17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədov: Trampın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar siyasi xarakter daşıyır...
Son günlər Türkiyə iqtisadiyyatının ABŞ tərəfindən ciddi sanksiyalara məruz qoyulması bu iki dövlət arasında münasibətlərin gərginləşməsinə yol açıb. Təbii ki, qonşu dövlətdə yaranmış vəziyyət ölkəmizdə də geniş müzakirələrə səbəb olub. O cümlədən, qardaş Türkiyədə cərəyan edən proseslərə öz münasibətini bildirmək üçün “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, İraq-Türkmən Yazarlar Birliyinin Üzvü, Tanınmış Yazar-Publisist Faiq Əhmədov da EsmaMedia TV internet-televiziya kanalının və Emtv.az saytının əməkdaşlarına müsahibə verib. Həmin müsahibəni olduğu kimi oxucularımıza təqdim edirik.
- Faiq müəllim, ilk növbədə sizin hazırda Türkiyə ilə ABŞ arasında baş verənlərə daha çox hansı konteksdə, yəni iqtisadi, yoxsa siyasi müstəvidə baxmaq lazım olduğunu düşündüyünüzü bilmək istərdik.
- Bilirsinizmi, müasir dövrdə, həm də məhz dünyanın aparıcı dövlətləri arasında müşahidə olunan iqtisadi münasibətləri qlobal siyasi maraqlardan kənar təsəvvür etmək mümkün deyil. Ümumiyyətlə bu iki anlayışı beynəlxalq miqyaslarda biri-birindən ayırmaq düzgün olmazdı. Hər bir dövlət ilk növbədə özünün iqtisadi-siyasi maraqlarını təmsil edir və bu maraqların təmin olunması üçün ən müxtəlif üsullardan istifadə edir.
Konkret ABŞ hökumətinin bu gün qardaş Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara gəlincə isə, bunlar birmənalı olaraq siyasi məqsədlərə xidmət edir və bunu Tramp administrasiyası gizlətməyə heç çalışmır da.
- Dünya mətbuatında Amerika ilə Türkiyə arasında yaranmış ziddiyyətlərin əsas səbəbi kimi daha terrorçu qruplaşmalarla əlaqədə adı keçən amerikalı keşiş Endryu Bransonun adı daha çox hallandırılır. Sizcə həqiqətənmi bu şəxsə görə ABŞ hökuməti özünün Yaxın Şərqdə və NATO daxilində ən güclü müttəfiqi olan Türkiyəyə belə sərt təpkilər göstərməyə qərar verib?
- Ən azından Suriyada cərəyan edən hadisələr Türkiyə ilə ABŞ-ın beynəlxalq terrorçuluğa qarşı mübarizə müstəvisində baxışlarının heç də hər zaman üst-üstə düşmədiyini əminliklə söyləməyə əsas verir. Məlumdur ki, Ankara dəfələrlə ABŞ hökumətini Suriyadakı terror qruplarına dəstək verməməyə və onları Türkiyəyə qarşı silahlı fəaliyyətə təhrik etməməyə çağırıb. Məhz bu baxımdan keşiş Branson məsələsi əlbəttə ki, ciddi siyasi məzmun kəsb edə bilər. Lakin unutmaq lazım deyil ki, böyük dövlətlərin siyasətində, xüsusilə də ABŞ kimi super-dövlətlərin siyasətində ayrı-ayrı icraçı şəxslərin taleyi qlobal qərarların qəbul edilməsində həlledici amil kimi çıxış edə bilməzlər. Hətta onlar Trampın ailə üzvlərinə yaxın insanlar kimi təqdim olunsalar belə. Düşünürəm ki, keşiş Branson baş verənlərdə səbəb deyil, sadəcə bəhanə kimi istifadə olunur.
- Bəs elə isə, ABŞ-ın Türkiyəyə qarşı belə sərt mövqeylərə keçməsinə səbəb olaraq hansı amilləri görürsünüz?
- Əgər diqqət edəriksə, biz bu gün ABŞ-ın sadəcə Türkiyəyə qarşı deyil, artıq bütün dünyaya qarşı sərt mövqe tutmaqda olduğunu görərik. O cümlədən Avropa İttifaqı ölkələri, hətta ABŞ-ın əzəli və əbədi müttəfiqi sayılan İngiltərə belə bu gün Ağ Evin “sahibi”nin qəzəbindən müdafiə axtarmaq məcburiyyətində qoyulurlar. Almaniya və Fransa kimi aparıcı Avropa dövlətlərinin rəhbərləri davamlı olaraq Trampın kobud davranışlarına məruz qalırlar. Rusiya və İran kimi dövlətlərə qarşı isə, demək olar ki, açıq-aşkar düşmən münasibətlər sərgilənməkdədir. Bütün bunların isə, yalnız bir izahı ola bilər ki, bu da ABŞ-ın dünya hökmranlığına iddiasıdır. Etiraf etmək lazımdır ki, Vaşinqtonun bu iddiası bu gün hər zaman olduğundan daha ciddi şəkildə ortaya qoyulub. Hakimiyyətə gəldiyi gündən bütün dünya Trampın yalnız Amerikanın maraqlarının təmin olunmasından getdikcə daha çox bəhs etdiyini eşitməkdədir. Təbii ki, belə olan halda ABŞ rəhbərliyi ilk növbədə Rusiya, Çin, Almaniya və Türkiyənin timsalında fərqli dünyəvi güclərin formalaşmasını qəbul etmək istəmir. Xüsusilə də Türkiyənin son vaxtlar Yaxın Şərq bölgəsində söz sahibinə çevrilməsi və müstəqil qərarlar qəbul etməsi Ağ Evin rəhbərliyini bərk qıcıqlandırır. Öz növbəsində bu dövlətlər isə, artıq okeanın o biri tayından gələn göstərişlərə tabe olmaq niyyətində deyillər. Təsadüfi deyil ki, artıq dünyanın inkişaf etmiş dövlətləri bir araya gəlib, ortaq qərarlar qəbul etmək xüsusunda razılığa gəlməyə daha çox meyillənirlər. Elə bu günlərdə Almaniya, Fransa, Rusiya və Türkiyə liderlərinin İstanbulda görüşünə dair qərarın qəbul olunması da ilk növbədə ABŞ-ın təpkilərinə qarşı atılan birgə addım kimi qiymətləndirilə bilər.Nəzərə alınsa ki, bu dövlətlərin birgə imkanları çox genişdir və onlar dünya miqyasında söz sahibidirlər, bu zaman həmin görüşdə əldə olunacaq razılıqların kifayət qədər təsir gücünə malik ola biləcəyi heç kimdə şübhə doğurmur.
- Faiq müəllim, konkret olaraq Türkiyədəki vəziyyətə qayıtsaq, burada yarana biləcək iqtisadi böhranın qarşısını almaq baxımından qardaş ölkənin imkanlarını necə qiymətləndirirsiniz?
- Düşünmürəm ki, Türkiyə hansısa bir böhran təhlükəsi ilə üz-üzədir. Bu ölkənin istər iqtisadi, istər siyasi, istərsə də hərbi qüdrəti artıq elə bir həddədir ki, bu və ya digər iqtisadi sanksiyaların hansısa ciddi fəsadlara yol aça biləcəyi qətiyyən inandırıcı deyil. Belə halların qarşısını almaq üçün Türkiyənin
kifayət qədər həm valyuta, həm də qızıl ehtiyatları vardır. Yeri gəlmişkən, bugünkü hadisələr Türkiyə dövlətinin bir müddət əvvəl öz qızıl ehtiyatlarını ABŞ-dan çıxarmaqla necə düzgün addım atmış olduğunu bir daha təsdiqləyir. Bütün bunlardan başqa da, bu gün yaranmış vəziyyətdə Türkiyə ABŞ qarşısında tək deyil. Artıq Rusiya, İran, Almaniya, Fransa, İtaliya kimi böyük dövlətlər də Türkiyəyə öz dəstəklərini açıq şəkildə bəyan ediblər.
Təbii ki, istənilən halda Azərbaycan xalqı və Azərbaycan dövləti də hər zaman olduğu kimi, qardaş Türkiyənin yanındadır və biz bir an da olsa şübhə etmirik ki, bütün bu baş verənlər son nəticədə Türkiyənin daha güclü, daha qüdrətli bir dövlət kimi tanınmasına səbəb olacaq.
Hazırladı: Sevinc Əlimova,
Aynurə Kərimova,
Emtv.az