SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

STRUKTUR İSLAHATLARININ YENİ MƏRHƏLƏSİ BAŞLAYIR

19-01-2016, 17:10 | Oxunub: 9 669 |

STRUKTUR İSLAHATLARININ YENİ MƏRHƏLƏSİ BAŞLAYIR
Prezident İlham ƏLİYEV: “Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir”

Prezident İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diqqəti çəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. “Əsl siyasət konkret real iş görməkdir” devizinə daim sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.
Ölkə başçısının həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək ötən 12 ildə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasından, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Ötən müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərmişdir.
Dövlət başçısının yürütdüyü sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsindən, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərt-lərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb. Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Aparıcı reytinq agentlikləri 2015-ci ildə müsbət reytinqlərimizi təsdiq ediblər. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Son illər ərzində qeyri-neft sektorunun inkişafı aparılan uğurlu islahatların nəticəsidir. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bunun da yarısı xarici sərmayədir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir.
Bütövlükdə, görülmüş işlər barədə vaxtaşırı ölkə ictimaiyyətinə məlumatların verilməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. “Hər bir məmur xalqının xidmətçisi olmalıdır” - deyən Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirir. Milli inkişafı təmin edən çevik islahatlar kursunu inamla həyata keçirən cənab İlham Əliyevin hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsini milli dövlətçilik tarixində mütərəqqi ənənəyə çevirməsi dövlət başçısının demokratik dəyərlərə hörmətinin, ictimai rəyə həssas münasibətinin təcəssümüdür.
Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər.
Bununla yanaşı, ictimai nəzarət mexanizmləri işə salınmalıdır. Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır”.
Ölkə başçısı manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsini zəruri sayıb. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı Azərbaycanda istehsal olunan məhsulların qiymətinin süni şəkildə artırılması hallarının qarşısı qətiyyətlə alınır. Müvafiq qurumlar tərəfindən monitorinqlər keçirilir və qiyməti süni şəkildə artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülür.
Prezident İlham Əliyev ölkədə struktur islahatlarının aparılmasını da zəruri sayır: “Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.
Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaqdır”.
Prezident İlham Əliyevin sədrliyi ilə ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdan sonra struktur islahatlarına başlandı. Yanvarın 13-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yeni yaradılmış Bakı Nəqliyyat Agentliyinin baş direktoru təyin edilməsi haqqında Azərbaycan Prezidenti sərəncam imzaladı. Yanvarın 15-də isə Prezident İlham Əliyevin sərəncamına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilərək İqtisadiyyat Nazirliyi adlandırıldı. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni rəhbər təyin edildi. Bundan başqa, ölkə başçısı Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Bulvar İdarəsi barədə fərman imzaladı. Fərmanla Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək onların əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradıldı. Digər fərmana əsasən isə, Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilərək vəzifə və funksiyaları, habelə onun istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verildi.
Dövlət qurumları fəaliyyətlərini hər zaman cənab İlham Əliyevin elan etdiyi mütərəqqi prinsiplər əsasında qurmalıdırlar. Eyni zamanda, ölkə başçısının qeyd etdiyi kimi, dövlət qurumları üzərində ictimai nəzarət möhkəmləndirilməlidir. Bütün bunlar həm də onu göstərir ki, dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip daim qüvvədədir. “Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır” - bu sözlərin müəllifi cənab İlham Əliyevin xarizmasına olan kütləvi inam da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir.
Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Ən nəhayət, Prezident İlham Əliyevin məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumlara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatların uğurla davam edəcəyinə inam yaradır.
Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində güclü, monolit komanda amilinin də rolunu qeyd etmək lazımdır. Cənab İlham Əliyevin idarəçilik üslubunda kadrların peşəkarlığı, vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti mühüm amil kimi aktuallıq kəsb edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan dövləti gücləndikcə insanlar özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Hər bir ölkə vətəndaşı hiss edir ki, onun arxasında güclü Azərbaycan dövləti var və bütün zamanlarda onlara dəstək olacaqdır.

Elnur HACALIYEV

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR