SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ermənistan xarici siyasətində xaos: əks-zərbədən yaranmış qorxu

3-04-2018, 12:33 | Oxunub: 5 697 |

Ermənistan xarici siyasətində xaos: əks-zərbədən yaranmış qorxu

Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması ilə Ermənistanın siyasi rəhbərliyinin təlaş keçirdiyi müşahidə edilir. Onlar azərbaycanlıların “əks-zərbə” dedikdə nəyi nəzərdə tutduqlarını müxtəlif səviyyələrdə müzakirə edirlər.

Paralel olaraq erməni KİV-ləri bir-biri ilə ziddiyyət təşkil edən fikirlər ortaya atırlar. Məsələn, ABŞ-ın Ermənistanı korrupsiyada ittiham etməsi ilə yanaşı, Vaşinqtonun daha sıx əməkdaşlıq niyyətində olduğunu qeyd edirlər. Fransa rəhbərliyinin isə anti-Türkiyə addımları atdığını yazırlar. Parisin Ermənistanla əməkdaşlığı gücləndirmək planlarından bəhs edirlər. Ermənistan mətbuatı həmsədr dövlətlərdən olan Fransanı “təcavüzkarın” yanında dayanan ölkə kimi təqdim edirlər. Bütün bunları bir məntiqi bucaq altında analiz edən ekspertlər belə hesab edirlər ki, Ermənistanı qorxuya salan əsas məsələ Azərbaycanın daha güclü olmasıdır. Məhz həmin müstəvidə erməni KİV-ində verilən bəzi məqalələrə nəzər salmağı lazım bildik.

Təcavüzkara dəstək: tərəfkeşlik və ədalətsizlik sindromu

Əslində, gözlənilən və əvvəllər də müşahidə edilən haldır. Ermənistan rəhbərliyi və siyasi dairələri son günlər bir-biri ilə ziddiyyət təşkil edən, heç bir daxili məntiqi bağlılığı olmayan iddialar ortaya atırlar. Belə təsəvvür yaranır ki, bu ölkədə vahid informasiya məkanı yox dərəcəsindədir. Kim haradan necə bəhs etmək istəyirsə, dilini saxlamır. Gah Ermənistanı çox kiçik ölkə kimi təqdim edir, gah da dünyanın supergücləri ilə baş-başa gələn dövlət olaraq ortaya atırlar. Hər bir variantda da obyektiv, ədalətli, real faktlar gətirə bilmirlər. Şüurlarında əsrlərdir ki, mövcud olan və mənəviyyatlarını qurd kimi yeyən xəstə təfəkkürlə məsələlərə yanaşırlar.


Ermənistan KİV-lərində vurğulanan məqamları əks etdirən bir neçə yazı vardır. Onlardan birində İrəvan açıq ittiham olunur ki, Amerika ölkədə korrupsiyanın tüğyan etməsi səbəbindən Ermənistana inanmır (bax: Акоп Бадалян. Ключевое слово Трампа для Армении / Lragir.am, 9 mart 2018).

Orada yazılıb ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz ölkədə korrupsiyanın geniş kökləri və şəbəkəsi olduğunu və nüfuzlu şəxslərin biznesinin imtiyazlı olması üçün hakimiyyət rıçaqlarından istifadə edildiyini açıq bəyan edib (bax: əvvəlki mənbəyə). Bu məqamı erməni yazar Amerika ilə Ermənistanın ikiqat vergiqoymanı ləğv etməklə bağlı aparmaq istədikləri danışıqlar kontekstində vurğulayır. Onun fikrincə, səfirin bu cür danışması vergi məsələsində Vaşinqtonun güzəştə getmək istəməməsindən xəbər verir.

Təbii ki, Ermənistanda korrupsiya bütün hakimiyyət strukturlarını əhatə edir. Ekspertlər dəfələrlə bu barədə yazıblar və vəziyyətin getdikcə daha dözülməz olduğunu xüsusi qeyd ediblər. İrəvanın apardığı dekorativ dəyişikliklər də heç bir müsbət nəticə vermir. Sosial-iqtisadi durum daha da ağırlaşır. Burada Ermənistanın öz təcavüzkar davranışları ilə özünü təcrid vəziyyətinə salması da ciddi rol oynamaqdadır. Ermənilər bütün regional və beynəlxalq layihələrdən kənarda qalır. Heç bir ciddi iş adamı onlarla əməkdaşlıq etmir. Çünki Azərbaycan torpaqlarını işğal altında saxlayır və buna görə də Bakı aktiv diplomatik gedişləri və siyasi iradəsi ilə işğalçıya layiq olduğu yeri göstərir.

Bunlarla yanaşı, məsələnin başqa tərəfi də maraqlıdır. Biz, ATƏT-in həmsədr dövlətlərindən biri kimi Amerikanın təcavüzkara dəstəyini artırmaq haqqında düşünməsini nəzərdə tuturuq. Ermənistan kimi hər hansı müsəlman dövləti hərəkət etsəydi, ABŞ onunla əməkdaşlıq edərdimi? Qətiyyən etməzdi, əksinə, BMT-dən bir kağız alıb, onu bombalamağa başlardı. Ermənistana isə Vaşinqton nəinki maliyyə yardımı edir, həm də əməkdaşlığı daha da asanlaşdıra biləcək və təcavüzkara yeni imkanlar verə biləcək qarşılıqlı əlaqələrdən də bəhs edir.

Görünür, ABŞ-ın qarşısında müəyyən əngəllər vardır ki, onlardan keçə bilmir. Lakin daxilən yeni administrasiyanın da tərəfkeşlik etməyə hazır olduğu hiss edilir. Bunun Qüds məsələsində şahidi olduq. Mümkündür ki, Amerikanı Ermənistan istiqamətində aktiv hərəkətdən saxlayan faktorlar sırasında Azərbaycan və Türkiyə xüsusi yer tutur. Azərbaycan bütün sahələrdə Qərb ölkələri ilə aktiv əməkdaşlıq edir, dünyanın enerji təhlükəsizliyi üçün ciddi töhfələr verir. Eyni zamanda, Bakı kifayət qədər humanist və sülhpərvər mövqedə olduğunu nümayiş etdirir. Türkiyə də özünün güclü iqtisadiyyatı və ordusu ilə regionda söz sahibi olduğunu sübut etməkdədir.

Xilas yolu: Ermənistanın görə bilmədiyi reallıqlar

ABŞ-ın davranışındakı ziddiyyət Qərb təşkilatlarının Ermənistanı Cənubi Qafqazda insan haqlarını qoruyan, nisbətən müstəqil dövlət kimi təqdim etməsi fonunda əksini ifadə etməsi ilə bağlıdır. Çünki səfirin sözləri faktiki olaraq həmin qiymətləndirmənin yalan olduğunu ortaya çıxarır. Deməli, məsələ yenə də ikili standartlar siyasətinə bağlıdır.

Bu bağlılıqda Fransanın bir hərəkəti də düşündürücüdür. Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Bu yaxınlarda Fransa Avropa ələvilərinin İrəvana səfərini təşkil edib. Avropalı ələvilər müsəlman ola-ola, Türkiyəyə qarşı çox mənfi fikirlər səsləndiriblər, hətta Ankaranın uydurma “soyqırımı”nı tanımalı olduğu barədə mızıldanıblar. Üstəlik, onlar Türkiyədə yaşayan bütün qeyri-türk xalqları Ankaraya qarşı birləşməyə çağırıblar (bax: Акоп Бадалян. Франция переходит к делу: новое предложение Армении / Lragir.am, 9 mart 2018).

Ən maraqlısı odur ki, erməni ekspert bütün bu işlərin başında Parisin dayandığını vurğulayır. Guya Prezident Emmanuel Makron “erməni soyqırımı”nın tanınması istiqamətində fəallıq göstərir. Serj Sarkisyanla olan son görüşündə isə guya Fransa Prezidenti Türkiyəni risklərin artdığı ölkə adlandırıb. Əgər belədirsə, Fransa da ABŞ kimi vasitəçi olaraq olduqca yanlış mövqedədir. Qonşu ölkənin torpaqlarını işğal etmiş bir dövlətin başçısına digərlərini risk mənbəyi kimi təqdim etmək ədalətsizliyin yüksək zirvəsidir.

Yox, əgər uydurmadırsa, yazardan bunun hesabı soruşulmalıdır. Çünki söhbət faktiki olaraq Fransanın təxribatçı davranışlarından gedir. Dağlıq Qarabağ münaqişəsini ədalətli həll etmək əvəzinə, işğalçını qonşu dövlətlərə qarşı yenidən zəhərləyir. Yaxud Ermənistandakı siyasi və ekspert dairələri artıq adi məntiqlərini belə itiriblər. Xocalı soyqırımını törədənlərin Avropa tərəfindən dəstəklənməsi siyasi mühitin faciələrindən biridir.

Maraqlıdır ki, başqa bir yazıda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin Ermənistanla Aİ-nin tarixdə bu qədər bir-birinə yaxın olmadığı haqqında fikir bildirməsi ifadə edilib (bax: Могерини: Армения и ЕС никогда не были настолько близки / Panarmenian.net, 9 mart 2018).

Aİ müstəqil dövlətlərin ərazi bütövlüyünün təminini əsas prinsiplərindən biri sayır. Belə bir təşkilatın təcavüzkarı cilovlamaq əvəzinə onu özünə daha yaxın etməyə çalışması ən azından təəccüblüdür. Müsəlman dövlətlərində terrorçu axtarıb ona arxa duran bir sıra Avropa ölkələrinin işğalçı Ermənistanla əməkdaşlığa can atması haradasa, başadüşüləndir. Lakin onlar həm də Azərbaycana “etibarlı tərəfdaş” deyir, Bakı ilə strateji tərəfdaşlıq sənədi hazırlayır, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əvəzsiz rol oynadığını etiraf edirlər. Onların sırasında həmin F.Moqerini də vardır. Bu cür hərəkətlərin adı nədir?

Bəlkə də ermənilərin yazdıqları cızmaqaralara bir qədər başqa bucaq altında baxmaq daha faydalı olardı. Onlar özlərinə bu cür təsəllini Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərinin başlaması xəbərləri fonunda ifadə edirlər. Erməni KİV-ləri narahatlıqla sual edirlər: “Azərbaycan bu təlimlərlə kimə əks-zərbə endirməyə hazırlaşır?” Cavab da onlar üçün aydındır. Lakin Aprel döyüşləri ermənilərin canına elə qorxu salıb ki, bir daha Azərbaycan Ordusunun zərbələrini görmək istəməzlər. Özlərinin güclərinin çatmadığı məlumdur. Buna görə də gah ABŞ-dan, gah da Fransadan yapışmağa cəhd edirlər. Eyni zamanda, Rusiyanın verdiyi silahları xatırladırlar. Bəzi hallarda isə Rusiyanın Azərbaycana cəmi bir raket atmasının kifayət olduğunu çərənləyirlər. Bu zaman ermənilər qorxu ilə deyirlər ki, KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov bəyan edib ki, Azərbaycan sərhədləri daxilində aparılan hərbi əməliyyatlara qarışmayacaqlar. Çünki qondarma “dqr” bu bloka üzv “ölkə” deyil. KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb və deməli, ancaq İrəvan qarşısında konkret öhdəlikləri var. Yalnız Ermənistan ərazisinə hər hansı həmlə olarsa, kömək edə bilərlər.

Beləliklə, ermənilər növbəti dəfə həyəcan və qorxu içində sayıqlayırlar. Onlar anlamırlar ki, qonşu dövlətin torpaqlarını işğal etməklə böyük bir səhv ediblər. Yeganə çıxış yolu işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaqdır. Başqa heç bir addım, heç bir böyük dövlət, heç bir güc Ermənistanı məhv olmaqdan xilas edə bilməyəcək!

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR