralar... Yaddaşımızın heykəlləri olan bu abidələrlə göz-gözə dayananda miniatür qəlbli, xalça duyğulu naxışlarına, rənglərinə baxanda yüz illərin, min illərin xatirəsinə dalırsan.
Naxçıvan şəhərindən, təqribən, 12 kilometr aralı, “Qurani-Kərim”də adıçəkilən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi xalqın qəlbindən, inancından güc alıb. Bu yer yüz illər boyunca insanlara kömək olub, yolçulara sinəsindən yol verib.
Ümumiyyətlə, muxtar respublikada Sədərəkdən Ordubada doğru irəlilədikcə çoxsaylı abidələrlə tanış olursan. Bu sənət incilərinin hər biri bir salnamə, çalınan cəngi kimi məğrur, muğam kimi düşüncəli abidələrdir. Yurdumuzun daş yaddaşı, sevgimizin, duyğumuzun daş heykəlləridir. Bu abidələr min illər boyunca torpağımızdan, qəlbimizdən boy verib ucalıb. Sevgimizin heykəli olub. Taleyimizə yazılan nəğmələr kimi oxunub və bu gün də oxunmaqdadır.
Emtv.az