17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAXÇIVANLI SƏNƏTKARIN ƏL İŞİ MƏHŞUR LUVR MUZEYİNDƏ
Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Qobustanın qaya təsvirləri, Qafqaz Albaniyasının bədii keramika və metal məmulatı, bədii şüşə və oyma, orta əsrlərdə dünya şöhrəti qazanmış Təbriz miniatür kaşı sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, şirli saxsı qablar, zərif oyma şəbəkələr və gözəl zərgərlik məmulatları - bütün bunlar bədii irsimizin çox zəngin olduğunun sübutudur.
"EMTV.az" xəbər verir ki, Bədii metal sənəti də bunlardan biridir. Tarixə nəzər salsaq görərik ki, metalişləmə sənətkarlığı sahəsində Azərbaycanın Beyləqan, Gəncə, Naxçıvan və Təbriz şəhərləri mühüm mərkəzlərdən sayılıb. Naxçıvan isə dünyanın ilk qədim metal (mis) işləmə ocaqlarından biridir. Orta əsrlərdə misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətlər xüsusilə vüsət almış, yüksək sənətkarlıq və zövq ilə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları geniş şöhrət qazanmışdır. Arxeoloji qazıntılar zamanı Naxçıvandan əldə olunan bir sıra sənət nümunələri bunu bir daha təsdiq edir. Aparılmış elmi araşdırmalar göstərmişdir ki, bədii metal nümunələri 6 texniki üsulda bəzədilirdi: döymə, basma, qara savad, şəbəkə, xətəmkarlıq, minaçılıq.
Naxçıvanın yerləşdiyi areal imkan verirdi ki, burada yaradılan sənətkarlıq məhsulları ticarət əlaqələri nəticəsində dünya bazarına çıxarılsın. Azərbaycan sənətkarlarının əsərlərinin Avropa, Asiya, Amerika qitəsindəki ölkələrin muzeylərinə yayılması da böyük tarixə malikdir. Onların bir çoxu ayrı-ayrı şəxslərdən alınmış, bəzilərini müxtəlif vaxtlarda ölkəmizdə olmuş əcnəbi səyyah, tacir, diplomat və alimlər aparmış, bir qismi qarət olunmuşdur.
Dünyanın bir çox muzeylərində ədəbi, tarixi əsərlərimizlə yanaşı, çox nadir sayılan gümüş, mis və bürüncdən düzəldilmiş bədii metal sənəti nümunələrimiz də vardır. Bunların içərisində bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab xüsusilə diqqəti cəlb edir. Bu sənət əsəri hazırda Luvr muzeyinin birinci mərtəbəsində Şərq incəsənətinə aid salonun tən ortasında, şüşə kolpak keçirilmiş hündür bir kətil üstündə nümayiş etdirilir. Gümüşlə işlənən naxışlara malik, uzun dimdikli quşa bənzər bu bürünc qabın orijinallığı tək onun formasında deyil, həm də bəzəklərindədir. 22 sm olan qabın üzərindəki bəzəklər üç müxtəlif ölçülü qurşaqlardan və onların aralarındakı boşluqlarda yerləşdirilmiş medalyonlardan ibarətdir. Döymə və cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər stilizə edilmiş nəbati ornament ünsürlərindən və yazı nümunələrindən quraşdırılmışdır. Bu yazıların birində onu yaradan ustanın - Osman Salman oğlu Naxçıvani adı verilmişdir.
Luvr muzeyində olduğumuzda oranın necə böyük tarixi özündə mühafizə etdiyinin şahidi olduq. Həmyerlimizin əsərinin orada qorunması təsadüfi deyil, bu, sənət əsərinin üslubunun orijinallığını və naxışların füsunkarlığına dəlalət edir.
Dünya şöhrətli Luvr muzeyində əsəri qorunan, dünyanın tamaşa etdiyi, təəssüf ki, haqqında az məlumata sahib olduğumuz Osman Salman oğlu Naxçıvani kimdir?
Bu haqda mənbələrdən oxuyuruq: rəssam, nəqqaş (XII əsr) Osman ibn Salman Naxçıvani bədii metal ustası olmuşdur. O, incə naxışlı zərif qablar hazırlamaqla məşğul olmuş, bu sahədə tanınmışdır. Ona məxsus olan Naxçıvan bürünc dolçası Beyləqandan tapılıb. Qaynaqlarda XII əsrdə və XIII əsrin əvvəllərində Beyləqanın Yaxın Şərqin məşhur sənətkarlıq, ticarət və mədəniyyət mərkəzinə çevrilməsi ilə bağlı xeyli məlumatlar var. Naxçıvan dolçasının orada tapılmasının səbəbini bu tarixi fakt bir daha sübüt edir.
Nərgiz İSMAYILOVA,
Naxçıvan