SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

TOLERANTLIQ AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN ƏSAS SÜTUNUDUR

19-01-2016, 14:11 | Oxunub: 7 447 |

TOLERANTLIQ AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN ƏSAS SÜTUNUDUR
Xalqımızın öz milli mənəvi dəyərlərini yüksək səviyyədə qoruya bilməsi və inkişaf etdirməsi müasir Azərbaycanın inkişafına öz təsirini göstərmiş, ölkədə multikulturalist və tolerant cəmiyyətin formalaşmasına zəmin yaratmışdır. Azərbaycan multikulturalist dəyərlərin aliliyini qəbul edən və bu dəyərlərin fövqündə formalaşmış cəmiyyətin daha yüksək rifah və inkişaf modeli olduğuna inanan çox az dövlətlərdəndir. Ölkə vətəndaşları respublikada multikulturalizmin vahid dəyərlər kompleksi olduğuna, onun demokratiya, birgəyaşam və bir sıra digər mühüm dəyərləri özündə ehtiva etdiyinə inanırlar və bu kompleks münasibətlər sistemini, Prezident İlham Əliyevin dediyi kimi, özlərinin “həyat tərzinə” çevirmişlər. Bütün bunlar isə müasir dünyada bəzən xalqların və bütöv mədəniyyətlərin hüquq və maraqlarının nəzərə alınmadığı, bəzən qloballaşmanın gətirdiyi “yaxınlığın və sərhədsizliyin” fonunda daha da uzaqlaşmaları və yadlaşmaları, bununla da vahid bir bütövün tərkib hissəsi kimi təcrid olunmaları ilə paralel şəkildə baş verir.
Bu səbəbdən Azərbaycan həm təbii, həm də instinktiv (tarixi və mədəni irsi təcrübəsindən qaynaqlanaraq), həmçinin obyektiv və düşünülmüş (müasir siyasi iradəsi və doktrinasından qaynaqlanaraq) formada bu humanitar problemin məsuliyyətinin yaratdığı vəzifələri beynəlxalq səviyyədə öz üzərinə götürür, onun ətrafında diskursun genişlənməsinə təkan verir. Başqa sözlə, bu dəyərlərin daha da inkişaf etdirilməsi, dünyanın bütün dövlətləri və xalqları tərəfindən qəbul olunması və təlqin edilməsi işində Azərbaycan öz davamlı töhfəsini verməkdədir. Qeyd olunması vacibdir ki, dünyanın bir sıra siyasi mərkəzlərinin təqdim etdiyi mühüm beynəlxalq platformalara paralel olaraq, bu gün “Bakı prosesi” deyilən daha aktual, bərabər diskursu özündə ehtiva edən, mədəniyyətləri və dinləri bir araya daha asanlıqla gətirməyi bacara bilən bir beynəlxalq diskussiya platforması formalaşmışdır. Son on iki il ərzində yüzlərlə müxtəlif tədbir və davamlılığı planlaşdırılmış humanitar aksiyalar vasitəsilə Bakının dünyanın humanitar diskursunun paytaxtına çevrildiyini desək, mübaliğədən kənar olarıq. Çünki bu haqqı bir tərəfdən Azərbaycan xalqının tarixən yaratdığı dəyərlər kompleksi, digər tərəfdən isə bu dəyərlərin inkişafını və daha geniş coğrafiyalara təqdim olunmasının vacibliyini anlayan və ölkədə formalaşmış siyasi iradə diktə edir.
Avropa ilə Asiya arasında mühüm coğrafi mövqedə yerləşməsi Azərbaycanın geosiyasi əhəmiyyətinin vacibliyindən xəbər verir, onu böyük dövlətlərin diqqət mərkəzində saxlayır. Bu coğrafi yerləşmənin mədəniyyətlərin, sivilizasiyaların sərhədində olması Bakının, Azərbaycanın əhəmiyyətini daha da artırır. Müasir siyasi elmin məşhur nəzəriyyələrindən birində sivilizasiyaların sərhədlərində yerləşmənin münaqişə ehtimallarının yüksəkliyinin göstəricisi kimi təqdim edilməsinə baxmayaraq, Azərbaycanda bu potensiala daha fərqli yanaşılır, sivilizasiyaların “görüşü” onların toqquşması kimi deyil, əksinə, onların dialoqu və birgəyaşamına növbəti bir imkan kimi baxılır. Məhz bu səbəbdən də müsəlman ölkəsi olan Azərbaycanda Avropanın ən böyük sinaqoqu istifadəyə verilmiş, ölkədə yaşayan digər dini etiqadların inkişafına geniş imkanlar yaradılmış, sayca bir neçə yüz nəfərdən ibarət olan katolik icması üçün dövlət vəsaiti (mütləq əksəriyyəti müsəlman olan vergi ödəyicilərinin) hesabına kilsə inşa edilmişdir. Bununla da Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixi dini və mədəni abidələri qorumaqla yanaşı, yəhudi sinaqoqları və xristian kilsələrinin fəaliyyətini təmin və təbliğ edən yeganə müsəlman ölkələrindən birinə çevrilməklə hər kəsin və hamının tarixi və mədəni irsinin qorunduğu, hüquqların təmin edildiyi geosiyasi məkana çevrilmişdir.
