SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Şərur rayonunda icbari tibbi sığorta sistemi tətbiq olunacaq

30-05-2019, 13:23 | Oxunub: 4018 |

Şərur rayonunda icbari tibbi sığorta sistemi tətbiq olunacaq

İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcəkdir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Şərur rayonunda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək, icbari tibbi sığortanın əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov bildirib ki, 2017-ci il iyulun 1-dən ilkin olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Qeyd olunub ki, icbari tibbi sığortanın Şərur rayonunda da tətbiq edilməsi üçün bütün lazımi məlumatlar toplanılıb. Həmin məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, proqram təminatları, reyestrlər yaradılıb. Tibbi sığorta Şərur rayonunda 115 min 575 nəfəri əhatə edəcək.

Agentliyin direktoru bildirib ki, rayonda icbari tibbi sığortanın tətbiqinə hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq iyunun 1-dən rayon ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanacaq.

Müvafiq sərəncamda icbari tibbi sığortanın tətbiqi məqsədilə Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb.


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR