18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
BEYNƏLXALQ İCTİMAİYYƏT ERMƏNİSTANA QARŞI TƏZYİQLƏRİ GÜCLƏNDİRMƏLİDİR
Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Ermənistana təzyiqləri gücləndirilməsi vacibdir.
Bu fikir Azərbaycanın Vyetnamdakı səfirliyinin Hanoyda təşkil etdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Son gərginlik və münaqişənin regionun təhlükəsizliyi və inkişafına təsiri” mövzusunda “dəyirmi masa”da səslənib.
"EMTV.az" xəbər verir ki, Tədbirin keçirilməsində məqsəd Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq normalarına, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqeyi, həmçinin münaqişənin bütün aspektləri və eyni zamanda, aprelin ilk günlərində qoşunların təmas xəttində baş verən son gərginlik barədə dolğun və dəqiq məlumatların Vyetnam ictimaiyyətinə və dövlət rəsmilərinə, KİV-lərə və bu ölkədəki diplomatik korpusa çatdırmaq olub.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov münaqişənin tarixi, yaranma səbəbləri, nəticələri, regionun sabitliyinə və inkişafına təsiri, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar haqqında ətraflı məlumat verib.
Səfir xüsusilə qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt edilib, bir milyondan artıq əhali qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Aprelin ilk günlərində qoşunların təmas xəttində yaranmış gərginlik barədə danışan səfir bildirib ki, Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan mülki əhalisi arasında insan tələfatı olub, fərdi evlərə və sosial obyektlərə ciddi ziyan dəyib.
A.İmanov yaranan son gərginliklə bağlı tam məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünə və məhz Ermənistan silahlı qüvvələrinin hücumlarına cavab olaraq Azərbaycan ordusu tərəfindən əks həmlə tədbirlərinin görüldüyünü diqqətə çatdıraraq, KİV-lərdə məsələ ilə bağlı həqiqəti əks etdirən məlumatların dərc olunmasının əhəmiyyətini vurğulayıb.
Səfir ermənilərin Dağlıq Qarabağ ərazisinə köçürülməsinin 150-ci ildönümü ilə əlaqədar ucaldılmış abidənin fotoşəklini tədbir iştirakçılarına göstərərək, ermənilərin bu ərazinin əzəli milləti olmadığını və onların müxtəlif yerlərdən Dağlıq Qarabağa köçürüldüyünün əyani sübutu olduğunu bildirib.
BMT və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi çoxsaylı sənədlərin Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edən müddəalarının rəsmi Yerevan tərəfindən indiyə qədər yerinə yetirilmədiyi diqqətə çatdırılıb.
Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə, soyqırımı və hərbi cinayətlər nəticəsində yaranmış vəziyyətin qəbuledilməz olduğu, işğal altındakı ərazilərdə separatçı rejimin fəaliyyət göstərdiyi bildirilib.
A.İmanov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlar mövzusu olmayıb və olmayacaq. Münaqişə yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll oluna bilər. Status-kvonun davam etməsi regional təhlükəsizlik və inkişafa ciddi təhdiddir.
Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, KİV nümayəndələrinin sualları cavablandırılıb.
Türkiyənin Vyetnamdakı səfiri Akif Ayxan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin daim Azərbaycanı dəstəklədiyini bildirərək, Ermənistanı sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqedən əl çəkməyə çağırıb və münaqişənin həlli ilə bağlı Minsk qrupu həmsədrlərinin səylərini artırmasının zəruriliyini vurğulayıb.
Nigeriya səfirliyinin müvəqqəti işlər vəkili Sanusi Yahaya Yakubu məsələnin məhz BMT müstəvisində həll olunmasının əhəmiyyətinə diqqət çəkərək, müasir dünyada bu kimi münaqişələrlə əsas etibarilə üzləşən müsəlman ölkələri arasında vəhdətin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunub, İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə toplantısında qəbul edilmiş Yekun Kommünikenin müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olduğunu deyib.
Vyetnam Sosial Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, professor Luonq Dinh Hai Dağlıq Qarabağ münaqişəsində beynəlxalq prinsip və normalara əsaslanan Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini vurğulayaraq, bu yoldan Azərbaycanın heç bir zaman dönməyəcəyinə əmin olduğunu qeyd edib, sülh danışıqlarının nəticə vermədiyi təqdirdə ölkənin silah gücü ilə öz torpaqlarını azad etməkdə haqlı olacağını bildirib.
Vyetnam Kommunist Partiyasının rəsmi mətbu orqanı olan “Xarici informasiya icmalı” jurnalının baş redaktoru Dao Xuan Tien Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının qəbuledilməzliyini vurğulayıb, eyni zamanda, uzun illər işğal və müharibə şəraitində yaşamış Vyetnam xalqının Azərbaycanın dərdinə şərik çıxdığını qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına əmin olduğunu bildirib.
Dağlıq Qarabağın Azərbaycanın qədim torpağı olduğunu və bu faktın beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq tanındığını vurğulayan Dao Xuan Tien Azərbaycanın öz əzəli torpaqlarını istənilən yolla azad etmək haqqına malik olduğunu və bu haqqın beynəlxalq hüquqla müəyyənləşdirildiyini bildirib.
Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktor müavini Phunq Thao çıxışında Azərbaycan xalqının ədalətli mövqeyinin Vyetnam xalqı tərəfindən tam dəstəkləndiyini bildirib. O, müasir dövrdə güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbulolunmazlığını vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini söyləyib.