“Polkovnik mənə söylədi ki, bu adam xarici ölkə vətəndaşıdır, dövlətimizin əleyhinə çıxdığına görə Ulu Öndər tərəfindən Azərbaycandan qovulmuşdur”
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifələrində çalışmış, hazırda da sənəd üzərində (!) FHN-də yüksək vəzifə tutan, nazir Kəmaləddin Heydərovun yaxın dostu olmuş Muradov Raqif Murad oğlu yerli mətbuatın vasitəsi ilə Prezident İlham Əliyevə ünvanlanmış müraciətini təqdim edib və çox ciddi, hətta dəhşət doğuran iddialarla çıxış edib.
Çox əhəmiyyətli vəzifələrdə çalışmış, mühüm məlumatlara malik olan Rafiq Muradovun sözün əsl mənasında şok təsiri yaradan açıqlamalarını hələlik bir kənara qoyub, onun Prezident İlham Əliyevə müraciətini heç bir şərh vermədən, olduğu kimi dərc edirik:
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev cənablarına
Ulu Öndərin 1998-ci ildə seçki qərargahının üzvü olmuş, uzun illər dövlət qulluğunda çalışan, dəfələrlə işində fərqləndiyinə görə fəxri fərmanla, Prezidentin “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş, dövlət qulluğunda baş dövlət müşaviri Muradov Raqif Murad oğlu tərəfindən
Müraciət
Cənab Prezident, son illərdə Sizin sosial, iqtisadi, məhkəmə-hüquq sistemində apardığınız islahatlar Azərbaycan xalqı tərəfindən çox müsbət qarşılanır. Bu islahatlar bütün sferaları əks etdirdiyinə görə cəmiyyətdə canlanma müşahidə olunur və müstəqil Azərbaycan dövlətinin daha da güclənməsi və xalqın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Dövlət qulluğunda uzun illər işləyən təcrübəli bir mütəxəssis kimi Sizə çatdırmağı özümə borc bilirəm ki, dövlətdə işləyən bütün məmurların iş fəaliyyətinin təmin edilməsi və işlərin icrası üçün kifayət qədər istinad edilməli qanunlar toplusu, Prezidentin və Nazirlər Kabinetinin sərəncam və qərarları var. Hər bir məmur bu normativ hüquqi sənədlərin icrasına tam əməl etmək ve sərəncamların icrasının təmin edilməsi üçün həddini aşmadan hər bir işə məsuliyyətlə yanaşması çox vacibdir.
Cənab Prezident, Sizin məhdud vaxtınızı aldığıma görə üzr istəyərək, yüksək ranqlı bəzi məmurların dövlətimizin adına yaraşmayan əməllərini Sizə çatdırmaq məcburiyyətindəyəm. Çox təəsüf edirəm ki, mənim bütün cəhdlərimə baxmayaraq, mətbuat vasitəsilə müraciət etməkdən başqa yolum qalmamışdır.
“Polkovnik mənə söylədi ki, bu adam dövlətimizin və müstəqilliyimizin əleyhinə çıxdığına görə…”
Cənab Prezident, mən son 15 ildir ki, Fövqəladə Hallar Nazirliyində rəis müavini, idarə rəisi, dövlət agentliyinin rəisi vəzifələrində çalışmışam. Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifəsində işləyərkən nazirin razılığı ilə agentliyin nəzdində təsərrüfat hesablı bir müəssisə açdıq. Nazirlikdən həmin müəssisəyə bir nəfər rəhbər göndərildi. İki il ərzində bankdan götürdüyümüz kredit hesabına 3.100.000 ədəd 67 çeşiddə dekorativ ağac yetişdirdik və təxminən ağacların beş faiz satışı ilə bank borclarını ödədik.
Təsadüfən həmin müəssisənin rəhbəri ilə bir məclisdə olarkən şəxsən tanıdığım xüsusi xidmət orqanlarında çalışmış ehtiyatda olan bir polkovnik məni bu adamla gördükdən sonra onu haradan tanıdığımı soruşdu. Mən həmin adamın bizimlə işlədiyi haqqında məlumat verdim. Polkovnik mənə söylədi ki, bu adam xarici ölkə vətəndaşıdır, dövlətimizin və müstəqilliyimizin əleyhinə çıxdığına (hara işlədiyi barədə məlumat verdi) görə Ulu Öndər tərəfindən Azərbaycandan qovulmuşdur və onun ölkəyə girişinə qəti qadağa qoyulmuşdur. Əlavə olaraq bildirdi ki, bu məsələyə ciddi yanaş və mənim dediklərimi dərhal və tam olaraq rəhbərliyinizə çatdır.
Mən aldığım bu informasiyanı dəqiqləşdirmək üçün həmin adamın özü ilə söhbət etdim. O, etiraf etdi ki, bəli, mənim səhvlərim olub, nəticədə atamı, qardaşımı itirmişəm, illər boyu Azərbaycandan didərgin düşmüşəm. Mən günahlarımın cəzasını çəkmişəm. Mən həmin adama söylədim ki, bu informasiyanı mən nazirə məruzə etməliyəm. O, xahiş etdi ki, mənə bir gün vaxt ver, mən bütün məsələləri nazirə özüm məruzə edim. Bir gün sonra mənə bildirdi ki, nazirlə görüşüm alınmadı (bu haqda dəqiq məlumatım yoxdur).
“Nazirlə görüşmək imkanlarım tam məhdudlaşdırıldı”
Mən, məcbur olub nazirin qəbuluna getdim. Lakin nazirin qəbuluna düşə bilmədim və bütün bu informasiyanı nazir müavininə (Birinci müavin Rafail Mirzəyev nəzərdə tutulur-Red.) məruzə etdim.
Bu hadisədən sonra, tez-tez görüşmək imkanım olan nazirlə görüşmək imkanlarım tam məhdudlaşdırıldı və artıq 5 ildir ki, nazirlə görüşə bilmirəm. Bütün bunlardan sonra özümün və ailə üzvlərimin faciəli günləri başladı. Həmin adama təcili olaraq ikili vətəndaşlıq verildi və o, Azərbaycan dövlət pasportu ilə təmin edildi. Sonradan agentliyin tabeçiliyində olan və həmin adamın rəhbərliyi altında fəaliyyət göstərən MMC-də maliyyə nöqsanlarına yol verildiyinə əsaslanaraq (Bu, böyük şər oyununun başlanğıcı idi) onu MMC rəisliyindən azad edib, dövlət qulluğuna işə götürərək, mənim yerimə agentliyin rəisi təyin etdilər (hansı qanun və ya hansı məntiqlə?).
Mən, Azərbaycan Respublikasının “Dövlət qulluğu” və “Korrupsiya Haqqında” qanunlarına zidd olaraq, başqa ölkə vətəndaşının dövlət qulluğuna götürülməsinin əleyhinə çıxış etdim və ölkənin ən ciddi strateji obyektlərinə nəzarətin xarici ölkə vətəndaşına həvalə edilməsinin yolverilməz olduğunu bildirdim. Bu etirazımdan sonra məni nazirlikdə idarə rəisi vəzifəsinə təyin etdilər və söylədilər ki, işə çıxmaya bilərsən, lakin əmək haqqını alacaqsan.
“Nazir müavini bildirdi ki, sifarişi mən vermişəm və bu bir səhv idi”Bu hadisədən sonra bu məlumatı mən digər nazir müavinlərinə və baş idarə rəislərinə çatdırdım.
Cavab bir oldu: “Biz heç nə edə bilmərik, çalış nazirlə görüş”. Nəticədə bir il evdə oturaraq əmək haqqımı aldım və yenidən bu məsələnin ciddi olduğunu nazirlikdə xatırlatdım. Nəticədə məni şəhərdə, küçədən götürdülər və 15 gün gizli olaraq hüquq-mühafizə orqanlarının zirzəmisində saxladılar. Bu məsələ haqqında danışmamağı tövsiyə etdilər. Mən oradan azad edildikdən sonra yenidən nazir müavini ilə görüşdüm və ona bildirdim ki, bu artıq dövləti reketçilikdir. O, bildirdi ki, sifarişi mən vermişəm və bu bir səhv idi. Hər şeyi yaddan çıxaraq.Bir neçə ay keçdikdən sonra bankda işləyən oğlumu artıq ləğv olunmuş MTN-in əməkdaşları iş yerindən apardılar və məni MTN-ə dəvət etdilər. Müəyyən danışıqlardan sonra oğlumu azad buraxdılar və “bütün məsələlərin həllini öz nazirliyində axtar” – deyə, mənə xəbərdarlıq etdilər.“Son məlumat bu oldu ki, nazir məni qəbul etmək istəmir”
Beş ildən artıqdır ki, mən işə çıxmıram və bu 5 ildə bir il əmək haqqım verilib, 4 ili isə verilməyib. Bu müddət ərzində dəfələrlə müraciət etsəm də məni işdən azad etməyiblər. İki ay əvvəl məni nazirliyin kadrlar idarəsinə dəvət etdilər və işdən çıxmağım haqqında ərizə istədilər. Mən bütün məsələləri kadrlar idarəsinin rəisinə çatdırdım və bildirdim ki, sizin də səhlənkarlığınız nəticəsində xarici ölkə vətəndaşı dövlət qulluğuna işə götürülüb. Mənə bildirildi ki, narahat olma, sənin nazirlə görüşünü təşkil edəcəyik. Ancaq son məlumat bu oldu ki, nazir məni qəbul etmək istəmir.Cənab Prezident, Sizə böyük umidlərlə müraciət edərək bu məsələlərin araşdırılması, haqq və ədalətin bərpa olunması naminə göstəriş verməyinizi xahiş edirəm. Üzr istəyərək təkrar bildirmək istəyirəm ki, bu məsələləri mətbuat vasitəsilə çatdırmaq düzgün olmadığını bilirəm, lakin mənim başqa imkanlarım artıq tükənib.
Cənab Prezident, bütün bu məsələlər haqqında daha ətraflı məruzə etmək üçün məni qəbul etməyinizi xahiş edirəm.
Həmçinin, çox xahiş edirəm ki, mənim özümün və ailə üzvlərimin təqib və basqı altında olmasını nəzərə alaraq, ailəmizin təhlükəsizliyinin nəzarətə götürülməsinə göstəriş verəsiniz”.Vaqif NƏSİBOV