17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DÖVLƏT MÜƏSSİSƏLƏRİNİ GİZLİNCƏ SATIBLAR, YOXSA?… – Deputatın 673 milyonluq açıqlamasının pərdəarxası
Səhmləri 100 faiz dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) direktoru, deputat Kamran Nəbizadə bir illik fəaliyyətlərinə dair hesabat verərkən deyib ki, qurumun nəzdində qeyri-neft sektorunun müxtəlif sahələrinə aid 17 müəssisənin aktivlərinin ümumi bazar dəyəri 673 milyon manat təşkil edir. Lakin bu sayda zavod və fabrik üçün söylənən rəqəm olduqca xırdadır – orta hesabla hər müəssisəyə 39,6 milyon manata yaxın dəyər deməkdir.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) həbsdə oluna keçmiş sədri Cahangir Hacıyev məhkəmədə bildirib ki, ASK-nın tərkibinə verilən 17 zavod və fabrikin dəyəri 673 milyon manatdan qat-qat artıqdır. “Halbuki bu layihələrə verilən faizsiz kreditlərin məbləği bundan qat-qat artıqdır”, – C.Hacıyev vurğulayıb.
Bundan əvvəlki araşdırma yazısında göstərmişdik ki, “ASK”ın balansına verilmiş müəssisələrdən yalnız biri olan “Azəralüminium” MMC-yə az qala bu qədər vəsait yatırılıb. Maliyyə əsasən avadanlıqların alınmasına, yenidənqurma işlərinə yönəldilib. Əmlaklar təbii ki, müəssisənin aktivlərinə oturub. Lakin bu MMC-nin aktivləri 40 milyon manatla qiymətləndirilirsə, ki bu vəsait real dəyərdən təqribən 10-12 dəfə azdır, o zaman qoyulan sərmayələr hesabına əldə edilən əmlaklar haradadır?
Digər müəssisələr də onun kimi. Bu müəssisələrə ümumilikdə bəlkə də milyarddan çox kredit yönəldilib, sərmayə qoyulub, para xərclənib. Hələ onların dağıdılan, axırına çıxılan nizamnamə kapitallarından danışmırıq. İçərilərində yüksək istehsal potensialına malik, nizamnamə kapitalı 100 milyonla ölçülən nəhəng zavod və fabriklər var.
Söylənən qiymətin sözügedən müəssisələrin real bazar dəyəri olması şübhə doğurur. Zaman-zaman mətbuatda dərc edilən qeyri-rəsmi məlumatlara görə, Beynəlxalq Bankın kreditləri ilə işləmiş müəssisələrdən satışa təkilf olunanların bəzilərinin qiyməti elə bu civarda müəyyənləşdirilib. Halbuki, hər müəssisəyə fərqli sərmayələr qoyulmuşdu, ancaq görünür yağmalanan əmlaklardan yerdə qalanları bir yerə toplayıb, müəssisə sayına bölüblər. Ona görə də hər biri elə bu qiymətə təklif olunur.
Hətta bir müəssisənin 40 milyonluq aktivi varsa, necə olur ki, onun nizamnamə kapitalı cəmi 100 manat təşkil edir? Görünən odur ki, qurulan istehsal sahələrinin Cahangir Hacıyevdən sonra dağıdıldığı barədə iddialar gerçəyi əks etdirir.
[
Bu dəyər dövlət əmlakları üzrə qiymətləndirmənin qeyri-obyektiv aparıldığını təsdiqləyir. “ASK“ ASC-dən bir müddət əvvəl şirkətlərin əmlakının bazar dəyərinə uyğun qiymətləndirilməsi məqsədilə elan edilən tenderdən vaz keçib, başqa yolla həll edəcəklərini bəyanladılar. İş-işdən keçəndən sonra da təşkilatın balansına verilən mülkiyyətin qiymətləndirilməsinə “Ernst&Young Holdings” və “KPMG Azerbaijan Limited” şirkətlərinin cəlb olunduğunu elan etdilər. Təşkilatlar seçim əsasında müəyyənləşmədiyinə görə dəqiq qymətləndirmənin nəticələrinin obyektivliyini şübhəyə almaq heç də əsassız sayılmaz.
ASK-nın direktoru, deputat K.Nəbizadə yerli KİV-ə müsahibəsində deyib ki, yeni qurulmuş müəssisələrdə hesabatlılıq yüksək səviyyədə olmalı, müasir tələblərə cavab verməlidir.
