Bu gün ölkəmizin bütün orta təhsil müəssisələrində olduğu kimi, Xırdalan şəhər
10 saylı tam orta məktəbdə də Bilik günü münasibətilə “İlk zəng” tədbiri keçirilib
Bu münasibətlə keçirilən tədbirdə məktəbin direktoru Elnarə Həsənova ilə yanaşı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov, digər rəsmi şəxslər və valideynlər iştirak ediblər.Əyləncəli-musiqili proqramla başlayan tədbirdə ilk növbədə 1-ci sinif şagirdləri hazırladıqları şeirləri və mahnıları səsləndirdilər. Daha sonra 2-ci sinif şagirdləri də məktəbə ilk dəfə qədəm qoyan birinciləri öz hazırladıqları rəqs və mahnıları ilə salamladılar.
Bundan sonra çıxış edən məktəbin direktoru Elnarə xanım Həsənova ilk növbədə tədbirə gələn qonaqları, şagirdləri və onların valideynlərini salamladı.Öz çıxışında Elnarə xanım bu gün Azərbaycanda təhsilin inkişafına olan dövlət qayğısından söz açaraq, bu sahədə əldə olunan nailiyyətlərdən bəhs etdi. Məktəb direktoru bu sahəni hər zaman xüsusi diqqət mərkəzində saxladıqlarına görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün təhsil işçiləri adından dərin minnətdarlıqlarını bildirdi.
Həmçinin öz çıxışında Elnarə Həsənova hər kəsin növbəti illərdə belə tədbirləri Şuşada, Laçında, Kəlbəcərdə, Xocalıda və digər işğaldan azad olan torpaqlarımızda keçirmək arzusunda olduğunu və xalqımızın bu arzuya ən qısa zamanda çatacağımıza səmimi-qəlbdən inandığını xüsusi olaraq vurğuladı.Daha sonra “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov çıxış etdi. Öz növbəsində gələn qonaqları salamlayan Faiq müəllim, ilk dəfə birinci sinifə gəlmiş uşaqların öz həyatlarında ən mühüm günlərdən birini yaşadıqlarını qeyd edərək, onları və valideynlərini bu münasibətlə təbrik etdi.
Çıxışında Faiq Əhmədov Azərbaycanda təhsilin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları və onların uğurlu icrası ilə bağlı fikirlərini söylədi. Həmçinin “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri ölkə rəhbərliyinin bu sahəni prioritet istiqamətlərdən biri kimi müəyyən etməsini də öz çıxışında xüsusi vurğulayaraq bunları dedi: “Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın təhsil sisteminin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Hamımız şahidiyik ki, son illər Azərbaycan təhsilinin ən yüksək beynəlxalq standartlar səviyyəsinə çıxarılması üçün iri miqyaslı layihələr həyata keçirilir, əhəmiyyətli dövlət proqramları icra olunur. Bütün ölkə ərazisində davamlı olaraq yeni, müasir məktəblər tikilir, təhsil müəssisələri ən son tələblərə cavab verən texniki avadanlıq və digər resurslarla təmin edilir. Əlbəttə ki, möhtərəm Prezidentimizlə yanaşı ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da təhsilimizin inkişafına yönəltdiyi böyük diqqət və qayğısı xüsusi olaraq qeyd olunmalıdır. Məhz Mehriban xanım Əliyevanın, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun misilsiz səyləri sayəsində bu gün Azərbaycanın ən ucqar yaşayış məntəqələrində belə, müasir məktəblər fəaliyyət göstərməkdədir.” Daha sonra Faiq Əhmədov elm öyrənməyin müqəddəs dinimizdə də son dərəcə yüksək qiymətləndirildiyini vurğulayaraq bunları dedi: “Sevgili peyğəmbərimiz buyurub ki, beşikdən qəbr evinəcən öyrənmək lazımdır. Başqa bir kəlamında isə sevgili peyğəmbərimiz deyib ki, sizə təhsil verən və elim öyrədən müəllimlərinizi sevin və verdikləri elmdən nəsə əldə etməyə çalışın ki, gələcək nəsillər də sizdən nəsə öyrənə bilsinlər.” Həmçinin öz çıxışında İctimai Birliyin sədri müəllim sənətinin aliliyini də xüsusi olaraq vurğuladı. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin fikirlərinin böyük əhəmiyyət kəsb etdiyini deyən Faiq Əhmədov ümummilli liderimizin bir kəlamını da səsləndirdi: “Ümummilli liderimiz hər zaman öz çıxışlarında qeyd edirdi ki, müəllim sənətindən gözəl və çətin sənət yoxdur.”
Tədbirdən sonra “birincilər” də ilk dəfə məktəb qapılarından məhz şagird kimi içəri keçərək öz sinif otqalarında ilk dərslərini dinləməyə başladılar. Qeyd edək ki, Faiq Əhmədov da İctimai Birlik rəhbəri kimi bir neçə sinifdə olmuş, burada yaradılan şərait və dərslərin gedişi ilə tanış olduqdan sonra burada gördüklərindən məmnunluğunu bildirmişdir.Müəllimə Vəfa Məmmədova rəhbəri olduğu sinifdə öz şagirdlərini bir daha təbrik edərək, onlara Vətənimizə və dövlətimizə layiqli vətəndaş, valideyinlərinə gözəl övlad olmalarını arzuladı. Vəfa xanımın dəvətilə həmin sinifdə olan Faiq müəllim isə uşaqlara Makedoniyalı İsgəndərin həyatından maraqlı bir epizod barədə bəhs edərək bunları dedi: “Bir gün İsgəndər adlı məşhur bir sərkərdədən soruşurlar ki, müəllimini çox sevirsən, yoxsa valideynini? İsgəndər tərəddüd etmədən cavab verir ki, müəllimimi. Çünki valideynim məni dünyaya gətirib, müəllimim isə mənə dünyanı bəxş eləyib. Əziz və sevimli balalarımız, siz də hər zaman çalışın ki, müəlliminizi çox sevəsiniz. Sevəsiniz ki, müəlliminiz də elm, savad öyrətməklə yanaşı, dünyanı da sizə bəxş edə bilsin. Bir daha bayramınız mübarək olsun!”
Bunu da qeyd edək ki, Xırdalan şəhər 10 saylı tam orta məktəbdə Bilik günü münasibətilə birinci sinif şagirdlərinə pulsuz dərsliklər paylanıb.Hazırladı: İlahə Məmmədova