Boliviyanın dövlət başçısı İlham Əliyevi sammitə dəvət etdi
18-08-2017, 12:59 | Oxunub: 7 004 |
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrın 20-dən 24-dək Boliviyada keçiriləcək Qaz İxrac Edən Dövlətlərin Forumunun IV Qaz Sammitində iştirak etmək üçün dəvət edilib.Azərbaycan XİN-dən verilən məlumata görə, dəvət məktubunu Azərbaycanda səfərdə olan Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycanın Baş naziri Artur Rasi-zadə ilə görüşdə təqdim edib.Səfər zamanı F.U.Mamani Fəxri xiyabanı ziyarət edərək, ümummilli lider Heydər Əliyevin məzarının önünə əklil qoyub. Həmçinin Şəhidlər xiyabanını ziyarət edən boliviyalı nazir şəhidlərin xatirəsini ehtiramla anaraq, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.Səfər çərçivəsində xarici işlər nazirləri Elmar Məmmədyarov və Fernando Uanakuni Mamani arasında təkbətək və geniş tərkibli görüş də keçirilib.Nazirlər Azərbaycan və Boliviya arasında dostluq əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər və bu xüsusda, Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamaninin Azərbaycana ilk rəsmi səfərinin önəmini vurğulayıblar. Görüşdə nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçiriblər və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildiriblər. Humanitar sahədə tələbə və elm adamlarının mübadiləsi xüsusilə qeyd edilib.Nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT-nin İnsan Hüquqları Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın namizədliyinin dəstəklənməsini vurğulayıblar və qarşılıqlı təşəkkür ifadə ediblər. Nazirlər həmçinin iki ölkə arasında Qoşulmamaq Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu xatırladıblar və Azərbaycanın Qoşulmama Hərəkatı Dövlətlərinin dövlət və ya hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik etməsinin Qoşulmama Hərəkatının xoşniyyətli məqsəd və məramlarının təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.
Nazirlər Azərbaycan və Boloviyanın bir-birilərinin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu qeyd ediblər və aqressiv separatizm və terrorizmin bütün forma və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırıblar.Görüşdə həmçinin nazirlər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi apardılar və parlamentlərarası əməkdaşlığın təşviqinə dair razılığa gəliblər.Nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzalayıblar.Emtv.az
OXŞAR XƏBƏRLƏR