17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda konfrans keçirilib
Oktyabrın 14-də Naxçıvan şəhərində “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında keçirilən konfransda ölkəmizdə fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, eləcə də muxtar respublikadakı nazirlik, komitə və agentliklərin mətbuat xidmətlərinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfrans iştirakçılarını və qonaqları salamlayıb, təşkilatçılara minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb.
Rəhman Məmmədov qeyd edib ki, dövlət orqanları və media arasında əlaqələrin təməli ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda fəaliyyəti dövründə qoyulub. Həmin vaxtlar ulu öndər Heydər Əliyev tərəfindən muxtar respublikada həyata keçirilən tədbirlər – milli dövlətçiliyin bərpası istiqamətində qəbul edilən qərarlar, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan aqrar islahatlar, qonşu ölkələrlə yaradılan iqtisadi, mədəni və humanitar əlaqələr muxtar respublikanın mətbuat orqanı olan “Şərq qapısı” qəzetində işıqlandırılırdı. Ulu öndər doğma vətənə – Naxçıvana qayıtdıqdan sonra ilk müsahibəsini “Şərq qapısı” qəzetinə verib, həmin müsahibədə qəzetin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Diqqətə çatdırılıb ki, muxtar respublika reallıqlarını tam olaraq öz nömrələrində əks etdirən “Şərq qapısı” qəzeti Azərbaycanın digər regionlarında da əhalinin marağını qazanaraq onların Naxçıvan həqiqətləri ilə tanış olmalarına şərait yaradıb.
“Ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyəti Azərbaycanın qurtuluş və müstəqillik tarixinin parlaq səhifəsini təşkil edib, dövlət orqanları və media arasında əlaqələr özünün yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyən Rəhman Məmmədov vurğulayıb ki, ulu öndər Azərbaycana rəhbərliyi dövründə də hər zaman kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı roluna yüksək qiymət verib, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edib. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir.
Bildirilib ki, muxtar respublikamızda da dövlət-mətbuat əlaqələrinin inkişafı diqqətdə saxlanılır. Hazırda muxtar respublikada 1 muxtar respublika qəzeti, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio, 6 nəşriyyat vardır. Muxtar respublikada Televiziya və Radio Şurasının, Mətbuat Şurasının yaradılması və fəaliyyətinin genişləndirilməsi də bu sahədə işin keyfiyyətinə müsbət təsir göstərib. Muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanları normal iş şəraiti ilə təmin edilib, onların maddi-texniki bazaları gücləndirilib. “Şərq qapısı” qəzeti redaksiyası, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi yeni bina və avadanlıqlarla təmin edilib. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində quraşdırılan müasir çap avadanlıqları hesabına artıq muxtar respublikada işıq üzü görən bütün qəzet və jurnallar tam rəngli, yüksək poliqrafik keyfiyyətlə nəşr olunur.
Jurnalist kadrların hazırlanmasının, gənc jurnalistlərin işə cəlb olunmasının da mətbuatın inkişafında mühüm amil olduğunu qeyd edən Rəhman Məmmədov deyib ki, Naxçıvan Dövlət Universitetində Jurnalistika kafedrası fəaliyyət göstərir. Həmçinin buradakı “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə də yiyələnir, ixtisaslı kadr kimi yetişərək mətbuatın inkişafına öz töhfələrini verirlər. Universitetin Jurnalistika ixtisasının Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə və “Şərq qapısı” qəzetinə hamiliyə verilməsi də ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır. Bunun nəticəsidir ki, bu gün muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyəti gənclərdir.
Diqqətə çatdırılıb ki, muxtar respublikanın nazirlik, komitə və agentliklərində mətbuat xidmətləri fəaliyyət göstərir. Bu xidmətlər tərəfindən təşkilatların fəaliyyəti ilə bağlı materiallar hazırlanır və mətbuat orqanlarında çap olunur. Bu isə oxucu, tamaşaçı və dinləyicilərin dövlət orqanlarının fəaliyyətindən məlumatlı olmalarına, dövlət orqanları və media arasında əlaqələrin inkişafına öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri bu gün keçirilən konfransın dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsində mühüm mərhələ olacağına inandığını bildirib və konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrdə mətbuatın inkişafında tamamilə yeni mərhələ başlanıb. Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılıb. 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq senzura ləğv edilib.
Ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinin inkişafına ciddi diqqət yetirdiyini vurğulayan Vüqar Səfərli qeyd edib ki, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dövlət başçısının bu sahədə atdığı uğurlu addımların məntiqi davamıdır. Yaradıldığı il, yəni 2009-cu ildə fondun hesabına 1 milyon 200 min manat vəsait köçürülüb, bu günədək köçürülən vəsaitlərin məbləği artıq 26 milyon 795 min manata çatıb. Azərbaycan milli mətbuatının yaranmasının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımlarının göstərilməsi, bir qrup jurnalistin mənzillə təmin olunması, jurnalistlər üçün binaların inşa olunması media nümayəndələrinin əməyinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu hər il yazı müsabiqələri keçirir. Həmin müsabiqələrdə muxtar respublikada fəaliyyət göstərən jurnalistlər də fəallıq nümayiş etdirirlər. Bu günədək muxtar respublika mətbuatında çalışan jurnalistlərin təqdim etdiyi 15 məqalədən 10-u yüksək peşəkarlıqla hazırlandığı üçün müsabiqənin qalibi seçilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vurğulayıb ki, bu gün muxtar respublikada həyatın bütün sahələrində inkişaf, tərəqqi, yenilənmə var. Muxtar respublikada bütün sahələrdə əldə olunan böyük nailiyyətlər burada mətbuatın daha da inkişaf etməsinə şərait yaradıb.
Sonra diskussiya şəraitində işini davam etdirən konfransda “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının üzvü Qahirə Hüseynova, “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı, Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının sədri Rövşən Hüseynov, “Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Şərqin səhəri” qəzetinin redaktor əvəzi Zaleh Novruzov, “Olaylar” informasiya agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuz çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbirə yekun vuraraq qeyd edib ki, konfransda dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsinə dair maraqlı təkliflər səsləndirildi, diskussiyalar aparıldı. Vüqar Səfərli fəallıq göstərdiklərinə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, oktyabrın 14-də paytaxt Bakıdan gələn kütləvi informasiya vasitələrinin rəhbərləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, “Əlincəqala” tarixi abidəsi və muzeyi, Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi ilə tanış olublar.