17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan-Əlincə turizm marşrutu
Əlincə qalası və bütövlükdə, qalanın ətrafı, Əlincəçay vadisi müxtəlif tarixi yer, hadisə və şəxsiyyətlərin həyatı ilə bağlı çox maraqlı faktlarla zəngindir. Turizm cazibədarlığı baxımından bunlara bir ehtiyat kimi yanaşılması və hər birinin ayrıca bir ekskursiya proqramı şəklində tanıdılması mümkündür.
Əlincəqala ilə tanışlıqdan sonra turistlərin təəssüratlarını daha da dərinləşdirəcək mühüm obyektlərdən biri Əlincəqalanın şərq tərəfində yerləşən, hazırda Xanəgah kəndinin əhalisi tərəfindən məscid kimi istifadə olunan türbə mühüm əhəmiyyət kəsb edir. Belə ki, qala və onun ətrafı haqqında mühüm yazılı mənbə kimi bu kitabə turistlərdə böyük maraq doğuracaq. Bu kitabədə əks olunan faktlar heyrət doğurucudur. Kitabə üzərində ərəb dilindəki yazılara əsasən, bu türbə XV əsrdə “Həqiqi” təxəllüsü ilə şeirlər yazmış Qaraqoyunlu hökmdarı Bahadır xan Cahanşahın dövründə Əlincəqalanın yadelli işğalçılardan müdafiəçilərinin xatirəsinə tikilib.
Naxçıvan Şərqin mühüm düşüncə mərkəzlərindən biridir. Qədim dövrlərdən burada yaşamış insanların haqq-ədalət mübarizəsi və dini-fəlsəfi cərəyanların təsiri ilə dünyaya baxışları əsasında formalaşmış Naxçıvan məktəbi keçmişdə olduğu kimi, bu gün də bəşəriyyətə və Yaradana sevgi, insana tolerantlıq hissləri ilə bütün dünyaya nümunə olmaqdadır. Bu baxımdan Əlincəqalanın ətrafındakı yaşayış məntəqələrində, xüsusən Xanəgah və Saltaq kəndləri ərazisində mövcud olmuş sufizmin izlərini özündə yaşadan kitabələr, habelə Xanəgah kəndindən 1 kilometr şərqdə yerləşən kompleksdəki yazılı mənbələr mühüm epiqrafik abidələr kimi turistlərdə də böyük maraq doğurur.
Əlincəçay vadisi orta əsrlərdə mühüm ticarət yollarının keçdiyi məkan olub. Əlincəyə gələn turistlər qədim tarixi mənbələrlə üzbəüz tanış olduqca Əlincəqala və ətrafındakı zənginliklərin mədəniyyətlərarası dialoq üçün nə qədər zəngin əhəmiyyət daşıdığına şahid olacaqlar. Şübhəsiz, burada minillik yaşı olan insan izləri, bizə miras qalmış maddi-mədəniyyət nümunələri, daş kitabələr, hidrotexniki qurğular və məişət əşyaları bugünkü nailiyyətlərimizin tarixi kökü və qədim əcdadı kimi hər birimiz üçün qiymətlidir. Bu baxımdan Əlincə xanəgahı ilə tanış olan turistlər görəcəklər ki, Xanəgah kompleksindəki türbə-məscid o dövrlərdə hansısa bir hökmdarın şöhrəti üçün tikilmiş sadə bir abidə deyildir. Qədim Şərqin təfəkkür mərkəzi kimi Naxçıvanda yaşamış fəzilət sahibi insanlara verilən qiymət hələ o vaxtlar cəmiyyətdəki sosial münasibətlərin əsas vektoru olub.
Dünya əhəmiyyətli bu abidənin də mühüm tarixi şəxsiyyətlərin adı ilə bağlı olması təsadüfi deyildir. O dövrə görə dərin dini-fəlsəfi fikirlərə əsaslanan hürufilik təliminin banisi, görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin müəllimi olmuş Fəzlullah Nəiminin burada dəfn olunması, sonradan buranın onun ardıcılları tərəfindən bir ziyarətgaha çevrilməsi turistlər üçün olduqca maraqlı faktlardır. Yaxud xanəgahdakı təqdimat zamanı bu gün hər saat onlarla, yüzlərlə insanın öldürüldüyü modern dünyadan fərqli olaraq, orta əsrlərdə bu torpaqlarda meydana gəlmiş hürufiliyə insanın Yaradana məxsus ən ali, ən kamil bir məxluq olduğunu və dolayısı ilə insan qanı tökən hər bir kəsin də Allaha qarşı günah işlətdiyini təbliğ edən bir təlim kimi yanaşılması buraya gəlmiş turistlər üçün çox düşündürücü olacaq.
