18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Türmə pulu yeyilməz" - Ayaz Mütəllibovun sabiq mətbuat katibinin işi
Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Emtv.az mediaya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Fətişoğlu) cinayət işi üzrə məhkəmə prosesinə hakim Eldar Mikayılov sədrlik edib.
Prosesdə zərərçəkmiş şəxslərdən Elnarə Quliyeva ifadə verib. O, bildirib ki, təqsirləndirilən şəxs Teylor İbrahimova 9 min manat verib. Bunun qarşılığında T.İbrahimov onun həbsdə olan həyat yoldaşının azadlığa çıxmasına kömək edəcəkmiş.
"Həyat yoldaşım həbs edilmişdi. Qohumum İbrahim dedi ki, Teylor adlı şəxs var və əli hər yerə çatır. O, bizə bu işdə kömək edə bilər. Biz də çarəsiz vəziyyətdə idik. Mal qaranı, maşını satıb pul düzəltdik. İlk dəfə pulu almağa gələndə İbrahimlə Teylor birlikdə idi. İbrahim yoldaşımın atasının xalası oğludur. Həmin gün Teylor maşında oturmuşdu. İbrahim 4 min manatı alıb maşına getdi. 3 min manatı da Teylor özü gəlib bizim evdən aparıb. Hələ uşağımın başına sığal da çəkib dedi ki, "narahat olma, atan gələcək". Bizi də əmin etdi ki, iş düzələcək. Biz də əmin olub gözləyirdik. Hazırlaşırdıq ki, yoldaşım yaxında həbsdən çıxacaq. Pulun 2 min manatını da Yevlaxa göndərmişik. İbrahim zəng etdi ki, Teylorla Gəncəyə gedirlər. Pul da işə görə lazımdır. Biz də maşınla göndərdik. Amma bu işin üstündən 3 ay keçdi. Bizə dedi ki, sizi tanımıram".
Məhkəmədə sualları cavablandıran E.Quliyeva Teylor İbrahimova güvənməklərinin səbəbini belə izah edib: "Adam öz övladının, balasının canına and içirdi. Övladdan o tərəfə nə var? Həm də bizə deyirdi ki, narahat olmayın. Bizi tanış edən İbrahim də qohumumuz idi".
Məhkəmədə məlum olub ki, E.Quliyeva istintaqdakı ifadəsində pulu İbrahim adlı qohumuna verdiyini deyib.
Zərərçəkmiş bu ziddiyyəti belə izah edib: "İbrahimlə bir gəlib. İşi bu düzəldəcəkdi. Birinci pulu verəndə maşında oturmuşdu. İbrahim aparıb ona verdi. İkinci dəfə evimizə gəlib. Sonuncu pulu göndərdəndə İbrahimlə telefonla danışdıq. Teylor da yanında idi. Nə qədər lazım olduğunu Teylor deyir, İbrahim də bizə çatdırırdı".
Təqsirləndirilən T.İbrahimov isə zərərçəkənin yalan danışdığını deyib.
O bildirib ki, E.Quliyevadan pul almayıb: "Özü də ifadəsində deyib ki, İbrahimə verib. İbrahimlə mənim ortaq pulumuzdan 2 min manatını qaytardım. Amma qalan puldan xəbərim yoxdur. Getsin, İbrahimdən istəsin".
Zərərçəkmiş isə 2 min manatın ona verilmədiyini söyləyib. E.Quliyeva pulu verməsi ilə bağlı telefon danışıqlarının olduğunu və həmin səs yazılarını da məhkəməyə təqdim edə biləcəyini deyib.
Məhkəmədə zərərçəkmişlərin dindirilməsi başa çatıb və sonra şahidlər ifadə verib.
İlk şahid Vidadi Nurəddinov olub. O, zərərçəkmişlərdən Eldəniz Nurəddinovun qardaşıdır.
Şahid deyib ki, qardaşı ondan 8 min manat alaraq Teylor İbrahimova verib: "Mənim övladım həbs edilmişdi. Bu işi həll etmək üçün Teylorla əlaqə saxladıq. İşi həll edə biləcəyini dedi. 10 min manat istədi, amma 8 minə razılaşdıq. Mən pulu qardaşım Eldənizə verdim. O da lazım olduqca, hissə-hissə pulu Teylora verib. Amma sonra iş alınmadı. Teylor bizə deyirdi ki, "türmə pulu yeyilməz". Cəmi 8700 manat vermişəm. Tələbim də budur".
Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.
Qeyd edək ki, bu iş üzrə bir neçə zərərçəkmiş var. Onlar işə düzəlmək, həbsdə olan yaxınlarını azadlığa çıxarmaq üçün T.İbrahimova pul veriblər.
İsmayıl Məmmədov isə təqsirləndirilən şəxsə 5 min manat verib. Bunun qarşılığında icra nümayəndəsinin müavini təyin olunmalı imiş.
Qeyd edək ki, T.İbrahimov sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və 2000-ci ildən Moskvada mühacirətdə yaşayıb.
T.İbrahimov Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-ə təhvil verilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda törədildikdə) ilə təqsirli bilinir.
Əlavə edək ki, ötən prosesdə zərərçəkmişlər bu işlərdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun da adını çəkirdilər. Zərərçəkmişlər qeyd edirlər ki, T.İbrahimov başçı ilə yaxın münasibətlərindən istifadə edərək onlara qarşı dələduzluq edib.
Emtv.az