Qeyd edilənlər ilkin anlamda adi və müasir milli dövlətlərin əsas qayəsinə uyğun olan keyfiyyət göstəricisi kimi izah oluna bilər. Başqa sözlə, müasir dövlətlərin izahını verməyə çalışan, onların əsas məram, məqsəd və missiyalarının analizini aparmış alimlərin insan və cəmiyyət, insan və dövlət münasibətlərinə formalaşdırdığı siyasi konsepsiyalarının hər birinin mərkəzi qayəsi mövcud siyasi quruluşun (dövlətin) öz vətəndaşlarının hüquq bərabərliyinin və rifahının təmin edilməsi məsələsinə baxışı mühüm əhəmiyyət kəsb etmişdir. Müasir demokratiya anlayışının, nəzəriyyəsinin, həm də idarəetmə formasının da əsas şərti məhz bundan ibarətdir.
Belə olan şəraitdə multikulturalizmin nə olduğunu, onu digər nəzəri və praktik formalardan üstün edən hansı keyfiyyətlərin vacibliyini analiz etmək çox zəruridir, çünki multikulturalizm daha geniş münasibətlər sisteminin formalaşmasını, daha ali məqsədlərə (yalnız insanın bugününün rifahını deyil, keçmiş irsini (hissiyyatlarının xoşbəxtliyini), bugünkü rifahını və sabahkı bütövlüyünü və əminliyini təmin edən) nail olmağı qarşıya qoyan, daha geniş və davamlı dəyərlər kompleksidir. Bu dəyərlər kompleksinin mahiyyəti ölkə rəhbərinin bir cümləsində cəmləşmiş, onun “alternativinin yoxluğu” faktı isə nəzəriyyəçi alimlərin qarşısında daha geniş diskussiya imkanları yaratmaqla yanaşı, bu fenomenin öyrənilməsi və təbliği işində mühüm məsuliyyət qoymuşdur.
Cari ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində Prezident İlham Əliyev dünyada baş verən proseslərdən, xüsusilə siyasi, hərbi və humanitar böhranlardan narahatlığını bildirmiş, bu gün dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıqları qeyd edərək həm Avropa ölkələri ilə sıx bağlı olan, həm də müsəlman aləminin ayrılmaz hissəsi olan Azərbaycanın dinlərarası, sivilizasiyalararası dialoqun güclənməsi naminə bundan sonra da çalışacağını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti yekun nitqi zamanı bu problemə bir daha toxunaraq müasir zamanda sivilizasiyalararası dialoqun az müşahidə olunduğunu təəssüflə bildirməklə yanaşı, Azərbaycanın bu yoldan dönməyəcəyini bəyan edərək 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi.
Ölkə rəhbərinin ötən ilin yekunları haqqında fikirlərində multikultural dəyərləri ilə daima seçilmiş Azərbaycanın nümunəsinin regional və daha geniş müstəvidə öyrənilməsinin vacibliyini vurğulaması və 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə 2015-ci ili ağır humanitar, iqtisadi və hərbi-siyasi böhranlarla başa vurmuş geniş Avrasiya regionunda problemlərin həllinin əsas təməllərindən birinin tolerant yanaşma olduğu mesajını çatdırdı. Bu baxımdan Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsinin nəyi vəd etdiyinin tədqiqi və daha geniş müstəvidə təqdim olunması böyük əhəmiyyət kəsb edir və davamlı şəkildə aparılması labüddür. Tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də zamanın tələbləri öz həllini gözləməkdədir və çağdaş zamanımızın çağırışları insan cəmiyyətinin keçmişi və bugünündən irəli gələrək dünyanın gələcək inkişafının konturlarının çəkilməsinin və dinc birgəyaşamın təmin olunması istiqamətində davamlı və dayanıqlı tədbirlərin görülməsinin təxirəsalınmaz əhəmiyyətini önə çəkir.
