17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ərəblər Azərbaycanda torpaq ala bilərmi?
İqtisadçılar qadağanı aradan qaldırılmasına tərəfdardırlar
Son illər ölkəmizə ərəb turistlərin axın etməsi və onların Azərbaycan təbiətinə nə qədər vurğun olması hər kəsə bəllidir. Hətta ərəb milyonçularının Azərbaycanda mənzil sahibi olması, eləcə də torpaq alması ilə bağlı məlumatlar da var. Burada ziddiyyətli olan bir məqam var ki, Azərbaycan qanunvericiliyi xarici vətəndaşların ölkə ərazisində torpaq sahibi olmasını qadağan edir. Əcnəbi şəxs heç bir halda torpaq mülkiyyətçisi ola bilməz. Regionlarda torpaq sahibi olmaq istəyən ərəblərə də məhz bu qadağa mane olur. Təbii ki, bu da ölkəmizə əlavə vəsait axınının qarşısını almaqla yanaşı, xarici investorların regionlarda biznes qurmasına da mane olur.
Artıq əksər iqtisadçı ekspertlər, hüquqşünaslar bu qadağanın əhəmiyyətsiz olduğunu bildirirlər. Çünki rayonlarda torpaq sahibi olmaq istəyən əcnəbilər bunu müxtəlif yollarla həyata keçirirlər. Nəticədə həmin vəsaitlər dövlət büdcəsindən yayınmış olur.
İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı açıqlama verərkən bildirdi ki, Torpaq Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ yalnız Azərbaycan vətəndaşlarına və hüquqi şəxslərinə mənsub ola bilər: “Beləliklə, xarici vətəndaşlar və hüquqi şəxslər Azərbaycanda torpaq sahəsinin mülkiyyətçisi ola bilməz. Yalnız icarəçisi ola bilər. Bu baxımdan ərəblərin ölkəmizdə birbaşa torpaq mülkiyyətçisi olması mümkünsüzdür. Əlbəttə, onlar bizim vətəndaşların adına torpaq ala bilər, amma bu o demək deyil ki, mülkiyyətçi olurlar. Bu halda mülkiyyətçi bizim vətəndaşdır və ərəb həmin torpağı ondan heç bir halda tələb edə bilməz.
Başqa məsələ ki, xarici vətəndaş, o cümlədən ərəb Azərbaycanda hüquqi şəxs (məsələn, məhdud məsuliyyətli cəmiyyət) təsis edib, torpağı həmin hüquqi şəxsin adına ala bilər. Bu halda həmin hüquqi şəxs yerli hüquqi şəxs hesab edilir, çünki Azərbaycanda təsis edilib, buna görə də torpağın mülkiyyətçisi ola bilər. Əlbəttə, faktiki həmin hüquqi şəxsin sahibi xarici vətəndaş olduğu üçün belə çıxır ki, dolayısı ilə elə torpağın da sahibi odur. Bu mümkündür və faktiki olaraq mövcud qadağanın yanından ötüb keçməyə imkan verir. İstisna deyil ki, ərəblər də belə edir. Bütövlükdə bu qadağanı səmərəsiz hesab edirəm”.
İqtisadçı ekspert Natiq Cəfərli isə vurğuladı ki, bununla bağlı dünyada bununla bağlı müxtəlif təcrübələr var: “Qardaş Türkiyədə artıq əcnəbilərin torpaq mülkiyyətçisi olması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Əvvəl belə bir məhdudiyyət var idi, lakin 5 il öncə qanunvericilik səviyyəsində məhdudiyyət ləğv olundu. İndi isə daşınar və daşınmaz əmlak almaqla bağlı xarici vətəndaşlara heç bir məhdudiyyət qoyulmur. Elə bunun nəticəsidir ki, son 5 ildə Türkiyədə həm mənzil bazarına, həm də torpaq fonduna qoyulan investisiyaların həcmi milyardlarla dollar həcmində ölçülür. Gürcüstanda da 2008-ci ilə qədər müəyyən məhdudiyyətlər mövcud idi, sonradan bütün məhdudiyyətlər aradan qaldırıldı. Yeganə olaraq müəyyən tələblər qoyulub. Əgər xarici vətəndaşın pulu və torpağı almaq istəyi varsa, o hüquqi şəxs yaradıb daşınmaz əmlak ala bilər və ya hər hansı yerli vətəndaşın adına aldıqdan sonra istifadə edə bilər. Bu cür məhdudiyyətlərdən yan keçmək üçün kifayət qədər imkanlar var. Mənim fikrimcə, məhdudiyyət qoymaq əvəzinə xarici vətəndaşlara torpaq sahibi olmağa icazə verməklə, müəyyən nəzarət mexanizmləri işə salmaq olar. Məsələn, cəbhə bölgələrinə xüsusi diqqət yetirilə bilər, hərbi obyektlərin yaxınlığında olan ərazilərə nəzarət oluna bilər, orada torpağın xaricilərə satılmasına məhdudiyyət qoyula bilər”.
İqtisadçı sözlərinə görə, dünya praktikası göstərir ki, daşınmaz əmlakın alınması ilə bağlı qoyulan məhdudiyyətlər effekt vermir: “Xarici vətəndaşlar bu qadağalardan yan keçmək üçün kifayət qədər yan addımlar tapa bilirlər. Türkiyədə bu çox təcrübə olundu, məhdudiyyətlərin ləğv olunması xeyli müzakirə olundu. Sonra anladılar ki, bu həm biznesin qarşısını alır, həm ölkəyə valyuta gəlməsinə mane olur. Həm də bu məhdudiyyətlərdən müxtəlif yollarla yan keçmək mümkündür. Ona görə də bu qadağanı aradan qaldırdılar. Azərbaycanda da belə olmalıdır, əgər ərəblər regionlarda torpaq almaq istəyirlərsə, bu, niyə də olmasın…”
Emtv.az