17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tarix-dünənin bu günə yadigarı, bu günün dünənə baxışı
“Naxçıvan ulu tarixi keçmişi olan, qədim azərbaycanlıların yaşadığı bir ərazidir. Mən bu qədim tarixin bütünlüklə öyrəniləcəyinə və əsl həqiqətin öz yerini tapacağına tamamilə inanıram”. Ulu öndər Heydər Əliyevin AMEA Naxçıvan Bölməsinin açılışında iştirak edərkən nitqində xüsusi olaraq vurğuladığı bu fikirlər AMEA Naxçıvan Bölməsinin, tarix elminin və Naxçıvanşünaslığın qarşısında duran başlıca prioritet istiqaməti müəyyənləşdirirdi. Ümummilli lider bu müdrik fikrində həm də əsl həqiqətin yerini tapacağından bəhs edirdi. Ulu öndərin yerini tapmasını gözlədiyi əsl həqiqət nə idi? Və illər sonra o əsl həqiqət öz yerini necə tapdı?
Antik Roma müəllifi Pliniy Sesiliy Sekund tarix barədə yazırdı: “Tarix əsl həqiqətlərin unudulmaması üçün yazılmışdır”. Tarixin ən böyük həqiqəti isə insan oğlunu inandırmaqdır – şanlı bir keçmişinin var olduğuna inandırmaq. Bu, xalqlar üçün də keçərlidir. O millətlər böyük millətlər sırasına yüksəlirlər ki, onlar tarixləri, tarixi şəxsiyyətləri ilə qürur duymağı bacarırlar. Bu, millətin özünəinamının formalaşması üçün ən böyük şərtdir. Heç də təsadüfi deyildir ki, böyük imperiyalar işğal etmək istədikləri ölkələrin öncə tarixini, ideologiyasını və bununla da, özünəinamını hədəf alırlar. Xalqın özünəinam hissini sındırmaq üçün öncə ona öz tarixinə sayğısızlıq hissini aşılamaq lazımdır. Və yaxud da əksinə, bir xalqda özünəinam hissinin formalaşması üçün öncə ona tarixinə hörmətlə yanaşmağı öyrətmək lazımdır.
Keçmişlə gələcək arasında...
Və bu fikirlərin işığında bir daha sovetlər dönəmini xatırlamağa məcburuq: Azərbaycanın sovetləşdirildiyi ilk dönəmlərdə milli ziyalıların repressiyalarını, tarixi-mədəni və tarixi-dini abidələrimizin keçmişin qalıqları adı altında məhvini və tarixi keçmişimizə inamımızın azaldılması üçün guya azərbaycanlıların aborigen olmadığını özündə ehtiva edən saxta tarix konsepsiyasını. XX əsrin 60-cı illərinin sonlarından başlayaraq isə hansısa görünməz bir qüvvə SSRİ-nin siyasi fikir mərkəzlərinin diktəsi altında yazılmış bu saxta tarix konsepsiyasının qarşısını almağa çalışırdı. Bunu “sovet repressiya maşını”nın əzici gücünün boşluqlarından yararlanaraq mədəni inkişaf adı altında etdirir, ənənəvi saxta tarix konsepsiyasının ənənələrini pozan dissident tədqiqatçılar müxtəlif vasitələrlə qorunur, XX əsrin 70-ci illərində isə bizi tariximizin qəhrəmanlıq səhifələri ilə tanış edəcək “Nəsimi”, “Babək”, “Tütək səsi”, “Ulduzlar sönmür”, “Axırıncı aşırım”, “Atları yəhərləyin”, “Dədə Qorqud”, “Nizami” kimi filmlər çəkilirdi. Təbii ki, azərbaycanlıların özünəinam hissinin qaytarılmasına xidmət edən bu məqsədli ideoloji işin müəllifi o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan, gələcək müstəqil Azərbaycanın memarı Heydər Əliyev idi.
XX əsrin ictimai, iqtisadi və sosial böhranla dolu 90-cı illərinin əvvəllərində Azərbaycanda məqsədli ideoloji iş öz yerini “yersiz pafos”a verdi. Elə bu səbəbdəndir ki, bizdə meydanlarda heç bir məntiqə dayanmayan, bir budaqda oturub min budağı silkələyən pafoslu cümlələr səslənəndə ermənilər uzun illər ərzində havadarlarının dəstəyi ilə formalaşdırdıqları saxta tarix konsepsiyası əsasında yazılmış “əsərlərdəki” “tarixi faktları” dünyanın siyasi və elmi dairələrinin müzakirəsinə çıxardılar. Tarixi taleyi daima Azərbaycanla bağlı olmuş ərazilərimizə – Qarabağa və Naxçıvana qarşı həm hərbi, həm də fikri-ideoloji təcavüzə başladılar. Saxta iddialar əsl həqiqətin yerində ayaq açıb yeriməyə çalışdı. Ümummilli lider Heydər Əliyevin Naxçıvanın tarixinin bütünlüklə öyrənilməsindən sonra əsl həqiqətin yerini tapacağına inamını ifadə etməsi də məhz bununla bağlı idi. Təsadüfi deyildir ki, ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi dönəmdə Naxçıvan obyektiv və milli alimlərə qucaq açmaqla bu saxta iddiaların qarşısını almağa çalışıb. 1992-1995-ci illərdə Naxçıvanın bir qrup arxeoloji abidələri haqqında tədqiqatların toplu halında nəşr etdirilməsi də məhz bu işin tərkib hissəsi idi.
Yeni yol və yeni konseptual baxış
Ümumilikdə, ən yeni tariximizə nəzər salanda biz Naxçıvan tarixinə yeni konseptual yanaşmanın əsasının 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumundan sonra qoyulduğunun şahidi oluruq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov simpoziumdakı çıxışında demişdir: “Bütün bunlar Naxçıvanın yeni istiqamətdə, yeni milli ruhda və gerçək mənbələr əsasında, milli mənafe əsas götürülməklə əsl tarixinin yazılmasını meydana çıxarmalıdır”. Bəli, tarixə dair onlarla, hətta yüzlərlə kitab yazıb ənənəvi konsepsiyadan çıxış etmək olar, lakin bircə nitq ilə yeni tarixi konsepsiyanın yaradılmasına SƏBƏBKAR da olmaq olar. Məhz bu fikirlər təkcə Naxçıvan tarixinin öyrənilməsini yox, həm də, ümumilikdə, Naxçıvanda tarixi keçmişimizə münasibətin necə olmalı olduğunu müəyyən edirdi.
Naxçıvan Muxtar Respublikasının 75, 80 və 85 illik yubileyləri ilə əlaqədar ulu öndər Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar Naxçıvan tarixinin öyrənilməsinə yeni konseptual yanaşmanın hüquqi bazasını təmin edən sənədlər kimi tarixə düşdü. Muxtar respublikanın yubileyləri ilə əlaqədar keçirilən elmi konfranslarda Naxçıvan tarixinin mühüm dövrləri ilə bağlı yeni istiqamətlər müəyyən edildi. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 4 fevral 1999-cu il tarixli Fərmanının özü yeni bir istiqamətin – Naxçıvanın tarixi coğrafiyasının öyrənilməsinin zəruriliyini ortaya qoydu. Sərəncamın 2-ci bəndinə uyğun olaraq Naxçıvanın tarixini və mədəniyyətini tədqiq etmək üçün yaradılmış elmi qurumun qarşısına Naxçıvanın tarixi coğrafiyası adlı kitabın nəşri və “Naxçıvan tarixi” adlı xəritələr toplusunun hazırlanması vəzifə kimi qoyuldu. Bu qurumun fəaliyyəti nəticəsində “Naxçıvan Ensiklopediyası” qısa müddətdə hazırlandı və 2002-ci ildə nəşr edildi.
Əsl həqiqətə doğru...
2002-ci il Naxçıvan tarixi üçün, ümumilikdə, Naxçıvan elmi üçün çox ciddi əhəmiyyətə malik daha bir hadisə ilə yadda qaldı. Ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradıldı və məhz bölmənin açılışında ümummilli lider Heydər Əliyev Naxçıvanın ulu tarixinin tədqiqi ilə əsl həqiqətin öz yerini tapacağını vurğuladı. AMEA Naxçıvan Bölməsinin yaradılması Naxçıvanın tarixi ilə bağlı tədqiqat işlərinin aparılmasını və yeni tarixçi kadrların hazırlanması prosesini sürətləndirdi.
Naxçıvanda “Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri”, “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilkin yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan:ilkin şəhər və Duzdağ” və başqa mövzularda onlarla simpozium və elmi konfransların təşkili və keçirilməsi təkcə əldə olunmuş elmi nəticələrin müzakirəsinə yox, həm də dünyanın müxtəlif ölkələrinin elm nəhənglərinin diqqətinin Naxçıvana yönəldilməsinə xidmət edirdi. Heç də təsadüfi deyildir ki, son 20 il ərzində biz ABŞ, Fransa, Rusiya, Türkiyə kimi ölkələrin tanınmış elm adamlarının qələmindən Naxçıvanla bağlı həqiqətləri ortaya qoyan çox ciddi tədqiqat əsərlərinin – monoqrafiya və məqalələrin nəşrinin şahidi olmuşuq. 2006-cı ildən başlayaraq Naxçıvan ərazisində məhz Naxçıvan arxeoloqlarının rəhbərliyi ilə Azərbaycan-Fransa, Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyalarının aparılmasının özü Naxçıvanda tarixə, tarix elminə göstərilən yüksək diqqətin və qayğının ifadəsi, Naxçıvan elminin beynəlxalq aləmdəki yerinin göstəricisidir.
Tarix onun şahidlərinin dili ilə
Naxçıvan tarixinə yeni münasibət və Naxçıvanda tarixə yeni münasibət təkcə tarixi əsərlərin yazılması işi ilə yekunlaşmır. Bu, işin, sadəcə, bir tərəfidir. Tariximizin canlı şahidləri olan abidələrimizin bərpası istiqamətində 1996-cı ildən bu günə qədər görülən nəhəng işlər tariximizin tədqiqi ilə yanaşı, təbliğini də reallaşdırdı. Çünki Naxçıvan ərazisində mövcud olan Azərbaycan xalqının yaratdığı maddi-mədəniyyət inciləri – tarixi abidələr qədim diyarımıza əsassız iddialar irəli sürənlərə qarşı ən layiqli cavab, dünya elm aləmi üçün isə ən əsaslı sübutdur. Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması, Naxçıvanda “Dədə Qorqud” meydanının salınması, Nuh Peyğəmbərin məzarüstü türbəsinin bərpa edilməsi, Möminə xatın və Qarabağlar memarlıq komplekslərinin konservasiyası, “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzeyinin yaradılması, Əshabi-Kəhf, İmamzadə, buzxana abidələrinin, Came məscidinin, Zaviyə mədrəsəsinin, Yusif Küseyir oğlu türbəsinin, Xan sarayının, Naxçıvanqalanın, Culfada Xanəgah Abidə Kompleksinin, Əlincə qalasının, Gülüstan abidəsinin əsaslı bərpası, tarixi maddi-mədəniyyət nümunələrimizi, xüsusən qoç heykəllərini qorumaq və bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədilə Açıq Səma Altında Muzeyin yaradılması və bir yazıya sığışmayacaq qədər görülən digər işlər məhz yuxarıda sadaladığımız amallara xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci ildə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar haqqında pasport qeydiyyat kartları hazırlanmış abidələrin sayı 1200-dən artıqdır. 3700 metr yüksəklikdə yerləşən “Gəmiqaya” muzeyi dünyada olan muzeylər sırasında ən yüksəkdə yerləşən muzeylərdən biri və bəlkə də, birincisidir.
Tariximizə yeni yanaşmanın fundamental ifadəsi
1996-cı ildən ötən illər ərzində elmə, tariximizin öyrənilməsinə, tarixçilərə göstərilən yüksək dövlət qayğısının məntiqi nəticəsi olmalı idi. Bu illər ərzində yazılan, hazırlanan yüzlərlə kitablar, monoqrafiyalar, məqalələrin hər biri Naxçıvanın tarixinə yeni yanaşmanın müxtəlif konturlarını, cizgilərini müəyyənləşdirirdi. Və təbii ki, tariximizə yeni yanaşmanın fundamental əsaslarını ifadə edən əsərlər meydana çıxmalı idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 avqust 2012-ci il tarixli “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncamı məhz belə bir əsərin meydanaçıxma zamanının yetişdiyinin göstəricisi oldu. 2013-2015-ci illər ərzində üçcildlik “Naxçıvan tarixi” yüksək səviyyədə hazırlanaraq nəfis tərtibatda nəşr edildi və bu əsər tariximizə yeni yanaşmanın fundamental ifadəsi oldu. Lakin bu, son deyil, yeni bir başlanğıcdır. Bu günə qədərki tədqiqatlar tariximizin yeni yanaşma ilə ümumi mənzərəsinin formalaşmasına xidmət edirdisə, indi artıq tariximizin ayrı-ayrı nüanslarının istiqamətlərinin öyrənilməsi zamanın tələbidir.
Tarix yaradanlar, tarix yazanlar və tarixini öyrədənlər...
Bəli, elə o dediyimiz zamanın bütün dövrlərində biz bir millət olaraq əməllərimizlə tarix yaratmışıq. Babalarımız qəhrəmanlıqları ilə tarix yaradanda sonradan bu qəhrəmanlıq tarixinə sahib çıxan qonşular bu tarixi özlərinə sərf edən formada yazmaqla məşğul idilər. Son 20 il ərzində isə Naxçıvanda həm tarix yaradılıb, həm də tarix yazılıb. Lakin iş bununla da bitməyib. Yaşadılan və yazılan tarixi həm də gələcək nəsillərə ötürmək bir vəzifə kimi qarşıda durur. Və Naxçıvanda ali məktəb tələbələrinin, orta məktəb şagirdlərinin, müxtəlif dövlət qurumlarının, idarə və müəssisələrin əməkdaşlarının tariximizin saxlanc yeri olan muzeyləri ziyarətlərinin təşkili, son illər ərzində Naxçıvanın tarixi ilə bağlı yazılmış fundamental tədqiqatların nəinki elm və ali təhsil müəssisələrinə, hətta muxtar respublikada fəaliyyət göstərən ən ucqar dağ kəndlərinin məktəblərinə də çatdırılması bu tarixi gələcək nəsillərə öyrətmək üçündür.
Tariximizi öyrənirik və öyrədirik ki, taleyimizi özümüz müəyyənləşdirək
Belə bir müdrik fikir var: “Tarixini bilməyənlərin coğrafiyasını başqaları müəyyənləşdirir”. Əslində, təkcə coğrafiyasını yox, həm də, ümumilikdə, taleyini. Son 20 il ərzində Naxçıvan Muxtar Respublikasında tarixi keçmişimizə formalaşdırılan münasibət isə burada yaşayan hər bir azərbaycanlının Azərbaycana mənsubluğu ilə fəxr etməsinə səbəb olub. Bu özünəinam hissi isə Naxçıvanın bugünkü və gələcək inkişafının qarantına çevrilib.
Və ən nəhayət... Bu gün heyranlıqla Naxçıvanın inkişafından danışan, yazan hər kəsi əmin edə bilərik. 1996-cı ildə tarixə münasibəti dəyişən TARİXİ MÜNASİBƏT olmasaydı, bu gün hər kəs naxçıvanlıların Vətənə və torpağa bağlılıqlarından, məhdud şərtlər altında Naxçıvan intibahının gerçəkləşdirilməsindən bəhs edə bilməyəcəkdi. Çünki bu intibahı gerçəkləşdirmək üçün tarixinə, keçmişinə, özünə inam olmayacaqdı.