Azərbaycan hələ qədim dövrlərdən dünyaya Günəş kimi işıq saçan elm adamları ilə tanınıb. Elmə və elm adamlarına olan dərin hörmət isə hələ orta əsrlərdə xalqımızın iqtisadi-mədəni həyatında mühüm münasibətlərdən biri olub. Xanəgahdakı abidələrlə, xüsusilə burada dəfn olunmuş Şeyx Hacı Lələ Məliyin qəbirüstü xatirə abidəsi ilə tanışlıq zamanı bu xüsusa diqqətləri cəlb olunan turistlər biləcəklər ki, hələ XV əsrdə Avropa cəmiyyətində qadının ən sadə insan hüquqları olmadığı bir vaxtda, həmin dövrdə burada yaşamış qadınlar cəmiyyətin tamhüquqlu üzvü olublar. Yuxarıda adıçəkilən sufi şeyxinin xanımı olmuş və ərinin xatirəsinə möhtəşəm türbə-məscid inşa etdirmiş Həvva Bədr Bikə xanım haqqında əcnəbi turistlərə danışdıqca, şübhəsiz, onların əksəriyyəti dünyanı yenidən kəşf etmiş kimi dərin təəssürat alacaqlar.
Əlincəqala eyni zamanda xalqımızın dövlətçilik tarixində mühüm yer tutan, onun qəhrəmanlıq mübarizəsini, bütün çətinliklərə qarşı elbirliyi ilə necə sinə gərməyin və keçmişə sahib çıxmağın canlı örnəyini göstərən dünya əhəmiyyətli bir abidədir. Bu baxımdan Əlincəqalanın bərpası olduqca əhəmiyyətlidir. XVI əsrin əvvəllərində yaranıb və 235 il davam etmiş Səfəvilər dövlətinin ilk illərində də Əlincəqalada bərpa və abadlıq işləri aparılmış, bir sıra memarlıq abidələri – bürc, darvaza, müdafiə istehkamları inşa edilmişdir. Əlincəqalanın cənub tərəfindəki Saltaq kənd məscidində bu mühüm tarixi faktı sübut edən və xalqımızın tarixində mühüm yer tutan I Şah İsmayılın da adının çəkildiyi kitabə ilə tanışlıq bir daha sübut edir ki, Naxçıvan ərazisi tarix, mədəniyyət və tanışlıq-dərketmə məqsədilə səyahət edən hər bir turist üçün nə qədər cazibədar və əlverişli bir məkandır.
Turizm dünyaya səyahət edib dərin rekreasiya və tanışlıq təəssüratı almaq motivləri üzərində yaranıb inkişaf edən bir sahədir. Naxçıvan da bu aləmin bir hissəsi, ölkəmizi bütün dünyaya tanıdan əsrarəngiz tarixi hadisələrə, zəngin təbii-müalicəvi resurslara və müasir iqtisadi-mədəni inkişaf səviyyəsinə malik bir diyardır. Burada təcrübəli, tələbkar və turizm ehtiyatlarının təsir gücündən yaxşı başı çıxan turistlərlə bölüşüləcək çox zənginliklər vardır. Bunların bir qisminin üzə çıxarılması, onların potensialının qiymətləndirilməsi məqsədilə Naxçıvandan Əlincəyə qədər yola çıxıb gördüklərimizə, eşitdiklərimizə bir daha şahid olmaq istədik. Göründüyü kimi, burada hər şey əvvəlki kimi sadə, gözəl, orijinal və toxunulmazdır. Muxtar respublikamıza gələn və bundan sonra gələcək olan turistləri daha da təəccübləndirmək, onlarda vətənimiz haqqında daha dərin bir təəssürat yarada bilmək üçün yazdığımız Naxçıvan-Əlincə turizm marşrutu da bu fikirlər üzərində quruldu. Şübhəsiz, bu fikirlərimizə alternativ bir kompozisiya da mümkündür. Turizmin gücü də bundadır. Biz isə öz tərəfimizdən bu yazının ərsəyə gəlməsində dəyərli elmi fikirlərinə istinad etdiyimiz AMEA Naxçıvan Bölməsinin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.