18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvan idmanının növbəti uğuru və ya qədim diyardan Buenos-Ayresə uzanan yol
Ağır atletika risk tələb edən mürəkkəb idman növüdür. Bu növdə qüvvət və sərtliyin birləşməsi idmançıya böyük bir çəkini qaldırmaq imkanı verdiyi kimi, psixoloji gərginlik də yaradır. Ağır atletika ən qədim idman növü kimi olimpiya oyunlarının proqramına daxil edilib. Dünyanın ən mötəbər idman bayramında bu növ öz “ağırlığı” ilə böyük nüfuz qazanıb. Belə bir “ağırlığın” altına girmək böyük məsuliyyət, cəsarət tələb edir. Hazırda dünyanın ən güclü atletlərindən biri, yeniyetmələr arasında ikiqat Avropa çempionu naxçıvanlı idmançı Tərmenxan Babayevi fərqləndirən daha bir əhəmiyyətli səbəb var: 100 ilə yaxın ağır atletika tariximizdə təkanla qaldırma hərəkətində onun ram etdiyi ağırlığı bu yaşda öz çəkisində heç kim başı üzərinə qaldıra bilməyib.
İlk yarışdan ümidləri doğruldan idmançı
Şərur rayonunun Çomaxtur kəndində 2002-ci ildə dünyaya göz açan Tərmenxan Babayev idmana erkən yaşlarından maraq göstərib. 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinə yazılıb. Burada onun ilk məşqçisi Şəfi Hüseynov olub. İkiillik məşqlərdən sonra o, ölkə birinciliyində uğurlu nəticə qazanıb. Təməli bu yarışdan qoyulan uğurlar onun milli komandaya dəvət olunması ilə nəticələnib. Bununla da onun idman karyerasında yeni dönəm başlayır. Tərmenxan qarşısına bir məqsəd qoyur: idman rejiminə riayət etmək və böyük rəqabətdən qalib ayrılmaq. Qısa vaxt kəsiyində bunun öhdəsindən gələn Tərmenxanın özünəinamı artır, 2016-cı ilin əvvəlində ölkə çempionu olur, Azərbaycan kubokunu qazanır. Həmin il yığmanın heyətində Malayziyada keçirilən dünya birinciliyində mükafat qazanmasa da, ilk beynəlxalq yarışında hamının diqqətini cəlb edir.
Rekordlarla dolu il
Tərmenxan Babayevin idman karyerasına 2017-ci il qızıl hərflərlə yazılır. Həmin ilin aprel ayında Tailandın paytaxtı Banqkokda keçirilən dünya birinciliyində 77 kiloqram çəki dərəcəsində çıxış edən Tərmenxan birdən qaldırmada 125, təkanla qaldırmada isə 155 kiloqramlıq nəticə ilə yekunda B qrupunun qalibi olur. Əldə edilən bu qələbə ona Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin olimpiadasına lisenziya qazandırır. Sentyabr ayında Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatında yaşı 15-ə qədər olan atletlərin 85 kiloqram çəki dərəcəsində yarışan idmançımız rekordlarla Avropanın diqqətini özünə cəlb edir. Belə ki, birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək, sonda 130 kiloqramı qaldırır və ən güclü rəqibi bolqar Stefço Xristovu 15 kiloqram qabaqlayaraq bu hərəkətdə birinci olur. Təkanla qaldırmada isə daha böyük uğura imza atır. İlk yanaşmasında 150 kiloqramı ram edərək macar atlet Adrian Terebesinin Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunu (146 kiloqram) 4 kiloqram yeniləyir. O, həmçinin yunan atlet Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276 kiloqram) da təzələyir. İkinci yanaşması da uğurlu olan həmyerlimiz 155 kiloqramı qaldıraraq həm bu hərəkətdə, həm də toplamda daha iki rekorda imza atır. Sonuncu cəhddə 161 kiloqramın da öhdəsindən gələn Tərmenxan rekordları siyahısına ikisini də əlavə edir. Ümumilikdə, 291 kiloqram (130+161) nəticə ilə Avropa çempionu olur. Gənc atletimiz bu birincilikdə birdən-birə altı Avropa rekordunu yeniləyərək adını idman tarixinə qızıl hərflərlə yazdırır.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, beləliklə, Tərmenxan Babayev 2017-ci ildə Azərbaycanda “İlin ən yaxşı ağır atleti” mükafatına layiq görülür, üzərində böyük əməyi olan məşqçisi Şəfi Hüseynov isə ilin məşqçisi nominasiyasının qalibi olur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin seçiminə əsasən ağır atletimiz muxtar respublikada “İlin idmançısı” mükafatını da qazanır.
İlk Olimpiya medalı
Bu il qazandığı uğurlar Tərmenxanın daha parlaq gələcəyindən xəbər verir. Belə ki, böyüklər arasında keçirilən respublika çempionatında ilk dəfə çıxış edən Tərmenxan rəqibindən yalnız 4 kiloqram geri qalmaqla ikinci olub. Mayda yeniyetmələr arasında keçirilən analoji yarışda rəqibini 100 kiloqram qabaqlayaraq növbəti dəfə ölkə çempionu adını qazanıb. İyulda isə İtaliyanın Milan şəhərində keçirilən Avropa çempionatında 17 yaşadək atletlərin 94 kiloqram çəki dərəcəsində çıxış edib. Bu yarışmada birdən qaldırmada 145 kiloqram nəticə ilə ikinci, təkanla qaldırmada isə 180 kiloqram göstərici ilə birinci yeri tutub. Ümumilikdə 325 kiloqramlıq nəticə göstərən Tərmenxan ikinci dəfə Avropa çempionu olub.
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Olimpiya oyunlarında bütün diqqət ağır atletimizə yönəlmişdi. 85 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Tərmenxan Babayev ümidləri tam doğrultdu. O, birdən qaldırma hərəkətində 142, təkanla qaldırma hərəkətində isə 174 kiloqramın öhdəsindən gələrək (ümumilikdə 316 kiloqram) Yeniyetmələrin Olimpiya oyunlarının gümüş medalını əldə etdi.
Məşqçi: onda əsil idmançı xarakteri var
Təbii ki, Tərmenxan Babayevin idman karyerasına yazılan hər bir qələbədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının və onun məşqçisinin danılmaz əməyi var. Bu barədə danışan idmançı deyir: “Karyeram ərzində mənə hədsiz dərəcədə dəstək oldular. Ona görə də qazandığım bu uğuru onların zəhmətinin qarşılığı hesab edirəm. Məşqçim, eləcə də muxtar respublikanın Gənclər və İdman Nazirliyi və federasiya hər zaman mənə dəstək oldu, hər yarışda iştirakımı təmin etdilər. Bir idmançı kimi yetişməyimdə əziyyəti olan məşqçi-müəllimlərimdən tutmuş rəhbərliyə qədər hər kəsə minnətdarlığımı bildirirəm. Hər yarışa olduğu kimi, Olimpiya oyunlarına da çox yaxşı hazırlaşmışdım və məsuliyyəti dərk edirdim. Elə körpücük üzərinə də qələbə üçün çıxmışdım. Olimpiada ciddi turnirdir və burada istənilən nailiyyət böyük əziyyət hesabına başa gəlir. Vətənə qızıl medalla qayıtmaq istəyirdim, amma “gümüş”lə kifayətlənməli oldum. Rəqiblərim çox güclü olsalar da, sona qədər mübarizə apardım. Çalışdım ki, bütün gücümü ortaya qoyum. Ölkəmi layiqincə təmsil etdiyimə, doğma Naxçıvana medalla döndüyümə görə çox şadam”.
İdmançımızın şəxsi məşqçisi Şəfi Hüseynov isə yetirməsinin ona verdiyi sözə əməl etdiyini bildirir: “Tərmenxanın bu istedada malik olduğunu məşqə gəldiyi ilk gündən görmüşdüm. Buna görə də onunla xüsusi olaraq çalışırdım. Onu dünyanın məşhur ağır atleti Halil Mutluya bənzədirdim. Hələ 2015-ci ildə ilk dəfə ölkə çempionu olarkən, onunla söhbətimdə bunu böyük uğurların başlanğıcı saydığını demişdi. Tərmenxan mənim əziyyətlərimin ilk bəhrəsidir. Onun Olimpiadada gümüş medal qazanması mənim üçün ikiqat dəyərlidir. Tərmenxanın uğurları hələ qabaqdadır. Çünki onda əsil idmançı xarakteri var, verilən bütün tapşırıqları dərhal mənimsəyir və yerinə yetirir. Belə qələbələr həm də Naxçıvan idmanının uğuru, muxtar respublikamızda idmana göstərilən dövlət qayğısının ifadəsidir”.
Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov Tərmenxan Babayevin ümidləri doğruldacağına hələ Cənubi Amerikaya getməmişdən öncə inandığını vurğulayır: “Tərmenxan bir neçə il əvvəl milli komandanın heyətinə dəvət olunub və keçirilən yarışlarda mütəmadi çıxış edir. İki il bundan əvvəl Tailandda keçirilən dünya çempionatındakı çıxışı bizdə ona qarşı böyük ümidlər yaratdı. Bu müddət ərzində Tərmenxan bütün yarışlarda iştirak etdi və Vətənə medallarla qayıtdı. Xüsusilə İtaliyanın Milan şəhərindəki çıxışını qeyd etməliyəm. Həmin yarışda Avropa çempionu adını qazanması və rekordları ilə ağır atletika tariximizdə ilklərdən oldu. Olimpiya oyunlarına vəsiqə qazanmasından sonra ona ümidlərimiz daha da artdı. İnanırdıq ki, Tərmenxan bu mötəbər yarışda da uğurla çıxış edəcək. Çünki onda idmançı intizamı, xarakteri var. Deyə bilərik ki, artıq yeni Nizami Paşayev yetişir. Yeri gəlmişkən qeyd edim ki, Tərmenxanın uğurlu çıxışında Nizami Paşayevin də böyük əziyyəti var. Həmçinin onun belə nailiyyətlər əldə etməsi Naxçıvan idmanı üçün böyük uğurdur və Naxçıvan idmanının hansı səviyyədə olduğunun göstəricisidir”.
İndi Tərmenxan Babayevin bir məqsədi var: 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya oyunlarında iştirak etmək. Bu yolda ona uğurlar arzulayırıq.
İsmayil İsmayilov
Emtv.az