SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rusiya geri çəkilir: Boltonun Qarabağ təklifinin – Səbəbi

31-10-2018, 17:55 | Oxunub: 11 489 |

Rusiya geri çəkilir: Boltonun Qarabağ təklifinin – Səbəbi

Emtv.az Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun yerli mətbuata verdiyi müsahibəsini təqdim edir:

– Ermənistanda seçkiöncəsi proseslərin gedişatı barədə nə düşünürsünüz?

– Hazırkı siyasi proseslərin gələcək seçkilər fonunda da davam edəcəyi gözlənilir. Söhbət Qarabağ klanı ilə hakimiyyətə yeni gələn qüvvələr arasındakı siyasi mübarizədən gedir. Getdikcə kəskin hal alan bu siyasi mübarizə parlament seçkilərində də öz əksini tapacaq.

– Son günlər erməni ekspertlər bir neçə rayonun Azərbaycana qaytarılacağını müzakirə edirlər. Bu, Paşinyana qarşı kampaniyanın tərkib hissəsi ola bilərmi?

– Hər halda Qarabağ klanı və yeni iqtidar bir-birinə qarşı müxtəlif sahələrdə ittihamlar səsləndirir. Əsas sahə isə təbii ki, Qarabağ mövzusudur. Nəzərə almaq lazımdır ki, Tramp Administrasiyasının ən vacib fiqurlarından sayılan Boltonun regiona səfəri də bu ittihamlara hansısa əsaslar verir. Səfər öncəsi və səfər ərəfəsində belə fikirlər səslənirdi ki, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində hansısa ciddi addımlar atmalı, heç olmasa, ilkin mərhələdə işğal olunmuş torpaqların bir qismini geri qaytarmalıdır. Təbii ki, Ermənistanda seçki zamanı da bu amilə əl atacaqlar. Hamıya bəllidir ki, Ermənistanda böhranın əsas səbəbi Dağlıq Qarabağ konfliktinin həll edilməməsidir. İstər köhnə iqtidar, istərsə də yeni iqtidar Qarabağ problemini həll etmədən Ermənistanı böhrandan çıxara bilməyəcək. Bu baxımdan da Bolton Ermənistanda nəinki ABŞ-ın, həm də Qərbin ümumi çağırışını səsləndirdi. Təbii ki, bu çağırışlar daxili siyasi məsələlərdə hər iki qrup tərəfindən ciddi şəkildə istifadə olunacaq. İndi əsas məsələ konfliktin həllində əhəmiyyətli irəliləyişlərin əldə olunmasıdır. Bu irəliləyişlər isə torpaqlar azad olunmadan mümkün deyil.

– Seçkidən sonra Qarabağ ətrafında ciddi proseslər baş verə bilərmi?

– Hakimiyyətə gələn yeni qüvvələr Ermənistanın inkişafı yolundakı ən əsas maneəni aradan götürmək istəsələr, onda Azərbaycan danışıqlara başlayacaq. Əks təqdirdə, Ermənistanda köhnə vəziyyət davam edəcək və bu fonda müharibə qaçılmaz olacaq. Bu baxımdan da müzakirələri məhz seçkilərdən sonrakı xətt formalaşdıracaq.

– Yeri gəlmişkən, Ermənistan Prezidenti Armen Sərkisyanın xüsusilə də Moskva səfərindən sonra siyasi aktivliyi nəzərdən qaçmır. Sizcə, Rusiya Sərkisyanı danışıqların əsas kuratoru etməyə hazırlaşır?

– Belə kontaktları təbliğ edən Ermənistan tərəfi və ya elə Armen Sərkisyan da ola bilər. Sərkisyan hazırda öz imkanları daxilində Moskvada olan görüşlərin üstünü açır. Belə ki, danışıqları kim aparacaqsa, o, daha böyük səlahiyyətlərə malik olacaq. Bunu da daxili siyasi məsələlərdə istifadə etmək üçün bir amilə çevirmək lazımdır. Bu fonda Ermənistanda bir növ bölünmə gedəcək. Yəni Paşinyanı qərbyönümlü siyasətin, Sərkisyanı isə Rusiyanın koordinatoru kimi göstərəcəklər. Bu isə o deməkdir ki, danışıqlar Sərkisyana həvalə oluna bilər. Ümumiyyətlə, Ermənistanın siyasəti başdan-ayağa problemlərdən ibarətdir. Ən əsas problemi isə Ermənistana investisiya qoyulması və bu ölkənin inkişaf etməsi ilə bağlıdır. Ermənistanda bu investisiyaların mənbəyi kimi Qərbi görürlər. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalını davam etdirmək üçün təhlükəsizlik zəmanəti baxımından Rusiyanı da itirmək istəmirlər. Ancaq bu ikili siyasət gec-tez böhrana gətirib çıxaracaq və Ermənistanın siyasətinə ən böyük zərbə məhz bu istiqamətdən dəyəcək. Nəticədə Ermənistan siyasəti iki hissəyə bölünəcək. Sərkisyanın guya konfliktin həlli ilə məşğul olmaq meyli da məhz bundan irəli gəlir.

– Armen Sərkisyan hətta bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, onunla dialoqa hazır olduğunu bildirdi…

– Əsas məqsəd danışıqlar prosesi ilə işğal olunmuş torpaqlar məsələsini ayırmaqdır. Ermənistanda bölünmə də məhz bu istiqamətdə baş verə bilər. Bütün bu taktiki addımların atılmasının səbəbi isə ölkədaxili ziddiyyətlərdir.

– Boltonun bölgəyə səfərinin siyasi tərəfləri barədə nə deyə bilərsiniz?

– Birincisi, bu, çox vacib bir səfərdir və ABŞ-ın regionla bağlı yeni siyasətinin başlanğıcı kimi də qiymətləndirilə bilər. Bu siyasətin cizgilərini anlamaq üçün ilk növbədə səfərin coğrafiyasına fikir verməliyik. Rusiyadan başlayan səfər birbaşa Cənubi Qafqaz ölkələrində davam etdi. ABŞ Cənubi Qafqaz ölkələrindən xüsusilə Azərbaycanda enerji layihələrinin həyata keçirilməsində maraqlıdır. Söhbət Avropanın enerji təchizatının diversifikasiyasının təminatından gedir. Səfər zamanı ikinci müzakirə mövzusu ABŞ-ın İrana qarşı siyasəti və Azərbaycan-İran münasibətlərindən irəli gələn məsələlər idi. Bu məsələlər Azərbaycan-İran əlaqələri kontekstində Qarabağ konfliktinin həlli yollarının dəqiqləşdirilməsi və Rusiyanın vasitəçiliyə monopoliyasının bitməsi mərhələsi ilə bağlıdır. Boltonun səfəri həmçinin Azərbaycan-ABŞ əlaqələrinin daha da yüksək səviyyəyə qalxmasının anonsu da sayıla bilər.

– Boltonun regiona səfəri ABŞ-ın Cənubi Qafqazda aktivləşməsi anlamına gəlir?

– Obama Administrasiyası Rusiyanın postsovet məkanına aid xüsusi hüquqlarını və təsiri ambisiyalarını qəbul etmirdi. Görünür, Tramp Administrasiyası bu mövqeyi daha da gücləndirmək niyyətindədir. Buna görə də ABŞ postsovet məkanında, ələlxüsus da Cənubi Qafqazda Rusiya ilə rəqabətə hazır olduğunu açıq bəyan edir. Boltonun regiona səfərinin əhəmiyyəti də məhz bundan ibarətdir. Bu rəqabəti biz müxtəlif sahələrdə – Rusiya-İran, Azərbaycan-İran, Azərbaycan-Rusiya, Ermənistan-Rusiya, Gürcüstan-Rusiya əlaqələrində aydın görəcəyik. Yəni istiqamətlər çoxdur və ABŞ-ın bu sahələrdə daha aktiv siyasətinin şahidi olacağıq.

– Bu fonda həmsədrlərin regiona səfəri barədə fikirləriniz maraqlı olardı…

– Hesab edirəm ki, ABŞ-ın regionda aktivləşməsi Minsk Qrupunda olan praktikaya da təsir edəcək. Belə ki, Rusiya uzun müddətdən sonra aktivliyini ABŞ-a verməyə hazır olacaq və passiv mövqeyə keçəcək. Çünki indiki mərhələdə ABŞ-ın Ermənistana təsiri daha böyükdür. Bu fonda həmsədrlərin regiona səfərinin digərlərindən fərqlənəcəyini istisna etmirəm.

– Boltonun İrəvanda ABŞ silahının rus silahından üstün olduğunu və Qarabağ məsələsi həll edilməyənə qədər Ermənistana xaricdən təzyiqlərin davam edəcəyini bildirməsi erməniləri panikaya saldı. İrəvanın sözün əsl mənasında qorxuya düşməsinin səbəbi nə idi?

– Ermənistan cəmiyyətinə və hakimiyyətinə açıq şəkildə seçim etmək üçün siqnal verilib. Yəni Ermənistanın mövcud vəziyyətinə və inkişaf etməməsinə səbəb Dağlıq Qarabağ konfliktinin həll edilməsi göstərilir. Buna görə də ABŞ və Qərb Ermənistana seçim şansı verir. Yəni ilkin mərhələdə işğal olunmuş torpaqların bir qisminin Azərbaycana geri qaytarılması müqabilində Ermənistan üçün inkişaf yolları açılacaq. İrəvan verilən bu bəlli siqnalı qəbul edib, qərar verməlidir. Əks təqdirdə Ermənistan Qərbin investisiyalarından ömürlük məhrum olacaq. Hesab edirəm ki, bu, Ermənistanda seçki zamanı siyasi diskussiyaların əsas müzakirə mövzusu olacaq.

– Bu arada, ABŞ-ın Bakıya silah embarqosunun ləğvinin gündəmə gəldiyi bir dönəmdə “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun Rusiyanın Azərbaycana bir sıra silahlar təklif etməsi ilə bağlı açıqlaması təsadüfdürmü?

– Bu, Azərbaycanın Cənubi Qafqazda əsas və ciddi oyunçu kimi tanınmasının əlamətidir. Azərbaycanın müdafiə sahəsində inkişafı heç kəsə sirr deyil. Ölkəmiz artıq iqtisadi baxımdan çox güclü bir ölkəyə çevrilir. İqtisadi, siyasi və demoqrafik baxımından Azərbaycan regionda əsas oyunçu kimi tanınır. Əminliklə deyə bilərəm ki, Rusiyanın Azərbaycana yeni silahlar təklif etməsi yönündə səsləndirilən bəyanatlar Ermənistanda böyük təəssüf doğurub.

– Boltonun Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan ətrafındakı geniş turnesi özündə hansı xüsusi siyasi məqamları birləşdirir?

– Bu suala birmənalı cavab vermək bir az çətindir. Ancaq bəzi elementlərə nəzər salsaq, Boltonun Putinlə sülh dialoqu daha çox diqqət çəkir. Rusiya-ABŞ əlaqələri böhran içərisindədir və hər iki ölkənin bu böhrandan çıxış yolu axtardığını düşünürəm. Bu fonda Rusiyanın xarici siyasətinin bəzi istiqamətlərində hansısa düzəlişlərin baş verəcəyini istisna etmirəm. Rusiya və İranın Suriyada əməkdaşlığı güclənir. Təbii ki, bu da ABŞ-ın xoşuna gəlmir. Bu istiqamətdə təzyiq artarsa, Rusiya ilə İran arasında hərbi əməkdaşlığın azalacağını və əlaqələrin yalnız iqtisadi sahələrlə yekunlaşacağını istisna etmirəm. Təbii ki, Rusiya bu məsələdə mütləq öz xeyrini güdəcək. Cənubi Qafqaz da ABŞ-ın Rusiya qarşısında şərtlərindən biri ola bilər. Artıq Rusiyanın Ermənistana marağı azalır. Qərb də Bolton vasitəsilə Ermənistana seçim etmək üçün işarə verib. Ermənistan ya Rusiyanın forpostu olmağa davam etməli və Azərbaycan torpaqlarını işğalda saxlamaqla məhv olmağı gözə almalı, ya da Qərbin şərtlərini yerinə yetirməklə xilas yolunu seçməlidir. Zənnimcə, Rusiya gec-tez Ermənistandan çəkiləcək. Bu seçimi isə ermənilər edəcək.

– Rusiyanın Ermənistandan geri çəkilməsi İrəvan üçün nələrə gətirib çıxara bilər?

– Hesab edirəm ki, Ermənistanın qonşuları ilə olan siyasəti təftiş olunmalıdır. Əvvəllər Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini istəyirdilər, indi isə açıq-aşkar Azərbaycan torpaqlarının anneksiyasını davam etdirirlər. Məhz bu siyasətin nəticəsində də Ermənistan dərin böhran içərisindədir, ölkədə depopulyasiya baş verir. Hətta bu gün Ermənistan tamamilə dağılma təhlükəsi ilə üz-üzədir. Çünki əhalisi olmayan ölkə öz mövcudluğunu sürdürə bilməz. Ölkənin bütün iqtisadiyyatı Rusiyanın əlindədir, əvəzində isə nə investisiya, nə inkişaf, nə də iş yerləri var. Ümumiyyətlə, Ermənistanda bazar belə qalmayıb. Bu baxımdan da İrəvan çox ciddi seçim qarşısındadır və başa düşür ki, Rusiyadan silahdan başqa heç nə əldə edə bilməyəcək. Əgər Ermənistan ona verilən şansı düzgün dəyərləndirsə, müstəqilliyini qoruya biləcək.

– ABŞ-ın Cənubi Qafqazda maraqları dərinləşərsə, bu, region ölkələri üçün nələrə gətirib çıxara bilər?

– Sivilizasiya baxımından iqtisadi və texnoloji mərkəzlər ABŞ və Qərbdədir. Rusiyanın özü də bu mərkəzlərə yaxın olmaq istəyir. Açığı, Azərbaycan və digər dövlətlərin də məqsədi bundan ibarətdir. ABŞ-ın regiona diqqətinin artması çox ciddi məsələdir və Boltonun səfəri də bunun bir işarəsidir. Bu tendensiyanın ciddi nəticələrini görmək üçün müəyyən qədər zaman lazım olacaq.

– Bəs, Türkiyə bu proseslərin hansı mərhələsində yer alacaq?

– Türkiyə son 15 ildə çox mühüm bir yol keçib, iqtisadi və siyasi baxımdan böyük uğurlara imza atıb. Türkiyə bu nailiyyətləri əldə etməklə artıq inkişaf etmiş ölkələrin iyirmiliyinə daxil olub. Türkiyənin regional məsələlərdə rolunun yüksəlməsi və bunun nəticəsində də Rusiya və digər regional mərkəzlərlə daha fəal siyasət aparması çox normal və təbii bir hadisədir. Artıq Rusiya Türkiyəni həm Cənubi Qafqazda, həm Suriyada, həm də digər məsələlərdə qəbul edir və bu ölkə ilə əməkdaşlıq etmək istəyir. Türkiyənin Rusiya ilə yaxınlaşması heç də ABŞ və Qərbdən uzaqlaşması demək deyil. Sadəcə olaraq Türkiyənin siyasəti indi korreksiya olunur. Bəzi böhranlar ola bilər, ancaq ümumi götürdükdə qardaş ölkənin həm ABŞ, həm də Avropa İttifaqı ilə əməkdaşlıq etməsi çox vacibdir. İstanbul sammiti fonunda Avropadakı ən əsas oyunçuların Türkiyədə toplanması da mühüm mətləblərdən xəbər verir. Bu işdə Türkiyəyə uğurlar arzu edirəm, çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan üçün də bir o qədər əlverişli şərait yaranar.

– Ümumiyyətlə, Rusiya və ABŞ son zamanlar Orta Asiyada da aktiv siyasət yürütməyə başlayıblar. Bu addımlar xüsusilə də Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi və Şimal axını-2 layihələri ilə bağlı müzakirələrin aktivləşdiyi ərəfəyə təsadüf edir. Bu bölgə yaxın zamanlarda dünya güclərinin əsas toqquşma nöqtəsi ola bilərmi?

– Bu, qlobal bir sualdır. Cənubi Qafqaz və Orta Asiya bu və ya digər şəkildə enerji mənbələrindən ibarət olan bölgələrdir. Fikir verin, Türkmənistanın ixracının ən böyük hissəsi Çinə gedir. Azərbaycanın iqtisadiyyatının istiqamətləri isə Qərblə bağlıdır və bunun əsas ünvanlarından biri Türkiyədir. İndi isə Türkiyə ikinci bir mərhələyə keçib. Hətta Rusiyadan gələn qaz boruları da Türkiyə üzərindən keçir. Yəni Türkiyə tranzit ölkəsi kimi güclənir və artıq qaz şəbəkəsi olaraq fəaliyyət göstərəcək. Belə ki, gələcəkdə müxtəlif regionlardan gələn qaz ehtiyatları Türkiyədən Avropaya keçəcək. Beləliklə, dünyada iqtisadi mərkəzlər öz istiqamətini Avropadan Yaxın Şərqə doğru dəyişir. Artıq əsas iqtisadi oyunçular Uzaq Şərqdədir – Çin, Yaponiya və s. Bu baxımdan Azərbaycanın imkanlarının istifadə olunması çox vacibdir. Azərbaycan öz siyasətini həmişə dünyada gedən prosesləri nəzərə alaraq qurur və bundan maksimum şəkildə öz xeyrinə istifadə edir. Eyni siyasət Orta Asiya ölkələrində də baş verəcək.

Aynurə Kərimova,
Emtv.az


Paylaş:
axar.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR