Naxçıvanla tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
29-03-2018, 14:50 | Oxunub: 9 086 |
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Naxçıvandan olan iştirakçıları martın 26-da Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüblər. Naxçıvanda keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Bakı şəhərindəki əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqdır. Martın 26-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Sabunçu və Xəzər rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Şagirdlər Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, tarixi abidələr haqqında ətraflı məlumat alıblar.
Tur-aksiya iştirakçıları regionun nüfuzlu ali təhsil ocaqlarından biri olan “Naxçıvan” Universitetinə də ekskursiya ediblər. * * *
Tur-aksiyanın ikinci günü – martın 27-də Bakı məktəbliləri muxtar respublikanın Ordubad və Culfa rayonlarının ərazilərində yerləşən tarixi abidələr və mədəniyyət müəssisələri ilə tanış olublar.
Şagirdlər əvvəlcə Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbə gəliblər. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasına gələn məktəblilərə buradakı eksponatlar barədə məlumat verilib. Görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin, böyük yazıçı Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev-muzeyləri ilə tanışlıq paytaxt məktəblilərində böyük maraq doğurub. Culfa rayonuna ekskursiya zamanı məktəblilər Gülüstan türbəsinə gəliblər. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən rayon ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub. Məktəblilərin səfər etdikləri məkanlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa edilən “Əlincəqala” tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi olub. Diqqətə çatdırılıb ki, “Əlincəqala” tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.Daha sonra “Duzdağ” otelində tur-aksiya iştirakçıları üçün Naxçıvan Dövlət Filarmoniyası kamera orkestrinin konserti olub.Emtv.az
OXŞAR XƏBƏRLƏR