İndiki prezidentin Amerikası daha sərt və amansız kovboya bənzəməyə başlayıb.Əslində təxminlər daha əvvəl də vardı:
“Tramp gəlsə dünya dəyişəcək” deyə xəbərdarlıq edən insanların sayı az deyildi. Ancaq 2017-ci ilin 20 yanvarında Donald Tramp and içib dünyanın ən güclü ölkəsinin birinci şəxsi vəzifəsinin icrasına başladıqdan sonra proqnozlar bir-bir reallaşmağa başladı. İndi isə mənzərə xeyli dəyişib. Maraqlıdır ki, Trampın “ayağı” yalnız ənənəvi Amerika düşmənlərinə deyil, dostlarına da düşməyib, hər kəs yeni prezidentdən “öz payını” alıb.Donald Trampın prezident kimi fəaliyyətə başlamasından az müddət sonra Vaşinqtonun xarici siyasəti yenidən aqressiv ritorika üzərində kökləndi. Prezidentin sərt çıxışları uzun illərdən sonra Kuba və İranla münasibətlərə yenidən kölgə saldı, əldə olunmuş razılaşmalar şübhə altına düşdü. Yenidən Şimali Koreya ilə müharibə vəziyyəti oldu və sair. Ötən 7 ayda Trampın dağıdıcı qərarlarının sayı az deyil.İlk olaraq ABŞ prezidenti aprelin 7-də Suriyanın Hums şəhəri yaxınlığında yerləşən əş-Şayrat hərbi hava bazasını bombaladı. Bombalama davam etməsə də, Suriyada və ümumilikdə Yaxın Şərqdə hərbi-siyasi vəziyyətə ciddi təsir etdi.Bir ay sonra isə Səudiyyə Ərəbistanına səfər edən Tramp burada kralla 350 milyard dollarlıq anlaşma imzaladı. Anlaşmanın 110 milyard dollarlıq hissəsi yaxın illərdə ər-Riyada ən müasir silahların satışını nəzərdə tuturdu. Hansı ki, hazırda Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəməndə 2 ildən artıqdır bu ölkəni havadan bombalayır. Ancaq Trampın Yaxın Şərq müttəfiqlərinə “sürprizi” bununla yekunlaşmadı. İyunun əvvəlində 4 ərəb ölkəsi - Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətərə qarşı terrorizmi dəstəkləmə ittihamı irəli sürdü və əlaqələri kəsdi. Hazırda da böhran davam edir.Obamanın 2 il davam edən ardıcıl diplomatik səyləri nəticəsində İranla nüvə sahəsində anlaşma da hələ Tramp vəzifəsinin icrasına başlamamış şübhə altına düşdü. Daha sonra ABŞ hökuməti raket sınaqlarını əsas gətirərək İrana qarşı yeni sanksiyalar tətbiq etdi. Son olaraq ötən ay Konqres Rusiya, İran və Şimali Koreyanı “şər çübucağı” elan edərək hər üç dövləti ABŞ-ın düşməni elan etdi və sərt sanksiyalar qəbul etdi. Artıq rəsmi Tehran da ABŞ-la nüvə sahəsində anlaşmaların taleyinin suallı olduğunu, sanksiyalar davam edəcəyi təqdirdə anlaşmaların qüvvədən düşəcəyini bildirib. ABŞ-ın BMT-dəki səfiri isə yenidən İranın nüvə silahlı əldə etməsi təhlükəsindən danışmağa başlayıb.Bu ilin iyununda isə D.Tramp sələfi Obamanın necə deyərlər min bir əziyyətlə əldə etdiyi Kuba ilə barışıq anlaşmasını, daha dəqiqi Kuba ilə əlaqələrin normallaşmasına dair qərarı ləğv edib.ABŞ prezidentinin Rusiya ilə münasibətləri düzəldəcəyinə dair ümidlər isə Konqresdəki rəqibləri sayəsində yox oldu. ABŞ qanunvericiləri Rusiyaya qarşı dalbadal sərt sanksiya qanunları qəbul edib və prezident Tramp bu qanunları imzalayıb.Ənənəvi müttəfiqlər olan Avropa ilə də münasibətlər heç də rəvan deyil. Çünki Trampın tutduğu kəskin xətt Avropa ölkələrinin ürəyincə deyil. Xüsusən də, Almaniya, İtaliya kimi ölkələr Ağ Evin sahibinin ziddiyyətli hərəkətlərindən narazılıqlarını açıq şəkildə büruzə verirlər.Nəhayət, uzun illərdən sonra ABŞ yenidən Latın Amerikası ölkələrinə müdaxiləyə qol qoyub. ABŞ hökuməti Venesuelada başlayan iğtişaşlarda hökumətə müxalif qüvvələrə dəstək verir.
Trampın qeyri-standart hərəkətləri, dağıdıcı çağırışları hazırda Vaşiqntonu Şimali Koreya, İran və Şərqi Avropada ruslarla müharibənin kandarına gətirib çıxarıb.Ancaq maraqlıdır ki, Trampın dağıdıcı fəaliyyəti Amerikanın özündə də təsirini göstərib. Son illərdə ABŞ müşahidə olunan irqçilik çağırışları bir çox ekspertlərin də qeyd etdiyi kimi prezidentin sərt çıxışlarının təsiri ilə yenidən alovlanıb. Ötən həftənin cümə günü irqçi bir qrupun Şarlottesvil vətəndaş müharibəsi zamanı Konfederasiya ordusuna komandalıq etmiş general Robert E.Linin heykəlinin sökülməsi əleyhinə etiraz aksiyası keçirib, bu zaman irqçi şüarlar səsləndirilib. Daha sonra etirazlar daha da böyüyüb və irqçilik əleyhdarları ilə toqquşmalara səbəb olub. İğtişaşların böyüməsindən sonra prezident Trampın reaksiyası vəziyyəti daha da gərginləşdirib. Bir sıra şəxslər Trampın irqçiləri müdafiə etdiyini iddia edib. Prezident isə daha sonra hər iki tərəfi qınayan açıqlama yayıb.
Hazırda ümumi mənzərəyə baxdıqda planetin bütün nöqtələrində müharibə, terror və xaos qorxusu mövcuddur. Qeyri-sabit, proqnozlaşdırılmayan Amerika prezidenti isə hər gün verdiyi açıqlamaları ilə bu vəziyyəti daha da dramatikləşdirir. Hər kəs bir gün səhər ABŞ-ın hansı ölkə ilə müharibəyə başlayacağı düşüncəsindədir. Son 30 ildə “dünya polisi” missiyasını üzərinə götürən Amerika indi daha sərt və amansız kovboya bənzəməyə başlayıb. Bu isə qorxuducudur.Emtv.az