17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
2005-ci ildən bu günə qədər 122 hakim məhkəmə sistemindən kənarlaşdırılıb
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Emtv.az xəbər verir ki, Şuradan yerli mətbuata verilən məlumata görə, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Şura sədri, ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, ötən il məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi üzrə ardıcıl tədbirlər görülüb.
Dövlət başçısının tapşırığı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər elektron sənəd dövriyəsinin təmin edilməsinə, o cümlədən iddia ərizələrinin onlayn verilməsinə, məhkəmə rüsumlarının elektron ödənilməsinə, iş üzrə məlumat və qərarların alınmasının elektron həyata keçirilməsinə, məhkəmə iclaslarının audio-video yazılışının aparılmasına şərait yaradıb. Bu məqsədlə ölkə üzrə mövcud olan 111 məhkəmədən 60%-i müasir İKT ilə təchiz edilib, bu sahədə işin tam yekunlaşması üzrə tədbirlər görülür.
Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib. 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb və artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.
Hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Akademiyası ilə birgə təşkil olunan təlimlərdə bütün hakim korpusu əhatə olunub, Avropa Konvensiyasının tətbiqi və presedent hüququ ilə bağlı Məhkəmənin hakimi və təcrübəli ekspertlərin iştirakı ilə video-konfrans vasitəsilə distant təlimlərə başlanılıb.
Müasir məhkəmə infrastrukturunun yaradılması məqsədilə 2018-cı ildə Dünya Bankı ilə birgə layihələr çərçivəsində və dövlət büdcəsi hesabına Bakı şəhərinin Binəqədi və Zaqatala rayon məhkəmələri üçün yeni, müasir İKT-lərlə təchiz olunmuş məhkəmə binaları inşa edilərək istifadəyə verilib. Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhəri Suraxanı, habelə Masallı rayon məhkəmələri üçün hazırda yeni inzibati binaların inşası aparılır.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mütərəqqi islahatlarımız nüfuzlu beynəlxalq təsisatlar tərəfindən təqdir edilib.
Eyni zamanda səlahiyyət müddəti başa çatan 80-dən çox hakimin fəaliyyəti ətraflı və prinsipial təhlillər aparılmaqla qiymətləndirilib, 16 nəfəri apelyasiya məhkəmələrinə irəli çəkilib, 61 nəfəri yenidən müxtəlif hakim vəzifəsinə təyin edilib. Yuxarı instansiya məhkəmələrində olan 30 vakansiya zəruri keyfiyyətlərə malik hakimlərlə tam komplektləşdirilib və apellyasiya məhkəmələrinin sədr müavini və kollegiya sədrləri təyin edilib.
Bununla yanaşı, məhkəmələrin iş yükü üzrə ətraflı təhlillər aparılmaqla ehtiyatda olan 50 hakim ştatı birinci instansiya məhkəmələri üzrə tam paylanılıb. Hakimlərin obyektiv seçimi nəticəsində 800-dən çox namizəddən 108 nəfəri hüquqşünas çoxmərhələli imtahanları, 1 il müddətində davam edən təlimləri və məhkəmələrdə, o cümlədən Türkiyədə və Avropa Məhkəməsində stajkeçməni uğurla başa vuraraq dövlət başçısı tərəfindən müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunub. Bununla da bütün hakim korpusunun 70%-dən çoxunu yeni, mütərəqqi qaydalarla seçilmiş hakimlər təşkil edib. Həmçinin, nəticədə məhkəmə sistemində mövcud vakansiyaların tam əksəriyyəti komplektləşib.
Həyata keçirilən qanunvericilik tədbirləri nəticəsində məhkəmələrdə baxılan işlərin sayı 20%-dək azalıb. Bununla yanaşı cari ildən əmr icraatları üzrə işlərə məhkəmədənkənar elektron qaydada baxılması, məhkəmə iclaslarının təyin edilməsi müddətlərinin dəqiqləşdirilməsi və təxirə salınması hallarının qanunla məhdudlaşdırılması, bəzi kateqoriya işlər üzrə sadələşdirilmiş icraatın təsbit olunması iş yükünün daha da azalmasına əsaslı zəmin yaradacaqdır.
İclasda qeyd edilib ki, görülmüş tədbirlərə baxmayaraq, məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, xüsusilə korrupsiya, süründürməçilik, vəzifədən sui-istifadə halları tam aradan qaldırılmayıb.
2019-cu ildə 100-dən çox hakimin, o cümlədən Ali Məhkəmənin 22, apellyasiya məhkəmələrinin 38, birinci instansiya məhkəmələrinin isə 42 hakiminin fəaliyyətinin qiymətləndirilməsinin nəzərdə tutulduğu qeyd edilərək, tələbkarlığın, xüsusilə məhkəmə sədrlərinin məsuliyyət hissinin artırılması üzrə konkret tapşırıqlar verilib.
İclasda qeyd edilib ki, Şuranın fəaliyyət göstərdiyi 2005-ci ildən hakimlər barədə 250-dən çox intizam icraatı başlanılıb, 122 hakim qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla, o cümlədən, 14 nəfər intizam qaydasında, 74 nəfər səlahiyyət müddəti bitdiyinə görə, 34 nəfər isə yaş həddinə çatması ilə əlaqədar səlahiyyət müddəti uzadılmayaraq məhkəmə sistemindən kənarlaşdırılıb.
Məhkəmə-Hüquq Şurasının iclasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əsas "yol xəritəsi" olduğunu vurğulayıb, bu sahədə əlavə mexanizmlərin müəyyən olunduğunu və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib, yol verilən pozuntulardan ciddi nəticələr çıxarılmasının zəruriliyini bildirib.
NəzrinAbbaszadə
Emtv.az