SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin III konfransı keçirilib

20-10-2017, 16:44 | Oxunub: 7 167 |

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin III konfransı keçirilib

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin III konfransı keçirilib.

Emtv.az Azərtaca-a istinadən xəbər verir ki, konfransa Yazıçılar Birliyinin üzvü Akif İmanlı sədrlik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərinə Ali Məclis Sədrinin salamlarını çatdırıb, birliyin III konfransına öz işində uğurlar arzulayaraq deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada Yazıçılar Birliyinin fəaliyyəti, o cümlədən ədəbiyyatımızın və mədəniyyətimizin inkişafı üçün əlverişli şərait yaradılıb. Birliyin 2012-ci ildə keçirilən konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yazıçılar Birliyinə muxtar respublikada ədəbi prosesin və bədii yaradıcılıq işinin gücləndirilməsi, bədii tərcümənin, uşaq ədəbiyyatının və dramaturgiyanın inkişaf etdirilməsi, eləcə də kitab müzakirələrinin təşkili ilə bağlı tapşırıqlar verib. Ötən 5 ildə Yazıçılar Birliyi bu istiqamətdə fəaliyyətini qurmağa çalışıb, bir sıra işlər görülüb, tədbirlər keçirilib. Lakin etiraf etməliyik ki, görülən işlər Ali Məclis Sədrinin qarşıya qoyduğu tələblər səviyyəsində deyil. Yazıçılar Birliyinin yeni seçiləcək İdarə Heyəti işdə dönüş yaratmalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələr əsas fəaliyyət istiqaməti olmalı, bununla bağlı Tədbirlər Planı hazırlanaraq icra edilməlidir.

Yazıçılar Birliyinin İdarə Heyətinin iclasları mövcud vəziyyəti əks etdirməli, birliyin üzvlərinin, digər ədəbi qüvvələrin əsərlərinin müzakirə və təhlilləri aparılmalı, ədəbi tənqid, bütövlükdə, ədəbi proses diqqətdə saxlanılmalıdır. Muxtar respublikada yaradıcı insanların fəaliyyəti üçün imkanlar böyükdür. Bunun nəticəsidir ki, çap olunmuş əsərlərin sayı xeyli artıb. Lakin bu əsərlərə diqqət yetirdikdə aydın görünür ki, yazıçı, şair və dramaturqlarımız mövzu seçimində çətinlik çəkirlər. Dəfələrlə deyilməsinə baxmayaraq, bu sahədə problemlər aradan qaldırılmayıb. Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi yaradıcı insanlara, xüsusən də gənclərə köməklik göstərməli, onların yaradıcılığını istiqamətləndirməli, ədəbiyyatda vətənpərvərlik mövzusuna geniş yer verilməlidir. Kitabxanalarda və mətbuat orqanlarında yeni nəşr olunan əsərlərin təqdimatı keçirilməli, imza və kitab müzakirəsi günləri, yazıçılarla görüşlər təşkil olunmalıdır.

