17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Muxtar respublikada əhalinin sosial rifahı diqqət mərkəzindədir
Bəşəriyyəti narahat edən başlıca sosial problemlərdən biri də yoxsulluqdur. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Mübarizə Günü kimi qeyd olunur.
Müstəqilliyimizin ilk illərində ölkədə tüğyan edən siyasi böhran və iqtisadi tənəzzül 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinə keçid təmin edilmişdir. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf Dövlət Proqramı”nın icrası əhalinin sosial müdafiəsini gücləndirmiş, yoxsulluğun səviyyəsini önəmli dərəcədə azaltmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yoxsulluqla mübarizəni əsas prioritet elan edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Ölkə başçısının 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” ölkədə iqtisadi və sosial sahədə müşahidə olunan müsbət meyillərin, o cümlədən əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində tədbirlərin davam etdirilməsini təmin etmişdir. Dövlət proqramının icrası, habelə ölkə başçısının müvafiq fərman və sərəncamları ilə əməkhaqlarının, pensiya və müavinətlərin məbləğinin artırılması, yeni təqaüdlərin təsis edilməsi əhalinin gəlirlərinin artmasına və rifahının yüksəlməsinə, nəticədə, yoxsulluq səviyyəsinin azalmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafını, makroiqtisadi göstəricilərin artımını, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin etmişdir. Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin 2005-ci il 9 iyun tаriхli Sərəncаmı ilə “Nахçıvаn Muхtаr Rеspublikаsının Rеgiоnаl İnkişаf Prоqrаmı (2005-2008-ci illər)” və 2009-cu il 28 may tаriхli Fərmanı ilə təsdiq edilən “Nахçıvаn Muхtаr Rеspublikаsının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində makroiqtisadi səviyyəni xarakterizə edən göstəricilərdə özünü aydın şəkildə büruzə verməkdədir. Belə ki, Dövlət proqramının əhatə etdiyi 2003-2013-cü (10 il ərzində) illər ərzində sahibkarlıq fəaliyyəti genişlənmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamış, sənaye sahəsində 45,4 dəfə, kənd təsərrüfatında 4,5 dəfə, tikinti sektorunda 14,2 dəfə, informasiya və rabitə sektorunda 9,7 dəfə artım olmuşdur. Bu dövrdə 58 min 460 yeni iş yeri açılmış, əhalinin gəlirləri 9,5 dəfə, əməkhaqqı 9,5 dəfə yüksəlmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sakinlərin sosial rifah halı yaxşılaşmış, yoxsulluq səviyyəsi 35,1 faizdən 4,5 faizə enmiş, yoxsul əhalinin sayı isə 6,8 dəfə azalmışdır.
Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə yeni imkanlar yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” önümüzdəki 5 il ərzində məşğulluq siyasətinin əsaslarını müəyyən etməklə, əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsinə, müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılmasına və işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə yeni imkanlar yaradır.
Dövlət proqramının icrası ilə bağlı muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılır, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədi ilə müəssisələrdə sorğu keçirilir. Bununla yanaşı, kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunur.
Sosial müdafiəyə xüsusi ehtiyacı olanların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqlarını təmin etmək məqsədilə sosialyönümlü layihələr həyata keçirilir. Son 20 il ərzində məşğulluq xidməti tərəfindən 34413 nəfər, o cümlədən əmək yаrmаrkаlаrının təşkili nəticəsində 10727 nəfər iqtisаdiyyаtın müхtəlif sаhələrində peşə və ixtisaslarına uyğun işlə təmin olunmuş, 3808 nəfər isə haqqıödənilən ictimai işlərə göndərilmişdir.
Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən əlillərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, bir sözlə, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər fasiləsiz xarakter almışdır.
Hazırda muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan 16365 şəxsə müxtəlif növ sosial xidmətlər göstərilir. Ümumilikdə, müvafiq əhali qruplarına 37 növ aylıq və birdəfəlik müavinət, təqaüd və kompensasiya ödənilir. Sağlamlıq imkanları məhdud vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 7121 sağlamlıq imkanları məhdud şəxsə sosial müavinət, 239 şəhid ailəsinə, 1620 müharibə əlili və iştirakçısına, habelə I qrup ümumi səbəbdən əlillərə Prezident təqaüdü ödənilir.
Sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası məqsədilə də işlər görülmüşdür. Qeyd olunan dövr ərzində 4984 nəfərə müxtəlif texniki-bərpa vasitələri verilmiş, 3018 nəfərə protez-ortopedik xidmət göstərilmiş, respublikamızın müxtəlif sanatoriya və pansionatlarında müalicə və istirahətləri məqsədilə 2497 nəfər göndərişlərlə təmin olunmuşdur.
Müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzindədir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək sağlamlıq imkanları məhdudlaşan, 1941-1945-ci illər müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən 456 nəfər minik avtomobili ilə, 210 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evi ilə təmin olunmuşdur.
Aztəminatlı ailələrin sosial problemlərinin həlli, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilmişdir. Ehtiyac meyarının davamlı olaraq artmasına baxmayaraq, sosial yardım alan əhalinin sayı ilbəil azalmışdır. Buna səbəb muxtar respublikada yaradılan yeni iş yerləri hesabına aztəminatlı ailələrdə əmək qabiliyyətli ailə üzvlərinin fəal əməyə cəlb olunmasıdır. 2006-cı ildən bu günədək ünvanlı dövlət sosial yardım alan 1814 aztəminatlı ailənin sosial cəhətdən reabilitasiyasına nail olunmuşdur.
Bu gün muxtar respublikada həyata keçirilən davamlı sosial-iqtisadi islahatların, o cümlədən əhalinin məşğulluğunun, sosial yardımın ünvanlılığının təmin edilməsinin məntiqi nəticəsidir ki, sakinlərin sosial rifah halı yaxşılaşmış, yoxsulluq səviyyəsi kəskin azalmışdır.