17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi olub
Noyabrın 1-də Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin açılış tədbiri olub.
Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra qonaqlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının foyesində Naxçıvanda nəşr olunan elmi kitablardan, jurnallardan, arxeoloji tapıntılardan, rəsm əsərlərindən və xalq yaradıcılığı nümunələrindən ibarət sərgiyə baxıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov muxtar respublikada keçirilən ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin iştirakçılarını və qonaqları salamlayıb, festivalın işinə uğurlar arzulayıb.
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında elmin inkişafının həmişə diqqət mərkəzində olduğunu vurğulayan Rəhman Məmmədov bildirib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu daha da təkmilləşdirilib, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi təsis edilib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar, Təbii Ehtiyatlar institutları, Batabat Astrofizika Rəsədxanası üçün binalar tikilib və ya əsaslı təmir olunub, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar və iş otaqları qurulub. Bununla yanaşı, Elektron kitabxana da yaradılıb.
Qeyd olunub ki, muxtar respublikada zəruri elmi infrastrukturla yanaşı, elmi kadrların hazırlanması da diqqətdə saxlanılıb, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində dissertasiya şuraları fəaliyyətə başlayıb. Bunun nəticəsində muxtar respublikanın elmi potensialı ildən-ilə artıb.
“Elmi potensialın artması fundamental tədqiqatların aparılması və elmi nəticələrin əldə olunmasına əlverişli şərait yaradıb. Naxçıvanda aparılan elmi araşdırmaların ən son nailiyyətləri, məlumatları və ümumiləşdirici fikirləri nəşr olunan əsərlərdə öz əksini tapıb”, – deyən Rəhman Məmmədov diqqətə çatdırıb ki, üçcildlik “Naxçıvan tarixi” və “Naxçıvan folkloru antologiyası”, ikicildlik “Naxçıvan Ensiklopediyası” və Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan teatrının salnaməsi” kimi ümumiləşdirici əsərlər hazırlanaraq nəşr olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri elm adamlarının elmimizi daha da zənginləşdirəcəklərinə əminliyini ifadə edib, ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin işinə uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisə sayılan ikinci Azərbaycan Elm Festivalının ilk mərhələsinin qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Akademik respublikamızda, o cümlədən muxtar respublikada elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından, alimlərimizin əldə etdikləri uğurlu elmi nəticələrin əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən ətraflı söhbət açıb. Bildirib ki, Azərbaycan elmi ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə böyük inkişaf yolu keçib. Dahi Heydər Əliyev epoxasının Azərbaycan Elmlər Akademiyası keçmiş Sovet İttifaqında tanınmış mühüm elmi qurumlardan birinə çevrilib. Ulu öndər 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilməsi haqqında tarixi Fərman imzalayıb. Həmçinin bu istiqamətdə digər qərarlar akademiyanın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaradıb. Bütün bunların nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyət dairəsi genişlənib, elmin davamlı inkişafı təmin edilib. Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2016-cı il tarixli Fərmanı, bütövlükdə, Azərbaycan elminin inkişafına böyük töhfə verib.
Ölkəmizdə bütün sferalarda olduğu kimi, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunmasının, inkişaf etdirilməsinin dövlət siyasətinin vacib istiqamətlərindən biri olduğunu vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti qeyd edib ki, ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması kimi mühüm vəzifələri qarşıya qoyaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi istiqamətində müdrik addım atıb. Bu elmi müəssisə isə, öz növbəsində, mühüm töhfələri ilə bölgədə elmin mərkəzinə çevrilib və elmi inkişafa stimul verib. 25 ildir, blokada vəziyyətində yaşayan muxtar respublikada bu gün ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan bütün sahələr üzrə, o cümlədən elmin inkişafında böyük inkişaf yolu keçib.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev vurğulayıb ki, bu gün respublikamızda elmin cəmiyyətdə rolu günü-gündən artmaqdadır. Bunun bir səbəbi elmə dövlətin diqqət və qayğısının artması ilə bağlıdırsa, digər bir səbəbi isə elm siyasətinin elm adamlarına güclü təsiri və gənclərin bu sahəyə göstərdiyi ciddi maraqla əlaqədardır. Naxçıvan Muxtar Respublikasında da elm adamları yüksək qayğı və diqqətlə əhatə olunublar. Nəticədə, son illərdə muxtar respublikada elmi mühit formalaşıb, elmdə kəmiyyət və keyfiyyət artımı özünü əyani şəkildə göstərib.
“Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində 4 elmi-tədqiqat institutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu fəaliyyət göstərir. Bunlardan üçü təbiətşünaslıq-texniki istiqamətdə, qalan üçü isə ictimai-humanitar istiqamətində elmi-tədqiqat işlərini həyata keçirir”, – deyən İsmayıl Hacıyev bildirib ki, bölmənin elmi əməkdaşlarının 119 monoqrafiyası, bunlardan 14-ü xaricdə, 145 kitabı, bunlardan 17-si xaricdə, 4717 məqaləsi, bunlardan 1288-i xaricdə, 1251 tezisi, o cümlədən 561-i xaricdə, 18 xəritəsi nəşr olunub, 25 patent alınıb, əməkdaşlar 19 qrant layihəsində qalib gəliblər. Əməkdaşların 46 elmi əsəri impakt faktorlu jurnallarda dərc olunub.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən elm adamlarının bundan sonra da elmi potensiallarından daha yüksək səviyyədə istifadə etməyə çalışacaqlarını qeyd edib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasına həsr olunmuş “Azərbaycanın elm məbədi” adlı sənədli film nümayiş etdirilib.
Sonda Naxçıvan Dövlət Filarmoniyasının konsert proqramı olub.
Festival Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində təşkil olunmuş elmi-populyar mühazirələrlə davam etdirilib.
Festival iştirakçıları Naxçıvan şəhərində yerləşən tarixi abidələrlə, səhiyyə və mədəniyyət müəssisələri ilə də tanış olublar.