SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan: sosial-iqtisadi inkişaf strategiyası yeni-yeni uğurların əldə olunmasına zəmin yaradır

9-02-2018, 16:11 | Oxunub: 13 110 |

Naxçıvan: sosial-iqtisadi inkişaf strategiyası yeni-yeni uğurların əldə olunmasına zəmin yaradır

Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji inkişaf xəttinin muxtar respublikamızda uğurla davam etdirilməsi nəticəsində qədim diyarımızın sosial-iqtisadi mənzərəsi əsaslı şəkildə dəyişib. Bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, reallaşdırılan məqsədyönlü islahatlar, bir sıra dövlət proqramları, mühüm infrastruktur layihələri davamlı yüksəlişi təmin edib. Muxtar respublikada inkişafın yeni konturlarını müəyyən edən perspektivli dövlət siyasətinin həyata keçirilməsi sahibkarlığın inkişafına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına səbəb olub. 2018-ci ilə əhəmiyyətli uğurlarla qədəm qoyan naxçıvanlılar əldə edilən bu nailiyyətlərin sevincini, eyni zamanda, bu il Naxçıvan şəhərinin həm İslam Mədəniyyətinin Paytaxtı, həm də ölkəmizin Gənclər Paytaxtı olmasının qürurunu yaşayırlar.

Yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzlərində yeni ilin gəlişi münasibətilə bayram şənlikləri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində iştirak edib, ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.

Göstərilən yüksək diqqət və qayğı nəticəsində son illər muxtar respublikada səhiyyə xidməti sahəsində köklü dəyişikliklər baş verib, səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilib, tibbi kadrların səviyyəsi yüksəldilib. Bu gün muxtar respublikanın səhiyyə müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri, mürəkkəb cərrahiyyə əməliyyatları aparılır ki, 20 il bundan əvvəl biz bunları ancaq arzu edə bilərdik. Hər il mövcud imkanlar və resurs perspektivləri nəzərə alınmaqla, bu sahə sistemli şəkildə inkişaf etdirilir. Ötən il Ordubad rayonunun Üstüpü kəndində həkim ambulatoriyası binasının, Naxçıvan şəhərinin Tumbul və Qaraxanbəyli, Şərur rayonunun Arpaçay, Çəmənli və Qarahəsənli, Babək rayonunun Payız və Gərməçataq kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur rayonunun Ələkli kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirinin başa çatdırılması, Duzdağ Fizioterapiya Mərkəzində yeraltı bölmədə əlavə palata yaradılmaqla çarpayı sayının 280-ə çatdırılması məhz bu çərçivədə həyata keçirilib.

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında əsaslı yenidənqurma işlərinin aparılması da görülən işlərin davamıdır. Bu il yanvarın 11-də istifadəyə verilən xəstəxanada yaradılan şərait, quraşdırılan avadanlıqlar müasir tibbin tələblərinə tam cavab verir.

Ali Məclisin Sədri Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında yaradılan şəraitlə tanış olub.

Bu gün muxtar respublikada aparılan geniş quruculuq işləri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə edib, zastavalarda müasir infrastruktur yaradılıb. Sərhəd xidməti təkmilləşdirilməklə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Qeyd edək ki, sərhədçilərin qaldığı yaşayış binası sovet dövründə tikildiyi üçün yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranmışdı. Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına yaşayış binasında yenidənqurma işləri aparılıb, sərhədçi ailələri üçün müasir və təhlükəsiz yaşayış şəraiti yaradılıb. Ali Məclisin Sədrinin dediyi kimi: “Ölkəmizin sərhədlərini qoruyan zabit ailələri üçün yaradılan bu şərait, eyni zamanda, Azərbaycan dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsidir”.

Yanvarın 14-də həmin yaşayış binası istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ali Məclisin Sədri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti yaşayış binasının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə sərhədçi ailələrini təbrik edərək deyib: “Ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət göstərilir, xidmətin təşkili üçün hərtərəfli şərait yaradılır. Bununla yanaşı, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilir. Bütün bunlar da Azərbaycan dövlətinin orduya və zabit ailələrinə göstərdiyi qayğının, ordu quruculuğu sahəsində görülən işlərin nümunəsidir”.

Həmin gün diviziyanın hərbi şəhərciyindəki digər yaşayış binasında 2 zabit ailəsi mənzillə təmin olunub.

Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələri müasir görkəmə qovuşub. Naxçıvan şəhərində də geniş quruculuq işləri aparılır, yeni yaşayış binaları inşa olunur. Əhalinin rifahının yaxşılaşması insanların rahat və müasir mənzillərə olan tələbatını daha da artırır. Bu səbəbdən də Naxçıvan şəhərində müasir memarlıq quruluşuna malik ictimai yaşayış binalarının tikintisinə xüsusi diqqət yetirilir.

Yanvarın 14-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində milli və müasir memarlıq üslubunda inşa olunacaq 44 mənzilli 6 mərtəbəli yeni yaşayış binasının təməlqoyma mərasimi olub.

Ali Məclisin Sədri yaşayış binasının layihəsinə və əraziyə baxıb, beton qarışığını bünövrəyə tökərək binanın təməlini qoyub, tikinti işlərinin müasir mühəndis-texniki tələblərə uyğun aparılması və keyfiyyət amilinə ciddi diqqət yetirilməsi barədə müvafiq tapşırıqlar verib.

Muxtar respublikanın ən ucqar dağ kəndlərinin müasirləşdirilməsi insanların yurda bağlılıqlarını artırıb. Təsadüfi deyil ki, indi Naxçıvanda daimi yaşamaq üçün şəhərlərə deyil, kəndlərə üz tutanların sayı hər keçən gün daha da artmaqdadır. Çünki həmin yaşayış məntəqələrində qaz, işıq, su, rabitə problemləri öz həllini tapıb. Bu gün muxtar respublikanın ən ucqar kəndində belə mövcud olan internet bir sıra qabaqcıl şəhərlərdən də sürətlidir. Həmin yaşayış məntəqələrinə aparan əsas və kənddaxili yolların rahat olması kənddə şəhər rahatlığını tam təmin edib.

Yanvarın 15-də Culfa rayonunun Dizə kəndi də muxtar respublikanın müasir yaşayış məntəqələri sırasına qoşulub. Həmin gün Dizə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib, tam orta məktəbin yeni binasının, kənd və xidmət mərkəzlərinin açılışı olub.

Ali Məclisin Sədri açılış tədbirlərində iştirak edib, yaradılan şəraitlə maraqlanıb.

Dizə kəndinin abad yaşayış məntəqələrinin sırasına qoşulması münasibətilə kənd sakinlərini təbrik edən Ali Məclisin Sədri deyib: “2018-ci ildə muxtar respublikanın ilk abadlaşan yaşayış məntəqəsi Dizə kəndi oldu. Aparılan quruculuq işləri Dizə kəndini müasir yaşayış məntəqəsinə çevirmişdir. Kənddə sakinlərin rahat yaşayışı tam təmin olunub. Dizə kəndinin məhsuldar torpaqları, zəhmətkeş insanları və yaxşı təsərrüfat ənənələri vardır. Həyata keçirilən tədbirlər bundan sonra da kəndin inkişafına töhfə verəcəkdir. Sakinlər yaradılan bu şəraitdən istifadə edərək təsərrüfatlarını daha da genişləndirməli, torpaqlardan səmərəli istifadə olunmalı, bol məhsul istehsal edilməlidir”.

Dəyişməz reallıq budur ki, hansı ölkədə təhsilə qayğı göstərilirsə, həmin ölkədə hərtərəfli inkişaf təmin olunur. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”. Həqiqətən də, bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslin təhsil səviyyəsi daim yüksəldilməlidir. Bu baxımdan Naxçıvanda təhsilin inkişafı sahəsində görülən işlər Naxçıvan Dövlət Universitetinin timsalında daha aydın hiss olunur. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində universitetdə böyük quruculuq işləri aparılıb, tədris müasir tələblərə uyğun qurulub, yeni fakültə və ixtisaslar açılıb. Ali təhsil ocağı bu gün elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən dünya səviyyəli bir universitetə çevrilib. Onun beynəlxalq təhsil sisteminə inteqrasiyası istiqamətində işlər uğurla davam etdirilir. Bu çərçivədə yanvarın 17-də Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, universitetin Distant Təhsil Mərkəzi ilə tanış olub, mərkəzin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara uğurlar arzulayıb. Ali Məclisi Sədri deyib: “Naxçıvan Dövlət Universiteti uğurlu inkişaf yolu keçib. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında 36-cı yerdə idisə, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb. Bu gün isə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində distant təhsilin əsası qoyulur. Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi vacib məsələdir. Çünki bu, Naxçıvan Dövlət Universitetinin dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirəcəkdir”.

Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi ixtisaslı həkimlərin hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərir. Bu il fakültənin yerləşdiyi bina əsaslı şəkildə yenidən qurulacaq.

Yanvarın 17-də Ali Məclisin Sədri binanın yenidənqurma layihəsinə baxıb, tikinti işlərinə başlanması ilə bağlı tapşırıqlar verib.

20 Yanvar tariximizə həm faciə, həm də qürur günü kimi həkk olunub. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da hər il 20 Yanvar şəhidlərinin xatirəsi anılır, şəhər və rayonlardakı Şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edir. Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlib, “Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün ölkənin iqtisadi regionlarını əhatə edən 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxıb. Muxtar respublika bu uğura ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, Ulu Öndərimizin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olub. Bu, muxtar respublikada aparılan davamlı sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir.

Yanvarın 23-də Heydər Əliyev Muzeyində muxtar respublikanın 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar Azərbaycanın hər bir bölgəsini əhatə edib. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu və icra olunması ölkəmizdə tikinti-quruculuq işlərinin həcmini xeyli artırmış, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, əhalinin rifah halı yaxşılaşmışdır. Ötən dövrdə istifadəyə verilən məktəb binaları, olimpiya-idman kompleksləri, xəstəxanalar, salınan yollar, yaradılan yeni istehsal müəssisələri, açılan yüz minlərlə iş yerləri bir daha göstərir ki, Azərbaycanda inkişafın mərkəzində insan amili dayanır. Naxçıvan Muxtar Respublikasının inkişafı da ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanır”.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərdə əməyi olan bütün muxtar respublika sakinlərinə, sahibkarlara və dövlət qulluqçularına, əmin-amanlığın təmin olunmasındakı xidmətlərinə görə hüquq mühafizə orqanlarına, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinə təşəkkür edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində bir sıra işlər görülüb. Yanvarın 25-də Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Həmin gün Ali Məclisin Sədri icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb.

Ali Məclisin Sədri muxtar respublikada müasir səhiyyə infrastrukturu yaradılmasının, yeni texnologiyalardan istifadənin və fiber-optik xətlərin çəkilməsinin icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar açdığını bildirib, tibbi sığorta üzrə maarifləndirmə işlərinə və seminarların keçirilməsinə diqqət yetirilməsi, həkimlərin təkmilləşdirmə kurslarında iştirakı, tibbi sığortaolunanların həkim göstərişi əsasında müayinələrinin təşkili, həkimlərin əməkhaqqlarının artırılması, eləcə də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılması barədə tapşırıqlar verib.

Sonra Sədərək rayon sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri tibbi sığortanın tətbiqi münasibətilə sakinləri təbrik edərək deyib: “Sədərək rayonunun inkişafı mühüm əhəmiyyət daşıyır. Çünki Sədərək rayonu sərhəd yaşayış məntəqəsidir. Bu da rayonun strateji əhəmiyyətini artırır. Bu gün dövlətimiz tərəfindən Sədərək rayonunun inkişafına xüsusi diqqət yetirilir. Hər il rayonda geniş quruculuq işləri aparılır, müasir binalar tikilir, rayonun bütün yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya sistemləri qurulur, insanların rahat yaşayışı təmin olunur. Sakinlər də rayonun inkişafına öz töhfələrini verirlər, müasir evlər tikilir, məskunlaşma artır. Rayonda əhalinin sağlamlığının qorunması da diqqət mərkəzindədir. Bu gün qonşu işğalçı ölkədə səhiyyə sistemi acınacaqlı vəziyyətdədir. Orada insanların tibbi sığorta haqında məlumatları yoxdur. Lakin ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında müasir səhiyyə infrastrukturu yaradılıb. Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemində tətbiq olunur. Azərbaycanda bu sistemin tətbiqi ölkəmizin inkişaf göstəricisidir. Bütün bunlar Azərbaycanda uğurla davam etdirilən Heydər Əliyev yolunun bəhrələridir”.

Bu gün muxtar respublikada həyata keçirilən bütün işlərin əsasında insan amilinə verilən yüksək qiymət dayanır. Naxçıvanın ötən dövrdə yazılan və yaradılan tarixi də məhz belə işıqlı ideyaya söykənib. 2018-ci ilin ilk ayı da bu tarixdə özünün layiqli yerini alıb. Muxtar respublikadakı sabitlik, əmin-amanlıq, birlik, həmrəylik və davamlı inkişaf nümunəyə çevrilib. Ötən illərdə aparılan genişmiqyaslı quruculuq işlərinin yanvar ayında da uğurla davam etdirilməsi bu il də muxtar respublikada quruculuq və tərəqqi mərhələsinin yeni müstəviyə qədəm qoyacağından xəbər verir.

Rauf Kəngərli

Naxçıvan: sosial-iqtisadi inkişaf strategiyası yeni-yeni uğurların əldə olunmasına zəmin yaradır
Naxçıvan: sosial-iqtisadi inkişaf strategiyası yeni-yeni uğurların əldə olunmasına zəmin yaradır
Naxçıvan: sosial-iqtisadi inkişaf strategiyası yeni-yeni uğurların əldə olunmasına zəmin yaradır

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR