SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İSTİQLAL MÜCADİLƏSİNİN QÜRUR RƏMZİ

19-01-2016, 16:29 | Oxunub: 10 454 |

İSTİQLAL MÜCADİLƏSİNİN QÜRUR RƏMZİ
Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi sayılan 20 Yanvar faciəsi yeni tariximizə həm də qürur günü kimi yazıldı. Çünki bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən ovaxtkı imperiya rəhbərliyinə nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladlarının varlığını bir daha dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çöküşündə əsas amillərdən biri oldu.

Qanlı gecə

O dövrdə Mərkəzdən Azərbaycana, xüsusən də Bakı ətrafına əlavə qoşun hissələri və hərbi texnika gətirilməsi davam edirdi. Əslində bu, Bakıya qoşun yeridilməsi üçün ilkin hazırlıqdan başqa bir şey deyildi. Xalq hərəkatına rəhbərlik edənlər, o cümlədən Xalq Cəbhəsinin təmsilçiləri isə vəziyyəti düzgün qiymətləndirmək əvəzinə, şəhərin ətrafında, o cümlədən Bakı qarnizonu ətrafında sədlər, barrikadalar yaratmağa başladı. Yük və minik maşınları, avtobus və trolleybuslardan, eləcə də başqa vasitələrdən barrikadalar quruldu, piketlər düzəldildi. Lakin 20 Yanvarda bu düzgün olmayan taktika çox sayda dinc əhalinin qırılmasına, yaralanmasına səbəb oldu.
Yanvar hadisələri ərəfəsində Moskva SSR Ali Soveti İttifaq Sovetinin sədri Y.Pirmakovu və Sov.İKP MK katibi Girenkonu Bakıya göndərdi. Lakin onların AXC-nin radikal və liberal qanadları ilə apardıqları danışıqlar heç bir nəticə vermədi. Yanvarın 17-də Azərbaycan KP MK binası qarşısında izdihamlı mitinq başlandı və üç gün davam etdi. Mitinqdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, Bakı ətrafına yığılmış qoşunların Dağlıq Qarabağa göndərilməsi, respublika rəhbərliyinin istefası və digər tələblər irəli sürüldü.
Sovet rəhbərliyi isə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara dərs vermək üçün 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərman imzaladı. Bununla Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuş oldu.
Digər tərəfdən bu fərmanın tətbiqi barədə əhaliyə xəbər verilməmişdi. Amma xalqdan fərqli olaraq respublika rəhbərliyi yanvarın 20-nə keçən gecə Bakıya ordu yeridiləcəyindən xəbərdar idi. Həmin günlər güman edilirdi ki, respublika rəhbərliyinin istefa verməsi gərginliyi nisbətən azaldar, adamlar barrikadaları tərk edərək dağılardılar. Lakin bunun əksinə olaraq, axşamçağı boş küçələrdə üstünə səsgücləndirici quraşdırılmış maşınlardakı insanlar xalqı piketlərə səsləyirdilər.
Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbəri M.Qorbaçovun göstərişi və Azərbaycanın o zamankı səbatsız rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün SSRİ DTK-nın “Alfa” qrupu respublika televiziyasının enerji blokunu yanvarın 19-da partlatdı. Televiziya susduruldu, kütləvi informasiya vasitələri üzərinə, qəzet və jurnalların nəşrinə qadağalar qoyuldu. Nəticədə Azərbaycan tam şəkildə blokadaya düşdü, əhali hər hansı bir məlumat almaq mənbəyindən məhrum oldu.
Bakıya qoşun yeridiləndə isə tanklardan, zirehli transportyorlardan, piyadaların döyüş maşınlarından istifadə edildi. Zirehli texnikanın üstündə nömrələr yox idi. Qırmızı Bayraq ordenli Xəzər Hərbi Donanmasının gəmilərindən desant çıxarılmışdı. Tanklar və ZTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” (“Zərbə”) adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “Alfa” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Sonradan məlum oldu ki, Bakıya hücum çəkib, qırğın törədən hərbi hissələrin şəxsi heyəti arasında cinayətkarlar və ermənilər də olub. Beləliklə, sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda onlarca mülki vətəndaş öldürüldü, yüzlərlə adam yaralandı. Ölkənin baş meydanındakı tribunadan SSRİ rəhbərliyini hədələyən və xalq hərəkatına rəhbərlik etdiklərini bildirənlər, özlərini “liderlər” adlandıranlar faciə zamanı xalqla birgə olmadılar. Bu isə onların bir daha hakimiyyətə gəlmək üçün oyunlar oynadığını və bu məqsədlə xalqı qırğına verməyə belə hazır olduqlarını göstərirdi.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız ertəsi gün şəhər hərbi komendantı Dubinyakın radio ilə çıxışında və vertolyotlardan səpilən vərəqələrdə bildirildi. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.

Faciəyə ilk cəsarətli münasibət və həqiqi hüquqi qiymət

Faciədən sonra ozamankı Azərbaycana başçılıq edən Ə.Vəzirov gizli şəkildə respublikadan çıxmışdı. Vəzifəyə gətirilən A.Mütəllibov isə Moskva himayədarlarının göstərişlərini yerinə yetirirdi. Azərbaycan xalqının belə ağır vəziyyətində o zaman vəzifədən və siyasi səhnədən uzaqlaşdırılmış Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib mətbuat konfransı keçirdi. Ulu öndər Bakıda törədilən qanlı faciənin səbəblərini və təşkilatçılarını cinayətkar adlandırdı və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarca KİV təmsilçisinin qarşısında verilən bəyanat böyük əks-səda doğurdu.
Elə həmin gün Heydər Əliyev Azərbaycan xalqına başsağlığı teleqramı göndərdi. Teleqramda deyilirdi: “Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürəkağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.
Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etdi. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilmədi.
20 Yanvar faciəsinə hüquqi qiymət yalnız Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra mümkün oldu. 1994-cü il yanvarın 2-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin dördüncü ildönümü münasibətilə yaradılan dövlət komissiyasının iclası keçirildi. İclasda çıxış edən ulu öndər ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini, o zamankı Milli Şura tərəfindən qəbul edilmiş 19 yanvar 1992-ci il tarixli qərarın səthi, başdansovdu hazırlandığını ciddi tənqid etdi. Bundan sonra Milli Məclisin iclaslarında 20 Yanvar faciəsi ilə bağlı məsələ dərindən və ətraflı araşdırıldı, 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.
Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu öndər 31 mart 1998-ci il tarixdə “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edilib. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.
Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Prezident İlham Əliyevin “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2011-ci il tarixli fərmanı ilə isə 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
26 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm də milli qürur günü kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.

Rəşad CƏFƏRLİ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR