Muxtar respublikada heyvandarlığın inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir
9-06-2017, 11:54 | Oxunub: 10 331 |
Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olub, əhalinin səmərəli məşğulluğunun və özünüməşğulluğunun təmin edilməsində mühüm sahədir. Muxtar respublikada bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsinin inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müstəqilliyimizin ilk illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ümummilli liderimiz kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir. Belə ki, 1992-ci il aprelin 6-da keçirilən sessiyada “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmış, daxili bazarda məhsul bolluğu yaradılmışdır.Sonrakı dövrlərdə kənd təsərrüfatının şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulmuş vəzifələrin kompleks şəkildə həyata keçirilməsinə geniş imkanlar yaratmışdır. Əhalinin yerli ərzaq məhsulları ilə təminatında və emal sənayesinin inkişafında mühüm yer tutan heyvandarlıq sahəsi üzrə də müvafiq işlər görülmüş, mal-qara və heyvanların təbii yem bazası ilə təmin olunması məqsədilə torpaq sahələrinin suvarma suyuna olan tələbatının səmərəli ödənilməsi və kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarma suyunun çatdırılması mexanizmi daha da təkmilləşdirilmiş, su anbarları əsaslı təmir edilmiş, yeni nasos stansiyaları, subartezian quyuları tikilmiş və ya bərpa olunmuşdur. Yüksək və keyfiyyətli heyvandarlıq məhsullarının əldə edilməsi məqsədilə ötən dövr ərzində Naxçıvan şəhərində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən istehsal gücü saatda 3-3,5 ton və 10 ton olan iki qarışıq yem istehsalı sahəsi yaradılmış, Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gündəlik istehsal gücü 10 ton olan qarışıq yem istehsalı sahəsinin yaradılması davam etdirilir. Bundan əlavə, Şərur rayonunda gündəlik istehsal gücü 10 ton olan qarışıq yem və Culfa rayonunda gündəlik istehsal gücü 500 kiloqram olan yem istehsalı sahələri yaradılmışdır.
Muxtar respublikada heyvandarlıq sahəsinin inkişafı istiqamətində təsərrüfat subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində təkcə 2016-cı ildə bu sahəyə 8 milyon manatdan artıq həcmdə kreditlər verilmişdir.Əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində mühüm təsir vasitəsi olan baytarlıq təbabəti üzrə ixtisaslı kadrların hazırlanması, aqrar sahənin elmi təminatının yaxşılaşdırılması məqsədilə Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisası açılmış, müasir tədris ocağı istifadəyə verilmişdir. Bundan əlavə, Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisas üzrə yeni laboratoriya və fənn kabinələri yaradılmış, maddi-texniki baza gücləndirilmişdir.
Heyvandarlığın inkişafı üzrə həyata keçirilən dəstəkləyici tədbirlər muxtar respublikada iribuynuzlu mal-qara və xırdabuynuzlu heyvanların baş sayının dinamik artımını təmin etmişdir. Belə ki, 2016-cı ilin sonuna muxtar respublikada 110806 baş qaramal, 672014 baş xırdabuynuzlu heyvan mövcud olmuşdur ki, bu da 1990-cı ildəki göstəriciləri müvafiq olaraq 1,8 və 2,7 dəfə üstələmişdir.Muxtar respublikaya son dövrlər ərzində 1937 baş damazlıq cins mal-qaranın, ətlik və südlük toxum preparatlarının alınıb gətirilməsi, yeni süni mayalanma məntəqələrinin istifadəyə verilməsi heyvandarlıq sahəsinin inkişafına ciddi təkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması bu sahənin inkişafına stimul yaratmışdır. Təkcə 2016-cı ildə heyvandarlıq təsərrüfatlarında 8237 baş mal-qara süni yolla mayalandırılmış, bu dövr ərzində 3584 baş sağlam bala alınmışdır. Mal-qara və heyvanların baş sayının və cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının istehsalının artmasına zəmin yaratmış, 2016-cı ildə muxtar respublikada diri çəkidə 25765,7 ton ət, 81371,6 ton süd istehsal edilmişdir. 1990-cı illə müqayisədə ət istehsalı 2 dəfə, süd istehsalı 2,7 dəfə artmışdır.Emtv.az
OXŞAR XƏBƏRLƏR