17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Muxtar respublikanın ictimai həyatında fərqlənən gənclər mükafatlandırılıblar
Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, muxtar respublikanın Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə aparıcılar muxtar respublika əhalisinin 30 faizdən çox hissəsinin gənclər olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu gün qədim diyarda aparılan siyasət nəticəsində gənclərin dövlət idarəetmə orqanlarında, o cümlədən cəmiyyətin bütün aparıcı sahələrində təmsil olunması diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxışında bu il muxtar respublikamızda idman və gənclərlə iş sahələrində həyata keçirilən tədbirlərdən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib. Bildirib ki, tezliklə daha bir təqvim ili tarixin əlamətdar səhifələrindən birinə çevriləcək. Sevindirici haldır ki, yola saldığımız 2016-cı ili də respublikamız üçün çox uğurlu il kimi qiymətləndirmək olar. Məhz bu ildə ölkəmiz həm ictimai-siyasi, həm də sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərlə dünya ölkələri sırasındakı mövqeyini daha da möhkəmləndirib.
Azad Cabbarov diqqətə çatdırıb ki, ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə qeyd olunan bu tarix dünya azərbaycanlılarını vahid Vətəni – Azərbaycan Respublikasının ictimai-siyasi maraqları ilə bir olmağa, həmrəyliyə çağırış bayramıdır. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə Vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən rəğbətlə qeyd olunur.
“Muxtar respublikamızda da bu bayram geniş şəkildə qeyd edilir, bu gün münasibətilə bayram tədbirləri təşkil olunur, muxtar respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən gənclərimizin fəaliyyəti dövlətimiz tərəfindən mükafatlandırılır”, - deyən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib, gənclərin hərtərəfli inkişafı sahəsində ardıcıl tədbirlər görülüb. Müasir dövrdə isə bir tərəfdən Naxçıvanın qədim tarixi tədqiq edilir, abidələri bərpa olunursa, digər tərəfdən bu mənəvi sərvətlərə, milli dəyərlərə sahib çıxacaq gənclər formalaşdırılır.
Vurğulanıb ki, dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın həyatında fəal iştirakı, gənc istedadların dövlət qayğısı ilə əhatə olunması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin tərkib hissəsidir. Muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda yetişdirilməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği daim diqqət mərkəzindədir.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu bu ilin ötən dövrü ərzində həyata keçirilən layihələrdə gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması və müxtəlif layihələrdə birgə iştiraklarını ön plana çəkib, aidiyyəti qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirib” – deyən Məmməd Babayev qeyd edib ki, bu il muxtar respublikanın Gənclər Fondu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu ilə birlikdə “Naxçıvan: dünən və bu gün” mövzusunda yaradıcılıq müsabiqəsi elan edib. Publisistika və teleradio materialları, rəsm əsərləri, ədəbi nümunələr, musiqi əsərləri və elmi-tədqiqat işləri kateqoriyalarında keçirilən yaradıcılıq müsabiqəsi noyabrın 30-na qədər davam edib. Qaliblər dekabrın 16-da keçirilən tədbirdə mükafatlandırılıblar. Bu ilin ötən dövrü ərzində keçirilən müxtəlif layihələrdə, yaradıcılıq müsabiqələrində və bilik yarışlarında muxtar respublika üzrə 8 minə yaxın gənc iştirak edib, 400-ə yaxın gənc isə mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru bundan sonra da gənclərlə bağlı layihələrin diqqətdə saxlanılacağını bildirib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb.
Gənclər adından çıxış edən Naxçıvan Dövlət Universitetinin tələbəsi Aysu Məmmədova ölkəmizdə, eləcə də muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Gənclər adından muxtar respublika rəhbərinə minnətdarlığını ifadə edən Aysu Məmmədova naxçıvanlı gənclərin bundan sonra da davamlı inkişafımız naminə yorulmadan çalışacaqlarını bildirib.
Tədbirin simvolu sayılan tortu kəsmək üçün Şaxta baba və Qar qız, həmçinin gənclər səhnəyə dəvət olunublar.
Sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Azərtac-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun əməkdaşı Tural Ağayev ilin fəal jurnalisti kimi mükafata layiq görülüb.
Bayram tədbiri musiqi və rəqs nömrələri ilə davam edib. Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental ansamblının ifasında mahnılar səsləndirilib. Naxçıvan Dövlət Filarmoniyasının və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yeniyetmələrdən ibarət rəqs qruplarının çıxışları olub. Ölkəmizin, o cümlədən muxtar respublikanın tanınmış müğənnilərinin ifasında səsləndirilən musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb. Azərbaycan Respublikasının Əməkdar Artisti İlkin Əhmədovun və müğənni Gülay Zeynalovanın ifaları alqışlarla qarşılanıb.
Sonra tədbir çay süfrəsi ətrafında davam edib.
Emtv.az