Beynəlxalq münasibətlər sisteminin qlobal xarakter aldığı zamanımızda ölkələrin və xalqların təcrid olunmuş halda yaşaması mümkün deyildir və ötən ildə istər iqtisadi, istər maliyyə, istərsə də digər problemlərin sərhədləri aşaraq bu və ya digər formada əksər ölkələrə sirayət etdiyi göz qabağındadır. Belə bir şəraitdə müxtəlif mədəniyyətlər arasında harmoniyanın təmin edilməsi bir çox problemlərin həllində müstəsna rol oynayacaqdır. Çünki müasir dövrün çağırışları özlüyündə vahid bir bütövü təşkil edərək bəşəriyyət tarixinin davamlı şəkildə qarşılaşdığı mühüm suallarından biri olan “biz” və “onlar” və ya “doğmalar” və “özgələr” probleminin tətbiqi və həlli kontekstində formalaşır. Bu, özünü müasir Avropanın yaşamaqda olduğu miqrant problemi nümunəsində daha qabarıq nümayiş etdirir. Burada əsas hədəf isə məhz müxtəlif mədəniyyətlərin, dəyərlər komplekslərinin və fikir müxtəlifliklərinin bir-birini qəbul etmələri və ya inkarından asılı olmaqla istər demokratik cəmiyyətlərin təmərküzləşməsi, istərsə də vahid və ümumi dəyərlər kompleksinin formalaşması baxımından çox əhəmiyyətli olur. Hər hansı bir coğrafi vahid çərçivəsində “biz”im və “onlar”ın dəyərlərinin nisbətinə yanaşma həmin cəmiyyətin inkişaf perspektivlərini müəyyən etməsi ilə yanaşı, onun tarixən formalaşmış xarakteri haqqında da fikirlər yürütməyə imkan verir. Burada məqsəd demokratik cəmiyyətlərdə müxtəlif dəyərlərin vahid kompleksdə təmərküzləşərək hamı üçün qəbuledilən bir formaya düşməsini özündə ehtiva edir. Burada əsas hədəf fərqlifikirliliyin qəbul edilməsi, digərlərinin dəyərlərinə qarşılıqlı hörmətin bərqərar olunmasıdır. Əsasını azərbaycançılıq məfkurəsinin təşkil etdiyi Azərbaycan multikulturalizminin nümunəsində bu, müxtəlif və bəzən də bir-birinə əks dura biləcək ehtimalı yaranan (müsəlman cəmiyyətində katolik kilsəsinin inşası və ya müxtəlif təriqətlərə mənsub müsəlmanların vəhdət halında dinc yaşaya bilməsi) dəyərlərin vahid bir kompleks daxilində inkar edilən şəkildə deyil, digərlərinin yaşaya bilməsi üçün əhəmiyyətli olduğu anlaşılan və bu formada da qəbul edilən anlama gəlir. Məhz bu, digərlərinin dəyərlərinə - tarixi irsinə və milli mənəvi dayaqlarına qarşılıqlı hörmətin və tolerantlığın nümayişidir.
Multikultural cəmiyyətlərin formalaşması üçün tarixi və coğrafi faktorlarla yanaşı, vacib olan meyarlardan əsası məhz tolerantlıqdır. Bu, mənəvi dəyər olaraq digər azsaylı etnosların mədəniyyətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi nöqteyi-nəzərindən çoxmədəniyyətli cəmiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Müxtəlif mədəniyyətlərə, dinlərə və dini konfessiyalara tolerant yanaşılmanın vacib nümunəsi olan Azərbaycanda tolerantlığın qarşılıqlı hörmətlə bərabər səsləndiyi sirr deyildir. Məhz bizim ölkəmizdə bütün mədəniyyətlərin dəyərlərinə vahid kompleks şəklində yanaşılır və məhz qarşılıqlı hörmət əsasında müxtəlifmədəniyyətlilik təmin edilir. Azərbaycan multikulturalizmi deyərkən daha geniş dəyərlər sistemi nəzərdə tutulmaqla, bir fərdin məmnunluğu, onun mədəni və sosial təminatlılığı və rifahının təmin edilməsi ilə başlayan və vahid coğrafiya daxilində birgə yaşayan çoxmədəniyyətli cəmiyyətin hüquq və maraqlarının, eləcə də gələcək inkişafının əsaslarının qorunması ilə paralel olaraq daha geniş regional müstəvidə dinc və sabit yaşamanın ümumi qarşılıqlı vəhdəti anlaşılır. Bu vahid sistem daxilində münasibətlər qarşılıqlı tamamlayıcı xarakter daşıyır və nəticə etibarilə yalnız Azərbaycan xalqının deyil, bütün mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışını təlqin edir. Başqa sözlə, Azərbaycanın multikulturalizm nümunəsi hər bir vətəndaşın inkişafı və rifahını əsas tutaraq daha geniş anlamda regional sülh və inkişafı özündə ehtiva edir.
Beləliklə, 2016-cı ili “Multikulturalizm ili” elan etməklə Prezident İlham Əliyev yerli və beynəlxalq ictimaiyyətə mühüm mesajlar çatdırmaqla yanaşı, qarşıya çox vacib tələblər qoymuşdur. Bu tələblərdən birincisi Azərbaycanda multikultural dəyərlərin daha da inkişafının davam etdirilməsidirsə, digəri Azərbaycanın multikultural dəyərlərinin daha dərindən öyrənilməsi və təbliğindən ibarətdir.

Anar NAĞIYEV,
Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin
dekanı, dosent

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR