SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ey könül mülkünün barı Naxçıvan...

2-11-2016, 09:45 | Oxunub: 13 710 |

Ey könül mülkünün barı Naxçıvan...Naxçıvanın hər qarışı gəzdikcə görməli, gördükcə gəzməlidir. Nə yalan deyim, Naxçıvanı gəzib mədəni-tarixi abidələrini gördükcə, bizi bu qədim diyardan bir neçə saatdan sonra ayıracaq səfər biletimizin vaxtını dəyişmək, ən azından bu tarixi torpaqda bir gün də artıq qalmaq keçirdi içimdən. Kaş ki təyyarə reysimiz hava şəraiti üzündən təxirə düşəydi, kaş ki Naxçıvanın mədəni-tarixi abidələrini görmək üçün tələsmədən, qarış-qarış gəzəydik bu diyarı deyirəm ürəyimdə… Hərdən özümü də bu yay məzuniyyət müddətimi Naxçıvanda keçirmədiyim üçün qınayıram. Amma bilmirdim axı Naxçıvanın hər addımında tarixə boylanmağın mümkün olduğunu… Bilmirdim axı bu qədim diyarın keçmişimizin bizə miras qoyduğu, yüzillikləri özündə yaşadan canlı tarix olduğunu… Elə ürəyimdə götür-qoy edə-edə bir də gördüm ki, artıq hələ kitablarda möhtəşəm görünüşü ilə məni heyrətləndirən Möminə xatın türbəsinə gəlib çatmışıq.



Qoç heykəllər, daş kitabələr – 169 maddi-mədəniyyət nümunəsi bir muzeydə…

Bakıdan səfərə gələn 20 KİV rəhbəri ilə birgə Möminə xatın türbəsinə bizi aparan bağın içərisində ulu öndərin büstü önündə xatirə şəkli çəkdirdikdən sonra türbənin qarşısındakı Açıq Səma Altında Muzeylə də tanış oluruq. Burada bizə məlumat verilir ki, muzey 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunubdur. “Əcəmi” seyrəngahında yerləşən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sənduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir. Ərazidə Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Möminə xatın türbəsi də yerləşir. Açıq Səma Altında Muzeydə olarkən buradakı qoç heykəllərlə bağlı maraqlı məlumat da əldə etdim. Sən demə, keçmiş dövrlərdə dünyasını dəyişən insanın məzarı üzərinə indiki kimi dəbdəbəli və bahalı məzardaşı yox, elə bu qoç heykəlləri qoyarmışlar. Həmin heykəllərin üzərinə isə dünyasını dəyişən insanın hansı peşə sahibi olduğunu əks etdirən şəkil çəkilərmiş…

Şərq memarlığı incisi olan Möminə xatın türbəsində…

Budur, artıq Naxçıvanın tarixi-memarlıq incisi sayılan Möminə xatın türbəsindəyik. Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatın türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Deyərdim ki, bu əsər Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biridir. Burada qonaqlara məlumat verildi ki, türbə 1186-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin qərb hissəsində tikilib. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə xatının qəbri üzərində məqbərə yaradılmasına qərar verib. Bu möhtəşəm sənət əsəri elin yaddaşında “Atabəy günbəzi” adı ilə qalıbdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıbdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.
Türbə yeraltı sərdabə və yerüstü hissələrdən ibarətdir. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Möminə xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunubdur. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə sovetlər dövründə oğurlanıb aparılıbdır. 2003-cü ildə sərdabədə qiymətli daşlardan nəfis şəkildə əsaslı bərpa işləri aparılıbdır. Türbənin yerüstü hissəsi xaricdən on­üzlü bütün tərəfləri kufi kitabələrlə haşiyələnibdir, daxildən isə dairəvidir. Günbəzin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth iki yerə bölünüb, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində isə ornamental bəzəklər verilibdir. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baştağdan yuxarıda həkk edilibdir. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir. XIX əsrə aid rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, Möminə xatın türbəsinin yanında monumental tikililər, o cümlədən Came məscidi olubdur.

XVIII əsrin yadigarı – Xan sarayı...

Möminə xatın türbəsində xatirə kitabına ürək sözlərimizi yazdıqdan sonra yollanırıq Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Xan sarayına… Qeyd edim ki, türbə ilə Xan sarayını cəmi 40-50 metr məsafə ayırır. Burada öyrənirik ki, Şərq memarlıq üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olubdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kalbalı xan Kəngərli tikdiribdir. Abidə 3600 m2 sahəsi olan saray kompleksinin qərbində, Xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilibdir. Bina ikimərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatmatağlı dəhlizlərdən olub. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlərə pilləkənlərlə qalxılır. Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunubdur. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş. Xan sarayı 2015-ci ildən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir. Burada Naxçıvan xanları ailəsinə mənsub sənəd və fotoşəkillər, xanlıqlar dövrü tarixini əks etdirən orijinal mənbələr, həmçinin həmin dövrə aid misgərlik nümunələri və digər dəyərli muzey materialları mühafizə olunaraq nümayiş etdirilir. Xan sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina da var. Onu da öyrəndik ki, muzeydə 900-dən artıq eksponat saxlanılır.

Bayraq meydanından açılan gözəl mənzərə – bir ucu Araz çayı, bir yanı Ağrı dağı...

Tarixi özündə yaşadan bu abidələrə baxışdan sonra yolumuzu salırıq Naxçıvanın müxtəlif dövrlərinə aid bayraqlarının qorunub saxlandığı Dövlət Bayrağı Meydanı və Muzeyinə. Qeyd edək ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılaraq 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Bayraq Muzeyindən Naxçıvanın gözoxşayan mənzərəsi adamı baxdıqca valeh edir. Buradan Araz çayına, Ağrı dağına gözəl bir mənzərə açılır. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Burada bizə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar verildi.

Qala divarlarının sehrində – Naxçıvanqalada...

İndi yolumuz Naxçıvanın cənub-şərqində yerləşən qədim arxeoloji abidəyə – Naxçıvanqalayadır. Bura getməyimizin iki səbəbi var. Həm bu tarixi canlı seyr etmək, həm də burada keçirilən bal festivalında iştirak etmək. Biz Naxçıvanqalaya çatanda cəngi musiqisinin sədası ətrafa yayılmışdı. Hava yağışlı olsa da, bura bal almağa gələnlərin sayı kifayət qədər çox idi. Naxçıvan öz balı ilə məşhur olduğundan buradan qonaqlar arasından bal almamış geri qayıdan da az oldu. Öz qala divarları ilə qonaqları heyran qoyan Naxçıvanqalanın inşa tarixi 632-652-ci illərə aid edilir. 1957-1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunubdur. Arxeoloji tədqiqatlardan məlumdur ki, belə daş gürzlərdən Tunc dövründə eramızdan əvvəl 3-2-ci minilliklərdə duz mədənlərində istifadə olunub. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqol işğalçıları qalanı dağıdıblar. Həmin qalanı sonralar Naxçıvanda olmuş fransız səyyah Şarden və Frehanq da əsərlərində xatırladırlar. Qala XIX əsrədək fəaliyyətdə olubdur. 1827-ci il planında bu qala sxematik qeyd olunubdur.
Plana əsasən, qala iki hissədən – Kiçikqala-Narınqala və Böyükqaladan ibarətdir. Narınqalanın cənub-qərbində 300 nəfərin qoruna biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, çox güman ki, qaladan, təxminən, 2 kilometr aralı məsafədə axan Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Naxçıvanqalanın bərpasına 2010-cu ildən başlanılıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 2013-cü il 5 iyun tarixdə Sərəncam imzalayıb. 2014-cü il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olub. Naxçıvana gəlmişkən Nuhun məqbərəsini də ziyarət etmək fürsətini qaçırmaq istəmədim. Burada öyrəndim ki, türbə Naxçıvan şəhərinin cənub tərəfində memarlıq abidəsidir. Sən demə, K.A.Nikitinin “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı məqaləsində Həzrəti Nuh Peyğəmbərin buradakı məzarı və türbəsi təsvir olunub: “Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi VIII yüzillikdə bərpa edilibdir. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılıbdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə, həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılmış, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulubdur”. Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkib. Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr var. Əfsanəyə görə, dünya tufanı zamanı Həzrəti Nuh Peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki Haçadağa toxunaraq Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salıb. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə “Nəbi yurdu” adlanan yaylaq yerinin və yaxınlıqda “Nuh­daban” adlanan qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat veriblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunaraq ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıbdır.

Məmməd Arazı onun doğum günündə öz torpağında anmaq da varmış qismətdə…

Naxçıvana gələsən, bu gözəl diyarın yetirməsi olan Xalq şairi Məmməd Arazı ziyarət etməyəsən. Həm də onun doğum günündə. Bəlkə də, Məmməd Arazı sevənlər arasında elə ən şanslısı biz idik. Hamı bu gün Məmməd Arazı anmaq üçün Bakıda onun məzarını ziyarət üçün Fəxri xiyabana toplaşsa da, biz Xalq şairini onun dünyaya göz açdığı Şahbuzun Nursu kəndində anmağa yollanırdıq. Şairin sevimli kürəkəni, millət vəkili Aqil Abbasın müşayiəti ilə… Yolboyu diqqətimizi çəkən əsas məqamlardan biri də Şahbuzun kənd­lərinə bizi aparan yolların abad olması, kəndlərə təbii qaz xətlərinin çəkilişi, hər kənddə müasir məktəb, tibb məntəqəsinin olması idi. Aqil Abbasın duzlu-məzəli söhbətlərinə qulaq asa-asa, onun Məmməd Arazla bağlı xatirələrini dinləyə-dinləyə mənzil başına çatdıq. Budur, artıq şairin doğulduğu torpaqdayıq. ­2014-cü ildə istifadəyə verilən bu ev-muzeyində Məmməd Arazı yaşadan o qədər xatirə vardı ki… Onun əlyazmalarından tutmuş geyindiyi kostyuma, gənclik illərinə dair fotolarına, iş stoluna qədər hər bir əşya xalqın sevimli şairindən bizə qalan xatirə idi… Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyev də Məmməd Araz yaradıcılığını yüksək qiymətləndirib. Prezident İlham Əliyev Məmməd Arazın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini yüksək dəyərləndirərək demişdir: “Ana dilinin bütün incəliklərini özündə toplamış Məmməd Araz poetik irsi gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir”. Bəli, Məmməd Arazın yazdığı hər misrada dilimizin incəliyi, zənginliyi hiss olunur. Bəlkə də, ona görə də artıq el arasında belə bir deyim formalaşıb: “Məmməd Araz bu xalq üçün elə Azərbaycan deməkdir”.
Vətən mənə oğul desə,
nə dərdim,
Mamır olub qayasında bitərdim… kimi məşhur misraların müəllifi olan Məmməd Araz bu gün də xalqın ürəyində vətənpərvər şair kimi yaşayır. Şairin ev-muzeyindən, onun dünyaya göz açdığı torpaqdan ayrılıb şəhərə doğru yol alırıq.

Görüşənədək Naxçıvan, qədim diyar...

Bu, Naxçıvanda ziyarət etdiyimiz son məkan idi. İndi bizi bu qədim diyardan ayırmağa sayılı saatlar qalmışdı. “Təbriz” mehmanxanasına çatanda artıq saat 1800 idi. İki gün ərzində Naxçıvanda xeyli sayda mədəni-tarixi abidəni ziyarət etsək də, görmədiyimiz görməli yerlər də qalmışdı. Bura Qazançıqala, Fərhad evi, Yusif Küseyir oğlu türbəsi, Qarabağlar türbəsi, Xanəgah Abidə Kompleksi, Ordubad buzxanası, Qazançı körpüsü, Qeysəriyyə memarlıq abidəsi, “İsmayılxan” hamamı kimi yerlər daxildir. Amma biz bu qədim diyarı biryolluq yox, bir də gəlmək, bu səfərimizdə gəlib gəzə bilmədiyimiz yerləri gələn səfər görmək arzusu ilə tərk edirdik. Bu səfərimizdə Naxçıvandan yüksək təəssüratlarla ayrılırdıq. Ona da ümid edirdik ki, Naxçıvan səfərimiz öz zəngin tarixi irsi, qonaqpərvərliyi ilə bizim yaddaşlarımızda iz qoyduğu kimi, media ilə əməkdaşlığın genişləndirilməsinə də yeni bir yol açacaq...
Ey könül mülkünün barı Naxçıvan...
Ey könül mülkünün barı Naxçıvan...

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR