18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan memarlığının incisi: şəbəkə sənəti
Ötən əsrlərdə Naxçıvanda milli dəyərlərimizdən olan, qədim xalq sənəti nümunələrindən sayılan misgərlik, dulusçuluq, qalayçılıq, xalçaçılıq, ipəkçilik, dəmirçilik kimi, şəbəkə sənəti də yüksək inkişaf səviyyəsinə çatıb. Qədim diyarın tarixi abidələrində şəbəkə sənəti nümunələrinə geniş yer verilməsi onları daha da əsrarəngiz, ecazkar edib. Naxçıvan şəhərindəki bir sıra abidələrdə, xüsusən, Xan sarayında, Ordubad şəhərindəki Qeysəriyyə tarixi abidəsi və Came məscidində şəbəkə ənənələrinin yaşadıldığını daha aydın şəkildə görmək mümkündür.
Xüsusi qaydada inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. XVII əsrdə inşa edilən sarayda qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 santimetr hündürlükdə səhnə tipli taxt yaradılıb. Taxtlı guşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilib. Zalın digər divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənib. Zalın əzəmətini cənub divardakı, ətrafı həndəsi formalar və güzgü parçaları ilə bəzədilmiş buxarı daha da artırır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş. Xan sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsidir. Sarayda əlvan çalarlara malik şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla, bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur.
Qeysəriyyə XVII əsrə aid tarixi memarlıq abidəsidir. Tarixi bina Ordubad şəhərinin mərkəzində yerləşir. Abidə bişmiş kərpicdən inşa olunub və şəbəkə sənətinin nümunələrini özündə yaşadır. Qeysəriyyə sözunun mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın 3 yerində rast gəlmək olar: Səmərqənd, Təbriz və Ordubad şəhərlərində.
Şəbəkə sənətinin nümunələri ilə zəngin olan digər bir tarixi memarlıq abidəsi - Came məscidi Ordubad şəhərinin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Orta əsrlərə aid olan abidəsi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır.
Onu da deyək ki, şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan, əsasən, monumental xarakter daşıyır. Şəbəkə, eyni zamanda, dekorativ-tətbiqi sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrindən biridir. Adətən, şəbəkə ustaları ənənəvi təbiət ornamentlərinə üstünlük verirlər. Hazırda Naxçıvanda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur.
Naxçıvanlı sənətşünaslar şəbəkə üçün ağacın buxarda bişirildiyini, sonra əlif yağında saxlanıldığını qeyd edirlər. Taxta boşluqları əlif yağı ilə doldurulur. Əsas çətinlik şəbəkənin şüşələrindədir. Şəbəkə işinin qiyməti eskizin ölçüsündən asılıdır. Elə şəbəkə var ki, bir kvadratmetrinə min, bəzən də on beş min ədəd hissə gedir. Bir kvadratmetrinə min hissə gedən şəbəkənin ərsəyə gəlməsi bir ay vaxt aparır, on beş min hissə gedəni isə bir il.
Bu sənəti öyrənmək üçün ən azı Şərq memarlıq elementlərindən, həndəsədən, riyaziyyatdan, rəssamlıqdan xəbərdar olmalısan. Bu gün Naxçıvanda gənclər bu işə maraq göstərirlər. Gənclər onu da anlayırlar ki, şəbəkə sənətini öyrənmək üçün səbir ən ümdə məsələdir. Bəzən çoxlarının bu işə səbri çatmır. Ona görə, səbirsiz adam bu sənətdə çox qala bilmir. Peşəkar kimi yetişmək üçün isə uzun illər lazımdır.
Şəbəkə sənəti milli dəyərimizdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama uyğun olaraq, muxtar respublikada xalq yaradıcılığının yaşadılması ilə bərabər, milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində də ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində dekorativ-tətbiqi sənət növləri, eləcə də şəbəkə sənəti də yaşadılır, gələcək nəsillərə ötürülür.
Əminliklə demək olar ki, göy qurşağı kimi al-əlvan rənglərlə bəzədilən şəbəkə üsulu ilə yaradılmış qapı və pəncərələr günümüzdə olduğu kimi, gələcəkdə də evləri və binaları bəzəyəcək, doğma diyarımızın memarlıq mənzərəsinə gözəllik və orijinallıq bəxş edəcək.
Emtv.az