Naxçıvan Dövlət Universiteti milli reytinq tədqiqatlarının nəticələrinə əsasən birinci yerə layiq görülüb
22-05-2017, 11:09 | Oxunub: 10 883 |
Ali məktəblərdə tədrisin keyfiyyətini qiymətləndirmək məqsədi ilə aparılan milli reytinq tədqiqatlarının nəticələrinə əsasən, Naxçıvan Dövlət Universiteti ali məktəblərin 2015-2016-cı ilin göstəricilərinə görə 827 balla Azərbaycanda fəaliyyət göstərən 19 dövlət, 9 qeyri-dövlət ali təhsil müəssisəsi arasında birinci yerə layiq görülüb.Emtv.az azərtac-a iatinadən xəbər verir ki, mayın 20-də Naxçıvan Dövlət Universitetində bu münasibətlə tədbir keçirilib.Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək qeyd edib ki, Naxçıvan Dövlət Universiteti Azərbaycanın ali təhsil ailəsinin öndə gedən üzvlərindən biridir. Azərbaycanda ən böyük universitet şəhərciyi olan bu ali təhsil ocağının 108 hektarlıq ərazisində yeni tikilmiş, ən son texnoloji avadanlıqlarla təchiz olunmuş və yüksək maddi-texniki bazaya malik 16 tədris korpusu fəaliyyət göstərir. 82-dən çox dünya universiteti ilə elm və təhsil sahəsində əməkdaşlıq müqaviləsi olan universitet 2011-ci ildən “Erasmus Mundus” və “Erasmus Humeria” layihələrinə qoşulub. Naxçıvan Dövlət Universiteti, həmçinin 7 “Tempus” layihəsinin də iştirakçısıdır.Naxçıvan Muxtar Respublikasında elm və təhsilə göstərilən dövlət qayğısından danışan Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında birinci yerə layiq görülməsi münasibətlə professor-müəllim heyətini təbrik edib.Universitetin tədris işləri üzrə prorektoru Surə Seyid ali məktəblərdə tədrisin keyfiyyətini qiymətləndirmək məqsədi ilə aparılan milli reytinq tədqiqatları haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, tədqiqatların aparılmasının əsas məqsədi qərar qəbul etmək üçün ictimaiyyətə informasiyanın təqdim edilməsinə, ali təhsil müəssisələrinin inkişafının stimullaşdırılmasına və bu sahədə rəqabət mühitinin yaradılmasına kömək etməkdən, ali məktəblərdə daxili keyfiyyətə nəzarət mərkəzlərinin yaradılmasına və inkişafına təkan verməkdən ibarətdir. Reytinqin aparılması üçün 3 kateqoriya müəyyən edilib. Birinci kateqoriyada ali məktəbin akademik resursları, ikincidə ali məktəbin daxildən müəllimlər və tələbələr, üçüncüdə isə ali məktəbin ölkə ictimaiyyəti, mərkəzi və regional icra orqanları, böyük, orta və kiçik kompaniyalar tərəfindən qiymətləndirilməsidir. Surə Seyid hər üç kateqoriya haqqında ətraflı məlumat verərək, Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi layihəsinin beynəlxalq təcrübəyə və metodlara əsaslanan genişmiqyaslı layihə olduğunu bildirib.Universitetin kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Əliyev “Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin səviyyəsi”, sosial idarəetmə və hüquq fakültəsinin 4-cü kurs tələbəsi Surə Qurbanova “Naxçıvan Dövlət Universitetində tələbə-gənclərə göstərilən qayğının təzahürü” mövzularında çıxış ediblər.Rektor Saleh Məhərrəmov iclasa yekun vuraraq qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti bundan sonra da ölkəmizdə yüksəkixtisaslı kadr potensialının formalaşmasına öz töhfəsini verəcək.Emtv.az
OXŞAR XƏBƏRLƏR