18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvan Muxtar Respublikasının yaradılması mürəkkəb siyasi şəraitdə əldə edilmiş böyük tarixi nailiyyətdir
Fevralın 9-da çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümü tamam olur. 1924-cü il fevralın 9-da Naxçıvanın muxtariyyət qazanması ilə birlikdə düşmənlərimizin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı çirkin planlara ciddi zərbə vurulub. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması təsadüfi deyil.
Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarix boyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Hələ qədim dövrlərdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırlar. Müasir dövrümüzdə tanınmış strateqlər yüzilliklərin çətin tarixi-siyasi süzgəcindən keçib gələn bu ifadəni müasir dövrün reallıqları prizmasında qiymətləndirərək böyük həqiqəti bir daha ifadə edirlər: Naxçıvan bu gün də Şərqin qapısıdır və onun muxtariyyət qazanması regional önəmə malik siyasi hadisə olmaqla yanaşı, mühüm strateji əhəmiyyət kəsb edən bölgənin Azərbaycanın tərkibində qalmasına şərait yaradıb. Yəni muxtariyyət həm də ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması baxımından vacib amil kimi diqqəti cəlb edir.
Muxtariyyət məsələsinin siyasi gündəmdə yerini almasının əsas səbəbi isə 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş olub. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verilib və beləliklə, Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınıb. Bu, Naxçıvanın muxtariyyət məsələsini zərurətə çevirib. Bu zərurət ilk növbədə Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi.
Naxçıvanın muxtariyyətini beynəlxalq unikal bir model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Çünki Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu məsələdə Naxçıvanın qabaqcıl ziyalılarının səyləri və qardaş Türkiyənin mövqeyi qədim diyarı dəhşətli aqibətdən xilas edib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edir ki, muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib: “Həm ərazi baxımından Azərbaycandan ayrı düşdüyünə, həm də iki beynəlxalq müqaviləyə əsasən Naxçıvana muxtariyyət statusu verilib. Muxtariyyət statusu Naxçıvanın gələcək taleyində çox mühüm rol oynayıb. Bu statusun verdiyi imkanlar ermənilərin uzun müddət Naxçıvana yiyələnmək niyyətinin qarşısını alıb”.
Reallıqdır ki, Azərbaycandan ayrı salınmış geostrateji baxımdan əhəmiyyətli bir bölgədə vahid idarəçiliyin həyata keçirilməsi, pərakəndəliyin aradan qaldırılması yalnız muxtariyyət statusunun əldə edilməsi ilə mümkün ola bilərdi. Bu baxımdan, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi ən düzgün qərar idi. Lakin qabaqcıl ictimai-siyasi yanaşmanın məhsulu olan bu qərar böyük dövlətlər tərəfindən ciddi müqavimətlə qarşılanırdı. Çünki onlar Naxçıvanı Ermənistanın tərkib hissəsi kimi görmək istəyirdilər. Bu səbəbdən Behbud ağa Şahtaxtinski Sovet Rusiyası rəhbərliyi ilə iş aparır və bolşevik Rusiyasının rəhbəri Leninə bildirirdi ki, “Naxçıvanın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”. Tiflisdəki Amerika generalı Haskelə Naxçıvanın, Şərur-Dərələyəzin və Vedibasarın Azərbaycanın ayrılmaz hissəsi olduğunu əsaslandıran Əli Səbri Qasımov isə “Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar?” sualına “Əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti var qüvvələri ilə rədd edərlər” - cavabını verib.
1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında imzalanan “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsində Behbud ağa Şahtaxtinskinin təklifləri nəzərə alınaraq, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi öz əksini tapıb. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcək”.
Türkiyəli professor İbrahim Ethem Atnur deyir ki, Moskva anlaşmasında Türkiyənin Şərq sərhədləri ilə yanaşı, Naxçıvanın hüquqi-siyasi statusu da müəyyənləşib: “Naxçıvanın Azərbaycanın tərkibində qalması və muxtar respublika olması bu müqavilə ilə təmin edilib. Əslində, Türkiyə Naxçıvanı öz ərazisinə daxil etmək niyyətində idi. Lakin keçmiş Sovet Rusiyası bunu qəbul etmədi. Onlar torpağa ehtiyacı olduğunu iddia edərək Naxçıvanın Ermənistanın tərkibinə verilməsi şərtini irəli sürüblər. Bu, müzakirələrdə ciddi problemə səbəb olsa da, sonda ədalət zəfər çalıb”.
Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri bölgənin gələcək taleyini müəyyənləşdirib. 1924-cü il fevralın 9-da məhz bu sənədlər əsasında Naxçıvan Muxtar Respublikası yaradılıb.
Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında müstəsna rol oynayıb. Muxtariyyət statusu erməni təcavüzünə məruz qalan Naxçıvanın 1990-cı il yanvarın 19-da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsinə imkan verib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulduğu üçün qəbul edilib. Bu, beynəlxalq ictimaiyyətin diqqətini Naxçıvana yönəldilməsinə və Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaradıb. Məhz buna görə də Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli düşmənin hədəfinə çevrilib.
1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas edib. Bu illərdə dahi şəxsiyyətin Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş edib.
Bu gün Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 93 il ərzində buradakı sosial-iqtisadi inkişafdır. Ancaq bu da reallıqdır ki, Naxçıvanda son 21 ildə gedən sosial-iqtisadi inkişaf prosesləri, quruculuq-abadlıq işləri nəinki muxtariyyətin arxada qalan 72 ilində, hətta Naxçıvanın mövcudluğunun 5 min ilində də nəzərə çarpmayıb. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi sayəsində Naxçıvan regionun cazibə mərkəzinə çevrilib. Məhz bu səbəbdən muxtar respublika hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkan kimi dünyada şöhrət qazanıb. Bütün bunlar həm də muxtariyyətin bəhrələridir.
Rauf Kəngərli