Qeyd olunub ki, dünya klassiklərinin əsərlərindən tərcümə sahəsində müəyyən işlər görülüb. Lakin klassik şair və yazıçılarımızın, eləcə də muxtar respublikanın müasir ədəbi qüvvələrinin əsərlərinin xarici dillərə tərcüməsi sahəsində fəaliyyət hiss olunmur. Yazıçılar Birliyi Bədii Tərcümə Mərkəzinin fəaliyyətini gücləndirməli, tərcümə işini günün tələbləri səviyyəsində qurmalıdır. Etiraf edək ki, Naxçıvan ədəbi mühitində uşaqlar üçün yazılan əsərlər azlıq təşkil edir. Digər tərəfdən çap olunan kitablar çox vaxt uşaqların maraq dünyasına uyğun gəlmir. Uşaqlar üçün dram əsərlərinin yazılmasında da çatışmazlıqlar vardır. Bunun nəticəsində muxtar respublikanın uşaq teatrlarının dram əsərlərinə olan tələbatı tam şəkildə ödənilmir. Bu acınacaqlı vəziyyət tək uşaq dramaturgiyasına yox, bütövlükdə dramaturgiyaya aiddir. Naxçıvan Dövlət Musiqili Dram Teatrının hər il tərtib olunan repertuarında muxtar respublika dramaturqlarının əsərlərinin azlıq təşkil etməsi bizi düşündürməlidir. Bu gün muxtar respublika rəhbərinin himayəsi ilə tariximizə aid ciddi elmi-tədqiqat materialları nəşr olunur. Muxtar respublika tarixinin qaranlıq səhifələrinə aydınlıq gətirilir. Bunun müqabilində Yazıçılar Birliyi üzvlərinin tariximizi əks etdirən dram və nəsr əsərlərinin yazılmasına laqeyd münasibəti başa düşülmür. Yazıçılar Birliyi muxtar respublikada uşaq ədəbiyyatı, eləcə də dramaturgiyanın və nəsrin inkişafı istiqamətində ciddi tədbirlər görməlidir.

Ali Məclis Aparatının rəhbəri deyib ki, təşkilatçılıq işi gücləndirilməli, elm və ali təhsil müəssisələri, o cümlədən kütləvi informasiya vasitələri ilə yaradıcılıq əlaqələri davamlı xarakter almalıdır. Yazıçılar Birliyinin Gənclər Təşkilatı gənclərlə işi gücləndirməli, istedadlı gənclərin üzə çıxarılması istiqamətində tədbirlər görməli, onların yaradıcılığını istiqamətləndirməlidir. Muxtar respublikada ictimai təşkilatlar əhatə etdikləri sahələr üzrə yaradıcılıq müsabiqələri keçirirlər. Yazıçılar Birliyi də bu sahədə fəaliyyətini gücləndirməli, gənc istedadların aşkara çıxarılmasına nail olmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilib. Bu, bir daha sübut edir ki, Naxçıvanda kitab mütaliəsinin inkişaf etdirilməsinə xüsusi dövlət qayğısı var. Yazıçılar Birliyi də bu istiqamətdə fəaliyyətini gücləndirməli, müzakirələr keçirilməli, təhlillər aparılmalıdır. Həmçinin birliyin üzvləri tarixi keçmişimizlə, milli dəyərlərimizlə bağlı ədəbiyyatların gənc nəslə çatdırılmasını, onlarda mütaliə mədəniyyətinin artırılmasını diqqətdə saxlamalıdırlar.

Vurğulanıb ki, Yazıçılar Birliyinin Mətbuat Şurası ilə əlaqəsi zəifdir. Bunun nəticəsidir ki, ədəbi mühit mətbuatdan uzaqlaşıb. Muxtar respublika mətbuatında ədəbi nümunələrə az rast gəlinir. Bu səbəbdən də qəzetlər oxunaqlı olmur. Yazıçılar Birliyi Mətbuat Şurası ilə əlaqələri gücləndirməli, sanballı və günlə səsləşən ədəbi nümunələrin, şair və yazıçıların publisistik çıxışlarının mətbuatda dərc edilməsinə nail olmalıdır. Yazıçılar Birliyinin muxtar respublikanın digər yaradıcılıq təşkilatları, xüsusilə Bəstəkarlar Təşkilatı ilə də yaradıcılıq əlaqələri təmin edilməli, Naxçıvanı tərənnüm edən və müasir dövrlə səsləşən sanballı mahnılar ortaya qoyulmalıdır. Bu gün muxtar respublika rəhbərinin himayəsi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi müasir çap texnologiyaları ilə təchiz olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən nəşriyyatda kitab çapı ilə əlaqədar qiymətlərə də yenidən baxılıb, çap məhsullarının qiyməti xeyli aşağı salınıb. Buna baxmayaraq, ziyalılarımızın nəşriyyatla əlaqələri zəifdir. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi muxtar respublikada yaşayıb-yaradan yazıçı və şairlərin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi ilə əlaqələrini gücləndirməlidir.

Yazılan hər bir əsər, nəşr olunan hər bir kitab bu günümüzün tarixidir. Bu baxımdan muxtar respublikanın müasir tarixinə, aparılan genişmiqyaslı quruculuq tədbirlərinə həsr olunmuş əsərlərin yazılmasına diqqət artırılmalıdır. Muxtar respublikanın kəndlərində yeni kənd mərkəzləri tikilib, zəngin fonda malik olan kitabxanalar və müasir iclas zalları istifadəyə verilib. Lakin Yazıçılar Birliyi bu imkanlardan lazımınca faydalanmır. Birlik üzvlərinin kənd mərkəzlərində oxucularla görüşləri keçirilməli, kitab müzakirələri aparılmalıdır. Qarşıdakı 5 il ərzində Yazıçılar Birliyinin yeni tərkibi ciddi çalışmalı, Birliyin Nizamnamə tələbləri və buradan irəli gələn vəzifələr diqqətdə olmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yazıçılar Birliyinin, bütövlükdə yaradıcı ziyalılarımızın fəaliyyətinə mühüm əhəmiyyət verərək qarşıda konkret vəzifələr qoyub və deyib: “Naxçıvan Muxtar Respublikasında yaradıcı ziyalıların öz imkanlarını ortaya qoymaları üçün hər cür şərait yaradılmışdır. Bu şəraitdən səmərəli istifadə olunmalı, oxucuya, ictimai fikrə təsir göstərən, xalqımızın milli maraqlarına cavab verən əsərlər yaradılmalı, bədii əsərlər günümüzün salnaməsinə çevrilməlidir”.

Əli Həsənov muxtar respublika rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında Yazıçılar Birliyinin üzvlərinə, bütün yaradıcı ziyalılara uğurlar arzulayıb.

Sonra Yazıçılar Birliyinin sədri Asim Əliyevin hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, muxtar respublikada yaşayıb-yaradan şair və yazıçılara hərtərəfli diqqət və qayğı göstərir. Ötən beş il ərzində Yazıçılar Birliyi tərəfindən 12 ədəbi almanax hazırlanıb və bu almanaxlar Ali Məclis Sədrinin qayğısı ilə çap olunaraq oxucuların ixtiyarına verilib, “Naxçıvan” jurnalının bir neçə nömrəsi görkəmli şair və yazıçıların əsərlərinə, onlar haqqında yazılan məqalələrə həsr olunub. Asim Əliyev Yazıçılar Birliyinin üzvləri adından göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, göstərilən bu qayğının müqabilində fəaliyyətlərini gücləndirəcəklərinə, muxtar respublikamızda nəsr, dramaturgiya, uşaq ədəbiyyatı, tərcümə, bədii publisistika sahəsindəki nöqsanların tezliklə aradan qaldırılacağına, teatrlarımızın sanballı əsərlərlə zənginləşdiriləcəyinə, milli dəyərlərimizin, tarixi abidələrimizin bədii əsərlərdə daha geniş təbliğ ediləcəyinə söz verib.

Hesabat məruzəsi ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri İbrahim Yusifovun və Elxan Məmmədovun çıxışları dinlənilib.

Sonra konfransda 5 nəfərdən ibarət idarə heyəti seçilib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri Qafar Qənbərov və Fərəc Fərəcov Asim Əliyevin yenidən Yazıçılar Birliyinin sədrliyinə namizədliyini irəli sürüblər. Təklif səsə qoyulub və qəbul olunub.

Konfransda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Nəzarət-Təftiş Komissiyasının da yeni tərkibi müəyyənləşib. Komissiyanın üzvlüyünə namizədlər səsə qoyulub və qəbul olunub. İbrahim Yusifov Nəzarət-Təftiş Komissiyasının sədri seçilib.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin III konfransının qərar layihəsi oxunub və qəbul olunub.

Bununla da, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin III konfransı işini başa çatdırıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR