“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr olunmuş sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb
9-06-2017, 11:48 | Oxunub: 11 758 |
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr olunan sərgi-müsabiqə təşkil olunub.Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkil etdikləri tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa balacaların da maraq göstərmələrinin çox sevindirici hal olduğunu bildirib. Onların istedadlarının üzə çıxarılması, düzgün formalaşdırılması üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb. Rəssamlar Birliyi onların gələcək sənət yollarında inamla irəliləmələri üçün lazımi dəstəyi verir.Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov, Naxçıvan Muxtar Respublikası Turist-Diyarşünaslıq Mərkəzinin direktoru Murad Babayev, sənətşünas Nizami Alıyev, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin müəllimi Səkinə Qarayeva çıxış edərək vurğulayıblar ki, muxtar respublikada bütün sahələrdə istedadlı gənclər yetişir. Bu gün rəssamlıq sənətinə maraq göstərən uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlərin böyük rolu var. Muxtar respublika rəhbərinin diqqət və qayğısını öz üzərində hiss edən hər bir balaca rəssam bundan sonra da səylə çalışmalıdır.Çıxış edənlər balaca rəsm həvəskarlarına uğurlar arzulayıblar.“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mövzusuna həsr edilmiş “İslamın naxışı” və “Mənim yaradıcılığım” adlı rəsm müsabiqələrinin qaliblərinə və rəsm sərgilərində fəallığına görə fərqlənən balaca rəssamlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış keçirilib. Rüfət Səfərli, Qeybalı Məmmədov, Novruz Hüseynzadə, Nicat Səfərli, Bağdagül Hüseynova və başqa rəsm həvəskarlarının əl işləri xüsusi maraqla qarşılanıb.Sərgidə təbiət mənzərələrindən tutmuş cizgi filmləri qəhrəmanlarının rəsmləri, aprel döyüşlərində şəhid olan Milli qəhrəmanlarımızın portretləri də vardı. Uşaqların yaratdıqları rəsm əsərləri sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı.Qeyd edək ki, sərgidə 50-yə yaxın istedadlı uşağın 100-dən çox rəsm əsəri nümayiş olunub.Emtv.az
OXŞAR XƏBƏRLƏR