SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyası Naxçıvanda yeni-yeni uğurların əldə edilməsinə zəmin yaradır

5-10-2017, 15:05 | Oxunub: 10 754 |

Elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyası Naxçıvanda  yeni-yeni uğurların əldə edilməsinə zəmin yaradır

Müasir dövrdə elm iqtisadi tərəqqinin və sosial inkişafın əsas təminatçısı sayılır. Dünya praktikası sübut edir ki, intellektual fəaliyyətin məhsulu olan yüksək texnologiyaların tətbiqi yeni-yeni inkişaf istiqamətlərini müəyyənləşdirir, nailiyyətlərin davamlılığını təmin edir. Bu mənada, elmi-tədqiqat müəssisələrinin, müvafiq qurumların innovasiya-texnoloji mərkəzlərinin yaradılması, onlar üçün müasir infrastrukturun qurulması böyük əhəmiyyət daşıyır. Xüsusən də təbii sərvətlərimizin öyrənilməsi, faydalı qazıntıların aşkara çıxarılması istiqamətində geoloji işləri davam etdirən qurumlar üçün müasir infrastrukturun mövcudluğu əhəmiyyətli nəticələrin əldə olunmasına birbaşa təsir göstərir. Sentyabrın 6-da Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleksin istifadəyə verilməsi, bu mənada, önəmlidir.

Bu gün Naxçıvan Muxtar Respublikasında təbii sərvətlərdən səmərəli istifadə iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bunun üçün muxtar respublika ərazisində mövcud olan mineral xammal ehtiyatlarının öyrənilməsi, tədqiqi və istifadə olunması sahəsində fəaliyyətin davam etdirilməsi üçün lazımi infrastrukturun yaradılması qarşıya yeni vəzifələr qoyur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni binaların istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə idarəyə bu istiqamətdə müvafiq tapşırıqlar verib: İdarə muxtar respublika üzrə mineral-xammal bazasının resurslarının perspektiv proqnozlarını, yeraltı su ehtiyatlarının kompleks istifadəsi sxemlərini hazırlasın, nəzərdə tutulan geoloji tapşırıqları təsdiq olunan layihə-smeta sənədlərinə müvafiq surətdə ardıcıl, səmərəli, keyfiyyətli və müəyyən olunmuş müddətdə yerinə yetirilməsini təmin etsin. İdarə, həmçinin yeraltı suların rejim və balans elementlərini, çirklənməsini, ehtiyatların tükənməsini, eksogen geoloji prosesləri, seysmik və radiasiya şəraitini öyrənməli, ətraf mühitin təbii proseslərdən mühafizəsi məqsədilə monitorinqlər keçirməlidir. Faydalı qazıntı ehtiyatlarının və yeraltı suların balans və balansdankənar ehtiyatlarını, proqnoz resurslarını hesablamalı, ekspertiza və təsdiq üçün aidiyyəti üzrə təqdim etməlidir.

Ali Məclis Sədrinin bu və digər tapşırıqlarının yerinə yetirilməsi geoloji tədqiqatlarda yeni-yeni uğurların əldə edilməsinə zəmin yaradacaq.

Ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpaolunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Çünki bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldır. Qürurla deyə bilərik ki, bu gün muxtar respublikamızda enerji təhlükəsizliyinin təmin olunmasında və ekoloji problemlərin həllində alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə mühüm önəm verilir. Naxçıvanın təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik enerjisi istehsalına cəlb olunması elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradıb. Onu da deyək ki, hazırda muxtar respublikada günəş və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ümumi istehsalın 60 faizindən çoxunu təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq sentyabrın 8-də muxtar respublikada 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri deyib: “Günəş Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasının sərvətidir. Eyni zamanda bu gün istifadəyə verilən 2 meqavatlıq Günəş Elektrik Stansiyası muxtar respublikanın həyatında əlamətdar hadisədir. Çünki harada enerji varsa, orada həyat var, iqtisadi inkişaf var. Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ucuz başa gəlir. Bu da muxtar respublikanın energetika sisteminə öz töhfəsini verəcək, Dövlət Energetika Xidmətinin gəlirləri artacaq, gələcəkdə yeni yarımstansiyalar qurulacaqdır”.

Sonra Ali Məclisin Sədri idarəetmə otağında stansiyanı işə salıb.

Ali Məclisin Sədri “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kaleramiyə və şirkətin kollektivinə təşəkkür edib, muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin bundan sonra davam etdiriləcəyini bildirib, energetika sahəsində kadr hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verib.

Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə və müasirləşdirmə yolunda uğurla irəliləyən muxtar respublikamızda başlıca hədəflərdəndir. Bu gün muxtar respublikada davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının formalaşmasına önəm verən, insan resurslarının yetişdirilməsini və idarə edilməsini reallaşdıran təhsil sisteminin yaradılması təhsilin keyfiyyət göstəricilərinin müasir standartlara uyğunlaşdırılmasına yol açıb. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər yeni perspektivlər vəd edir. Sentyabrın 11-də Naxçıvan şəhərində “İstedad-XXI əsr” hazırlıq kursları üçün yeni tədris binasının istifadəyə verilməsi də təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Ali Məclisin Sədri “İstedad-XXI əsr” hazırlıq kurslarının yeni tədris binasının istifadəyə verilməsi münasibətilə kursun dinləyicilərini və pedaqoji kollektivi təbrik edib. Ali Məclisin Sədri dahilərin “Əgər bir ölkənin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər salmaq lazımdır” fikrini xatırladaraq deyib: “Əgər gənclik təhsilli, dünyagörüşlü və vətənpərvərdirsə, onda ölkə də inkişaf edəcək, dövlət müstəqilliyi əbədi olacaqdır. Bu mənada hər bir ölkənin inkişafı, müstəqilliyinin qorunması və etibarlı gələcəyi təhsillə bağlıdır. Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Bu gün müstəqil Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət yetirilir, müasir tədrisin tələblərinə uyğun infrastruktur yaradılır, hərtərəfli biliyə malik, intellektli və vətənpərvər gənclər yetişdirilir, yaxşı oxuyan gənclər xaricdə ali təhsil almağa göndərilirlər. Eyni zamanda ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında orta, peşə, orta ixtisas, ali və akademik təhsil pillələri üzrə yaradılan şərait təhsil sahəsində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir”.

Muxtar respublikada insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması tələbata uyğun yeni xidmət sahələrinin yaradılmasına və mövcud olanların fəaliyyətinin daha da genişləndirilməsinə imkan verir. Bu sahədə görülən işlərin davamı olaraq “Naxçıvan Avtoservis” müəssisəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Sentyabrın 11-də Ali Məclisin Sədri “Naxçıvan Avtoservis” müəssisəsində yaradılan şəraitlə tanış olub.

Bu gün dünyanın bəzi ölkələrinin ən böyük problemlərindən biri insanların kütləvi şəkildə kənd yaşayış məntəqələrindən şəhərlərə köçməsidir. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Başlıca səbəb isə bu ölkələrdəki kənd yaşayış məntəqələrində sosial həyat üçün normal şəraitin olmaması, məşğulluğun təmin edilməməsidir. Bundan başqa, həmin yaşayış məntəqələrində tibb xidməti də daxil olmaqla, bir sıra xidmət sahələrinin yoxluğu, kəndləri digər yerlərlə birləşdirən yolların acınacaqlı vəziyyətdə olması da bu məsələdə əsas amillərdən biridir. Bu gün muxtar respublikamızda tamamilə başqa bir mənzərənin şahidi oluruq. Böyük əhəmiyyətə malik olan kənd mərkəzləri layihəsinin həyata keçirilməsi nəticəsində muxtar respublikamızın ən ucqar dağ kəndləri də bu gün müasirləşən yaşayış məntəqələrinə çevrilib. Nəticədə, daimi yaşamaq üçün şəhərlərə deyil, kəndlərə üz tutanların sayı hər keçən gün artmaqdadır. Burada gözəl binalar kənd sakinlərinin ixtiyarına verilib, məşğulluq təmin edilib. Müasir suvarma sistemlərinin qurulması geniş torpaq sahələrinin əkilib-becərilməsinə şərait yaradıb. Torpaq mülkiyyətçiləri üçün nəzərdə tutulmuş güzəştlər isə insanları əkib-becərməyə həvəsləndirib. Qaz, işıq, su, rabitə problemləri çoxdan tarixdə qalıb. Kəndlərə aparan əsas və kənddaxili yollar da olduqca rahatdır.

Kəndin təmiz havası, saf suyu, ekoloji təmiz qidaları, xoş aurası, aparılan abadlıq-quruculuq işləri ilə birləşdikdə insanlar üçün bu yaşayış yerləri bir cazibə məkanına çevrilir. Sentyabrın 15-də Babək rayonunun dağlar qoynunda yerləşən Payız kəndi də bu kəndlərimizin sırasına qoşulub.

Yaşayış məntəqəsində kompleks quruculuq işləri aparılıb, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, rahat avtomobil yolu çəkilib, kənddəki qədim su dəyirmanı bərpa olunub.

Ali Məclisin Sədri Bilik Gününün – yeni tədris ilinin başlanmasının Babək rayonunun Payız kəndində müasir məktəb binasının istifadəyə verilməsi ilə qeyd olunduğunu bildirib, çıxışında deyib: “Təhsil qədər cəmiyyəti irəli aparan ikinci bir sahə yoxdur. Əgər təhsil inkişaf edirsə, ölkə də inkişaf edir. Bu gün inkişaf edən ölkələrin təcrübəsini nəzərdən keçirsək, görərik ki, bu ölkələrin inkişafının kökündə təhsilə göstərilən qayğı dayanır. Bu bir həqiqətdir ki, Azərbaycanda təhsilin müasir standartlara cavab verməsi ümummilli liderimiz Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ümummilli Liderimizin müəllifi olduğu və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən təhsil strategiyası Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yeni mərhələyə yüksəlmişdir”.

Bu gün muxtar respublikada mədəniyyət sahəsi də özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin inkişafı təmin olunub. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının və Aşıqlar Birliyinin fəaliyyəti təmin edilib. Muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətlərinin tədqiqi və təbliği daha geniş miqyas alıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Milli musiqi o yerdə inkişaf edir ki, onun kökü olsun. Xalq isə o zaman milli musiqisi ilə fəxr edir ki, onun musiqi sənəti qədim xalq yaradıcılığı nümunələrinə, xalq musiqisinə əsaslansın. Çünki hər bir xalqın varlığı həm də onun xalq yaradıcılığında, xalq musiqisində yaşayır. Bu gün Gəmiqaya abidələrində həkk olunan qədim yallı nümunələri milli musiqimizin minillik inkişaf tarixindən xəbər verir”.

Sentyabrın 18-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

Ali Məclisin Sədri tədbirdə iştirak edib, 2017-ci il 18 sentyabr tarixli Sərəncam ilə təltif olunanlara “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti” fəxri adının döş nişanını və vəsiqəsini təqdim edib.

Ali Məclisin Sədri konsertdən sonra səhnə arxasına keçərək ifaçılarla görüşüb, onları Milli Musiqi Günü və uğurlu çıxışlarına görə təbrik edib.

Muxtar respublikada energetiklər üçün müasir iş şəraitinin yaradılması, elektrik enerjisinin istehlakçılara dayanıqlı və keyfiyyətli çatdırılması sahəsində ardıcıl tədbirlər görülür. Elektrik şəbəkələri üçün yeni inzibati binalar tikilir, müasir yarımstansiyalar qurulur.

Sentyabrın 20-də Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Şahbuz” yarımstansiyası istifadəyə verilib. Ali Məclisin Sədri açılış tədbirində iştirak edib.

Muxtar respublikada sakinlərin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Yeni parkların salınması, xidmət sahələrinin fəaliyyətə başlaması, yaşayış məntəqələrində mədəniyyət evləri və klublar üçün yeni binaların istifadəyə verilməsi, bu mənada, mühüm əhəmiyyətə malikdir. Bu gün muxtar respublikada bütün təbəqədən olan insanlar diqqət mərkəzindədir. Ahıl vətəndaşlara, təqaüdçülərə göstərilən qayğı, onların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər də muxtar respublika sakinləri tərəfindən minnətdarlıqla qarşılanır.

Bu tədbirlərin davamı olaraq sentyabrın 30-da – Beynəlxalq Ahıllar Günü ərəfəsində Naxçıvan şəhərində 2 nömrəli Təqaüdçülər Klubu üçün yeni bina istifadəyə verilib. Ali Məclisin Sədri tədbirdə iştirak edib.

Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında sosial islahatların əhatə dairəsini xeyli genişləndirib. Əhalinin məşğulluğunun və rahat yaşayışının təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin və aparılan quruculuq işlərinin əsasını təşkil edir. Hər il Naxçıvan şəhərində yeni ictimai yaşayış binaları tikilərək istifadəyə verilir, mövcud çoxmənzilli yaşayış binaları yenidən qurulur. Bu tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 79 nömrəli yaşayış binasında da yenidənqurma işləri aparılıb.

Sentyabrın 30-da Ali Məclisin Sədri binada görülən işlərlə maraqlanıb, sakinlərlə görüşüb.

Deyirlər, insanların ömrü həm də yaxşı əməlləri, gördüyü böyük işlərlə ölçülür. Bu mənada, nə qədər ki, ulu öndər Heydər Əliyevin qoruyub yüksəltdiyi qədim Naxçıvan, qüdrətli Azərbaycan var, dahi şəxsiyyət də yaşayacaqdır. Bu gün muxtar respublikamızın gündəlik həyatında, strateji amallarında, görülən genişmiqyaslı işlərdə Ulu Öndərin dəst-xəttini gördükcə, insanların gələcəyə inamları daha da artır, onlar əzmlə çalışırlar. Qədim yurdda görülən genişmiqyaslı işlər isə müstəqil Azərbaycan dövlətinin milli maraqlarının ən yüksək səviyyədə təmin olunmasına xidmət edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış sosial-iqtisadi inkişaf strategiyasının müasir mərhələdə müvəffəqiyyətlə icra olunması isə belə deməyə əsas verir ki, muxtar respublikamız bundan sonra da yeni-yeni uğurlara imza atacaqdır.

Rauf Kəngərli

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR