17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
2016-nın iqtisadi “bombaları”
Astanasında olduğumuz 2016-cı il daha çox iqtisadi təlatümlər, qiymət bahalaşması, çətinliklər, problemlərlə tarixin yaddaşına həkk olunmaqdadır
Çünki bu il hökumət və rəsmi qurumlar hələ ötən ilin vurduğu yaraları sarımağa macal tapmadı. Problemlər isə üst-üstə qalaqlandı. 2015-ci il 21 fevral və 21 dekabr devalvasiya şoku ilə xatırlanarkən, 2016-cı il daha çox bahalaşma dalğasına şahidlik etdi. Təəssüf ki, qeyd edilən başlıca problemlər həll olunmadan növbəti ilə transfer edilməkdədir.
Bu il proseslərdən ən çox zərər görənlər isə istehlakçılar və kommersiya banklarına dollarla kredit ödəyən vətəndaşlarımız oldu. Hər 10 vətəndaşdan 7-sinin kredit borcu olduğunu təxmini nəzərə alsaq, vəziyyətin nə dərəcədə acınacaqlı və çıxılmaz olduğunu təsəvvür etmək elə də çətin deyil. Çıxılmaz ona görə ki, vətəndaş hələ 21 fevral 2015-ci il devalvasiyasından əvvəl 0.78 manat məzənnəsilə götürdüyü dollar kreditini bugünkü 1,7707 məzənnəsi ilə ödəmək məcburiyyətindədir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məsimlinin dollar kreditlərilə bağlı birgə hazırlayaraq hökumətə təqdim etdikləri 14 səhifəlik islahat paketinə isə baxan olmadı. Qeyd edək ki, həmin təkliflərdə dollarla borcu olanların ödənişi 1,05 məzənnəsilə həyata keçirməsi öz əksini tapırdı.
Dünyanı tərsinə fırladan neft qiymətləri ölkəmizdən də yan keçmədi. Neftin ucuzlaşması və davam edən devalvasiya nəticəsində həm də çox sayda iş yerləri qapadıldı. İnsanlar aldıqları əmək haqqı ilə gündəlik tələbatlarını çox böyük çətinliklə ödəyə bildi. İkirəqəmli inflyasiya ilin əvvəlindən sonuna qədər öz mövqeyini qoruyub saxlaya bildi.
2016-cı ildə "SOCAR-ın istiqrazları" ilə bağlı gözləntilər böyük olsa da, proqnoz özünü doğrultmadı.
İlin ən uzunmüddətli sazişi isə Azərbaycan Dövlət Neft Şirkəti ( ARDNŞ) və BP arasında imzalanan, 2050-ci ilə kimi “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsini nəzərdə tutan layihədir.
Tarif Şurasının gecə xəbərləri...
Azərbaycanda pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlər idxaldan asılılıq səbəbindən qiymətləri qaldırmaqla öz kəsirlərini kompensasiya etdilər. Olanlar isə sadə vətəndaşa oldu...
Bütün bunlar azmış kimi, Tarif Şurasının (TŞ) keçirdiyi kollegiya iclaslarının gecə qərarları qayğıları daha da artırdı. 2016-cı ilin mayın 16-dan etibarən “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə — bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edildi.
Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olundu.
Tarif Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında isə təbii qaz və elektrik enerjisinin satış tariflərinə baxılaraq tənzimləmə aparıldı.
Diferensiallaşdırma nəticəsində təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanıldı. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirildi.
Elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanıldı. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirildi.
Şuranın gözlənilməz qərarı əhali arasında ciddi narahatlıqla qarşılandı. İctimaiyyətin böyük narazılığına səbəb olan qərarla bağlı ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artırıldı.
Büdcənin “boğulan” xərcləri
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqlədi. Sənədə əsasən, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 255 000,0 min manat, xərcləri 16 900 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 634 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 16 211 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində müəyyən edildi.
2017-ci ilin proqnozlaşdırılan büdcə xərcləri 2011-ci ildən ötən dövr ərzində ən aşağı göstəricidir. Belə ki, 2011-ci ildə proqnozlaşdırılan büdcə xərcləri 12748.0 mln. manat olmuşdu. 2012-2016-cı illərdə həmin göstəricinin ən aşağı həddi 2012-ci ildə (17672.0 mln. manat), ən yüksək həddi isə 2014-cü ildə (20063.0 mln. manat) qeydə alınıb.
Beləliklə, maliyyə naziri Samir Şərifovun ilkin proqnozları özünü doğrultdu və bu, son 10 ildə ən kiçik vəsaiti əhatə edən dövlət büdcəsi oldu. Nazirin də bildirdiyi kimi təsdiqlənən büdcədə bir sıra layihələr təxirə salındı, xərclər minimuma endirildi.
2017-ci il üçün gözləntilər
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2017-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı apardığı zəruri araşdırmada göstərilir ki, “Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” Qanununa əsasən, 2017-ci ildə dövlət büdcəsinin gəlirlərinin 16255.0 mln. manat olması gözlənilir.
Bu, 2015-ci ildə dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə 1243.0 mln. manat (yaxud 7.1 faiz), 2016-cı ilin dövlət büdcəsi gəlirlərinin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 567.0 mln. manat (yaxud 3.4 faiz) azdır.
2017-cı ildə dövlət büdcəsi gəlirlərinin illik ÜDM-in 26.5 faizi qədər olması gözlənilir ki, bu da 2016-cı il üçün proqnozlaşdırılan müvafiq göstəricidən 2.6 faiz bəndi, 2015-ci ilin faktiki göstəricisindən 5.7 faiz bəndi azdır.
Proqnoza əsasən, 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 6100.0 mln. manatı (yaxud 37.5 faizi) Dövlət Neft Fondunun transferti, 4137.0 mln.manatı (25.5 faizi) əlavə dəyər vergisi (ƏDV), 2179.0 mln.manatı (13.4 faizi) hüquqi şəxslərin mənfəət vergisi, 1168.0 mln.manatı (7.2 faizi) fiziki şəxslərin gəlir vergisi, 608.0 mln.manatı (3.7 faizi) aksiz vergisi, 454.0 mln. manatı (2.8 faizi) gömrük rüsumları, 344.0 mln. manatı (2.1 faizi) sadələşdirilmiş vergi, 178.0 mln. manatı (1.1 faizi) hüquqi şəxslərin əmlak vergisi, 89.0 mln. manatı (0.5 faizi) yol vergisi, 90.0 mln. manatı (0.6 faizi) vergi qanunvericiliyinin pozulması ilə bağlı cərimə vəsanksiyalardan daxilolmalar hesabına formalaşacaq.
2016-ci ilin proqnozu ilə müqayisədə 2017-cı ilin dövlət büdcəsi proqnozunda gəlirlər üzrə Dövlət Neft Fondundan transfertin məbləğinin 1515.0 mln. manat (-19.9 faiz), aksiz vergisi üzrə daxilolmaların 29.0 mln. manat (-4.6 faiz) az olması, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların 494.0 mln. manat (13.6 faiz), hüquqi çəxslərin mənfəət vergisi üzrə 264.4 mln. manat (13.8 faiz), gömrük rüsumlarının 66.0 mln. manat (17.0 faiz), fiziki şəxslərin gəlir vergisi üzrə 88.0 mln. manat (8.1 faiz), ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar üzrə 44.0 mln. manat (30.3 faiz), sadələşdirilmiş vergi üzrə 44.0 mln. manat (14.7 faiz), hüquqi şəxslərin əmlak vergisi üzrə 3.8 mln. manat (2.2 faiz), yol vergisi üzrə 2.0 mln. manat (2.3 faiz) çox olması gözlənilir.
Maliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin 7855.0 mln. manatı (48.3 faizi) neft sektorundan, 8400.0 mln. manatı (51.7 faizi) isə qeyri-neft sektorundan daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır. 2016-cı ilin proqnozu ilə müqayisədə 2017-ci ilin proqnozunda neft sektorundan dövlət büdcəsinə daxilolmaların 1370.0 mln. manat (yaxud 14.9 faiz) az olması, qeyri-neft sektorundan daxilolmaların isə 803.0 mln. manat (yaxud 10.6 faiz) çox olması gözlənilir. 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarının proqnozlaşdırılan illik qeyri-neft ÜDM-nin 20.2 faizi qədərdir.
Qanuna əsasən, 2017-ci ildə dövlət büdcəsinə daxilolmaların 15634.7 mln. manatı (96.2 faizi) mərkəzləşdirilmiş gəlirlərin, qalan 620.3 mln. manatı (3.8 faizi) isə yerli gəlirlərin hesabına baş tutacaq. 2016-cı ilin proqnozu ilə müqayisədə 2017-ci ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinin 421.0 mln. manat (-2.6 faiz), yerli gəlirlərin isə 146.0 mln. manat (-19.1 faiz) az olması nəzərdə tutulur.
2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 46.2 faizi (7510.0 mln. manatı) Vergilər Nazirliyinin, 13.5 faizi (2200.0 mln. manatı) Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 37.5 faizi (6100.0 mln. manatı) Dövlət Neft Fondunun transfertinin, qalan 2.8 faizi (445.0 mln. manatı) isə digər mənbələrdən daxilolmaların payına düşür.
Maliyyə Nazirliyinin məlumatına görə 2017-cı ildə dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə toplanacaq vəsaitin 1755.0 mln.manatı (23.4 faizi) neft sektorundan, 5755.0 mln.manatı (76.6 faizi) isə qeyri-neft sektorundan daxil olması proqnozlaşdırılır.
Qeyd edilməlidir ki, 2017-cı ilin büdcə gəlirləri proqnozu xam neftin 1 barelinin ixrac qiymətinin 40.0 ABŞ dolları götürülməsi əsasında işlənilib.
Sürprizsiz ilin trendləri...
Ekspertlərin 2017-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin struktur, müqayisəli və trend təhlili aşağıdakıları ortaya çıxardı:
1. Ayrı-ayrı tədiyə növləri üzrə vergi daxilolmalarının məbləği ilə bağlı hökumətin qərarsızlığı müşahidə olunur;
2. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləğinin ixtisar edilməsi siyasəti davam etdirilir;
3. Dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorundan birbaşa daxilolmaların məbləği və payı azalmaqda davam edir, lakin 2017-ci ildə büdcə gəlirlərinin yarıdan çoxu yenə də neft sektorunun payına düşəcək;
4. ARDNF-in transferi nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri büdcənin illik cari xərclərini və dövlət borcuna xidmətlə bağlı xərcləri ödəmək iqtidarında olmayacaq;
5. Dövlət büdcəsi gəlirlərində bir neçə mənbənin rolu, yəni gəlir mənbələrinin təmərküzləşmə səviyyəsi yüksək olaraq qalmaqdadır;
6. Vergi Məcəlləsində aksiz vergisinə cəlb olunan malların siyahısının genişləndirilməsinə və bəzi mallar üzrə aksiz dərəcələrinin artırılmasına baxmayaraq 2017-ci ildə aksizlər üzrə daxilolmaların azalması proqnozlaşdırılır;
7. Dövlət büdcəsinin 3 əsas vergi növü üzrə daxilolmalar proqnozunun artırılması ilə bağlı yetərincə izahat yoxdur;
8. Sadələşdirilmiş vergi üzrə büdcə daxilolmalarının sürətlə artması proqnozlaşdırılır;
9. Qeyri-neft sektorundan daxilolmalarının qeyri-neft ÜDM-ə nisbəti çox aşağıdır;
10. Dövlət büdcəsinin yerli gəlirlərin azalması tendensiyası davam edir;
11. Dövlət müəssisələrinin büdcə öhdəlikləri barədə detallı məlumatlar yoxdur.