K.Nəbizadə: “Bu baxımdan maliyyə uçotu, maliyyə nəzarəti və maliyyə auditinin təşkili prioritet istiqamətlərdən biridir. Korporasiyanın nəzdində olan bir çox müəssisələrdə “1C8.3 Korporasiya” proqramının tətbiq olunması bu yöndə atılan addımlardan sayıla bilər. Hər hansı bir proqramın tətbiqi biznes proseslərinin təsvirini, onların təhlilini, yaxşılaşdırılmasını tələb edir və nəticədə sənəd dövriyyəsindəşəffaflığa nail olmaq imkanı yaradır. Bu mövzu ilə bağlı bizim üçün prioritet məsələlərdən biri olan müasir korporativ idarəetmə prinsipləridir. Korporasiyanın və onun törəmə müəssisələrinin strukturu, işçilərin vəzifələri, məsuliyyəti, hesabatlılığı həmin idarəetmə prinsipləri əsasında qurulmalıdır. Deyə bilərəm ki, biznes proseslərinin səmərəli təşkili təchizatdan başlayaraq satışa kimi yaxşılaşmaya doğru gedir və məsrəflərin azalması, daha səmərəli idarəetməüsullarının tətbiqi ilə nəticələnəcək”.
Əvvəla, keçən yazıda “Azəripək” MMC-də çalışan baramaçıların narahatçılığına toxunmuşduq. Bu sahədə uzun illər işləyən mütəxəssislərə görə, ipəyi xam, yaxud hazır məhsula çevrilmiş şəkildə xaricə satmaq mümkün deyil, çünki maya dəyəri dünya bazarındakından bahadır. Müəssisənin daimi fəaliyyəti və gəlirlə işləməsi üçün təklif edirdilər ki, əvvəlcə ipəyin maya dəyərini aşağı salmaq, sonra süni liflərdən parça toxunmasını bərpa etmək lazımdır. Bu fakt onu göstərir ki, məhsulun maya dəyərinin aşağı salınması üçün ortada xüsusi çalışmalar yoxdur.
Ya da maya dəyərini aşağı salmağı, baramaçılar demişkən, müəssisənin rəhbərliyi və məsul şəxslər hələ də anlamaqda çətinlik çəkirlər. Bu problem eyni zamanda kadr qıtlığı və təşkilatçılığın zəif olması məsələsinə diqqəti yönəltməyi zəruri edir.
Şəffaflığa və hesabatlılığa gəlincə, ərz edək ki, Korporasiya şəffaf və hesabatlı deyil. Ən azından ictimaiyyət qarşısında. Bəlkə də hökumətin ayrı-ayrı qurumlarına hesabat verirlər, bu, onların vəzifə borcudur. Lakin müəssisələrin maliyyə hesabatı dərc edilmir.
Cənab Nəbizadə aktivlərin ümumi qiymətindən başqa heç bir rəqəm açıqlamayıb, “ASK” ASC və onun tərkibində olan müəssisələrin gəlir və xərclər strukturuna dair hesabat verməyib. Əgər müəssisələrin səmərəliliyi artıbsa, istehsal da çoxalmalıdır və keçən müddətdə mənfəətə çıxmalı idilər. Danışıqlarından da belə anlaşılır ki, müəssisələr rentabellidir, amma iş hesabat verməyə gələndə, buna dair hər hansı rəqəm açıqlanmır. Maliyyə hesabatlarını mətbuatda dərc etməsələr də, bu sənədləri ən azından Korporasiyanın elektron resurslarında yerləşdirə bilərlər. Əgər çiyinlərinə götürdükləri işin məsuliyyətini gerçəkdən dərk etsələr.
İstehsal artıbsa, bəs mənfəət haradadır? Artıq birinci rüb başa çatır, “ASK” ASC maliyyə hesabatlarını dərc etməyib. “ASK” açıq səhmdar cəmiyyətidir, özünün də, bu müəssisələrin də (baxmayaraq ki, onlar MMC kimi yenidən qeydiyyatdan keçirib, amma dövlət müəssisələridir, şəxsi olmadığına görə də ictimaiyyətə açıq işləməlidirlər-red.) maliyyə hesabatlarını dərc etməlidir.
Mülki Məcəllənin 99-cu maddəsinə görə, açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını, habelə hesabat dövrü üzrə aşağıdakı sənədləri hamının tanış olması üçün hər il dərc etməyə borcludur:
– Maliyyə göstəriciləri; aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri; cəlb edilmiş maliyyə vəsaitləri; idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; idarəetmə strukturu; inkişaf siyasəti; səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; idarəetmə orqanlarının üzvlərinə verilən ödənişlər; investisiyaların həcmi və mənbəyi; cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; eləcə də ictimai layihələrini.
“Aqrarkredit” də ABB müəssisələrinə sahib çıxanda hesabat vermirdi, halbuki MM-in 99-cu maddəsi QSC-lərə də şamil edilir.
Şəffaflıq və hesabatlılığın olmadığı yerdə isə, bu müəssisələrin yüksək mənfəət göstərəcəyini gözləmək sadəlövhlük olar.
Azərbaycanda səhmləri 100 faiz dövlətə məxsus olan və gəlirlə işlədiyi şübhə doğurmayan hansı müəssisə mənfəət göstərir? Turniketləri pulla oynayan, lakin yenə gözü “dövlət baba”nın cibində olan “Metropoliten”? Yoxsa, əhalinin az qala aylıq maaşının yarısını ödədiyi, amma yenə də “acından günorta duran” “Azərenerji”? Ya da bəlkə bilet qiymətləri ceyranın belinə çıxan, işi rast gətirib hər il milyonlarla sərnişindaşımaya rəğmən yenə də hökumətin subsidiyaları ilə başını girləyən “AZAL”?
Bu müəssisələrin hansı maliyyə hesabatını dərc edir? Əvvəllər “Bakı Metropoliteni” QSC heç olmasa bir-iki maliyyə hesabatını elektron məlumat bazasında yerləşdirirdi. İndi onlar da çıxarılıb. Korporasiyanın aqibətinin də onlarınkı kimi olmayacağına kimsə zəmanət verə bilməz.
Bu müəssisələrin rentabelli olmaması mümkünsüzdür, çünki qısa müddətdə onlara yetərli qədər sərmayə yatırılıb. Bunu aparılan tender reyestrləri də sübut edir.
Cənab Nəbizadə verdiyi müsahibədə deyib ki, “korporasiyanın qarşısında duran əsas tələblərdən biri maliyyə axınları üzərində nəzarəti təmin etmək, proqnozların dəqiqliyini və investisiyaların səmərəliliyini artırmaqdır. Bu məqsədlə müəssisələrdə korporativ idarəetmə və hesabatlılıq sistemi qurulub”.
Bu hesabat necə və kimin qarşısında qurulub? Maliyyə Nazirliyinin, yoxsa İqtisadiyyat Nazirliyinin, ya da Hesablama Palatasının? Dövlətin bütün iqtisadi qurumları zatən bu təşkilatlara, onların arzuladıqları və tələb etdikləri vaxt hesabat verməli, bütün maliyyə sənədlərini qarşılarına qoymalıdırlar. Bu, o deməkdirmi ki, o təşkilatlar şəffaf və təmiz işləyirlər?
Demokratik ölkələrdə hesabat ilk növbədə xalqa verilir. Amma biz xalq olaraq Korporasiyanın saytını açanda o hesabatı görmürük. Fəaliyyət hesabatı başqadır, maliyyə hesabatı tam başqa, cənablar! Maliyyə hesabatı ilə tanış olmaqla, fəaliyyətə qiymət verilir.
Bu qədər sərmayə ayrılmasına baxmayaraq barəsində söhbət gedən istehsalçı müəssisələrin dünyaya çıxışını təmin edən rəsmi saytları belə mövcud deyil (vaxtilə bəzilərinin saytları var idi-red). Halbuki, istehsal olunan malların xaricə satıldığı iddia edilir.
Cahangir Hacıyevin Bankın mənfətti ilə bağlı məhkəmədə açıqladığı rəqəmlər ABB-nin son 4 il ərzində külli miqdarda borclandığını, zərərlə işlədiyini göstərir. “2014-cü ildə ABB ili 40 milyon manat xalis mənfəətlə başa vurub. Lakin 2015-ci ildə 823 milyon manat zərər, 2019-cu ildə isə 1.9 milyard manat zərərlə bitirib. Bank kapitalı 2014-cü ildə 708 milyon manat, 2015-ci ildə 521 milyon manat, 2016-cı ildə isə mənfi 401 milyon manat olub. Bu qədər zərəri banka kim vurub?”- deyə keçmiş sədr məhkəmədə suallar ünvanlayıb.
Nəhayət, “Beynəlxalq Bank işi”ndə “qurban” seçilən müəssisələrin bankdan nə qədər vəsait götürüb, qaytarmadıqları hansısa səbəbdən hələ indiyə qədər də açıqlanmır. Kim deyə bilər ki, bu müəssisələrin ABB-yə gerçəkdən də borcu vardı və ya olan borcu qaytarmaq niyyətində deyildilər?
Bəlkə onların banka borcları olmayıb, ya da kreditləri geriyə ödəmək qabiliyyətində idilər, çünki müəssisələrin hamısı işləkdi. Bəlli ki, kimlərinsə gözü bu müəssisələri çoxdan tutub. Xəsisliklə və olduqca ehtiyatla verilən informasiyalar və ən əsası da həmin şirkətlərə indi dolayısıyla sahiblənənlərin dövlət postlarında tutduqları mövqe baş verənləri bir qədər dərindən analiz etməyə əsas yaradır.
Fəaliyyət hesabatında cənab Nəbizadə cəmi 4-5 müəssisənin adını çəkir. Satınalmaların strukturunun təhlili də deməyə əsas verir ki, indiyə qədər yanız bu müəssisələrə vəsait ayrılıb, onlardan savayı heç birinə pul sərf edilmir.
Görünür, qurum 17 müəssisəni eyni vaxtda idarə etmək gücündə deyil. Ya da satmaq məqsədləri olduğu üçün, vəsait yatırmağa da tələsmirlər. Bəlkə də artıq gizlicə satılıb, necə deyərlər, bunun da səsi sonra çıxacaq, hər zamankı kimi…
Murad MƏMMƏDOV