17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ömrünün 70-ci ilində bizimlə vidalaşan Qadir Qədirzadə ürəklərimizdə həmişə yaşayacaq
İnsanın ömrü onun əməlləri qədərdir. Alını açıq, başı dik yaşamaq və yaşadığın ömrə sığdırdığın xeyirxah işlər insana ikinci ömür, ikinci həyat qazandırır.
Emtv.az Naxcıvantv.az-a istinadən xəbər verir ki, görkəmli etnoqraf alim, dəyərli ziyalı, gözəl insan Hacı Qadir Qədirzadə də özünə sağlığında abidə ucaldan insan kimi ürəklərdə həmişə yaşayacaq.
O, 1948-ci ilin gözəl bir yaz günü-mayın 20-də Babək rayonunun Cəhri kəndində zəhmətkeş ailəsində anadan olmuşdu. Düz 70 il sonra - martın 8-də isə aramızdan ayrıldı...
Uşaqkən kəndimizin mərkəzində, məktəblərimizdə tez-tez rastlaşdığımız bu dəyərli insan Cəhrinin sayılıb-seçilən, yol göstərən görkəmli ziyalılarından biri idi. Şəxsiyyəti ilə əqidəsi bir-birini tamamlayan, olduğu kimi görünən, göründüyü kimi olan Qadir müəllim həm də bir iman və mənəviyyat adamı, milli vətənpərvərlik mücəssəməsi idi...
1966-cı ildə Cəhri kənd orta məktəbini bitirmiş, 1967-ci ildə APİ-nin Naxçıvan filialının (İndiki Naxçıvan Dövlət Universiteti) tarix ixtisasına qəbul olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Cəhri kənd orta məktəbində müəllim işləmişdir. 1975-2018-ci illərdə AMEA Naxçıvan bölməsində müxtəlif vəzifələrdə çalışaraq Azərbaycan elminə bir-birindən dəyərli töhfələr vermişdir. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini kimi də səmərəli fəaliyyət göstərmişdir.
2004-cü ildə “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr” mövzusunda doktorluq dissertasiyası müdafiə edib tarix elmləri doktoru elmi dərəcəsi alan Qadir müəllim 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, elmdə əldə etdiyi yüksək nailiyyətlərə görə 2009-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
400-ə yaxın elmi, elmi-kütləvi məqalə və 20 kitabın müəllifi olan Qadir Qədirzadənin tədqiqatlarında qədim diyarımız Naxçıvanın tarixi və etnoqrafiyasının tədqiqi xüsusi yer tutur. Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan məsələsi, Naxçıvanda şəhərsalma mədəniyyəti, islamaqədərki milli adət və ənənələr, türk xalqlarının tarixi və folkloru məhz Qadir müəllimin araşdırma və tədqiqatlarında üstün mövqedə dayanır. O bu mövzuda dünyanın müxtəlif qitələrində keçirilən beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda Azərbaycanı layiqincə təmsil etmişdir.
Təsadüfi deyil ki, Qadir müəllimin müəllifi olduğu “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi mükafatına layiq görülmüş, ali məktəblərə dərslik kimi tövsiyyə olunmuşdur.
Naxçıvanı dərin məhəbbətlə sevməsi, diyarımızın tarix və mədəni irsinin tədqiqi istiqamətində yorulmaq bilmədən çalışması onun həm də böyük vətənpərvər bir alim olduğunun təsdiqidir. Heç bir ictimai məsələyə biganə qalmayan, adi cansız daşa, saxsı parçasına belə tarixi fakt kimi yanaşan Qadir Qədirzadə həm də jurnalistlərin dostu idi. Naxçıvan televiziyasının (NTV), “TRT”-nin, Aztv-nin, “Xəzər”-in “Şərq qapısı” qəzetinin arxivlərində onun iştirakı ilə hazırlanan yüzlərlə məqalə, veriliş və filmlər vardır. Onların hər biri orijinal söz və fikirə, dərin fəlsəfi məzmuna, yüksək elmi dəyərə malik olmaları ilə seçilən zəngin və ensiklopedik nümunələrdir.
Bir də ki, o, təkcə mühüm tədqiqat və elmi işləri ilə deyil, həm də yetişdirdiyi yüzlərlə gənc alim və ziyalıların müəllimi kimi də həmişə xatırlanacaq.
Təbii ki, hər bir insanın dəyəri, qiyməti həm də onun yetişdirdiyi övladların xalq, cəmiyyət üçün faydası qədərdir. Ailəsində beş övlad böyüdüb onlara yüksək təhsil və tərbiyə verərək cəmiyyətə qazandıran Qadir müəllim həm də atalıq xoşbəxtliyinin səadətini dadan insanlardan idi...
Söz var, deyirlər ki, insan var evdən gedir, insan da var eldən. Ömrünün 70-ci ilində bizimlə vidalaşan Qadir Qədirzadə də evdən yox, eldən ayrılan şəxsiyyətlərdəndir! Çünki onun evi təkcə kəndimizin mərkəzindəki sakit, hüzurlu mənzili yox, həm də qarış-qarış gəzib tədqiq etdiyi Naxçıvan torpağı, Naxçıvan abidələri, Naxçıvan mədəniyyəti, Naxçıvan təbiəti, Naxçıvanın inanc və etiqatlarıdır…
Qadir Qədirzadə kənddə doğulub böyüyən, amma dünya miqyasında böyük tədqiqatlar aparmağı bacaran bir alimlik nümunəsi, alimlik məktəbi də yaratmışdır.
Gözəl və işıqlı insanın xatirəsinə ehtiramla,
Sahil Tahirli, jurnalist
Emtv.az