18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 94 il ötür
Fevralın 9-da çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümü tamam olur. 1924-cü il fevralın 9-da Naxçıvanın muxtariyyət qazanması ilə birlikdə düşmənlərimizin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı çirkin planlara ciddi zərbə vuruldu.
AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev AZƏRTAC-ın Naxçıvan bürosunun müxbirinə bildirib ki, muxtariyyət məsələsinin siyasi gündəmdə yerini almasının əsas səbəbi 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş olub. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verilib və beləliklə, Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınıb. Bu, Naxçıvanın muxtariyyət məsələsini zərurətə çevirib. Bu zərurət, ilk növbədə, Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi.
\Naxçıvanın muxtariyyətini beynəlxalq unikal bir model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Çünki Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu məsələdə Naxçıvanın qabaqcıl ziyalılarının səyləri və qardaş Türkiyənin mövqeyi qədim diyarı dəhşətli aqibətdən xilas edib.
1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında imzalanan “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsində Behbud ağa Şahtaxtinskinin təklifləri nəzərə alınaraq, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi öz əksini tapıb. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcək”.
İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri bölgənin gələcək taleyini müəyyənləşdirdi. 1924-cü il fevralın 9-da məhz bu sənədlər əsasında Naxçıvan Muxtar Respublikası yaradıldı.
Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında müstəsna rol oynayıb. Muxtariyyət statusu erməni təcavüzünə məruz qalan Naxçıvanın 1990-cı il yanvarın 19-da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsinə imkan verib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulduğu üçün qəbul edilib. Bu, beynəlxalq ictimaiyyətin diqqətini Naxçıvana yönəldilməsinə və Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratdı. Məhz buna görə də Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli düşmənin hədəfinə çevrilib.
1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən qurtardı. Həmin illərdə dahi şəxsiyyətin Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş etdi.
Bu gün Naxçıvan Muxtar Respublikasının uğurla inkişaf etdiyini, yeni-yeni nailiyyətlər qazandığını bildirən İsmayıl Hacıyev deyib: “Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 94 ildə buradakı sosial-iqtisadi inkişafdır. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi nəticəsində Naxçıvan regionun cazibə mərkəzinə çevrilib. Məhz bu səbəbdən muxtar respublika hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkan kimi dünyada şöhrət qazanıb. Bütün bunlar həm də muxtariyyətin bəhrələridir”.
Emtv.az