18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ÇÜRÜYƏN PULLAR
Pulun çürüməsinə inanmaq çətindir. Ona görə ki, heç kim, xüsusən indiki vaxtda pulunu çölə, bayıra atıb çürütməz. Pul açıqda, hamının gözü qarşısında çürüsə, əlbəttə, buna imkan verən olmaz, qarşısını alarlar. Amma bəzən elə olur ki, pul gözdən-könüldən uzaqda, gizlincə çürüyür. Qəfildən xəbər tutursan ki, filan qədər pul batıb, yox olub. Bir nəfərin pulu çürüsə o qədər də yandırmaz, amma vay o günə ki, min, on min nəfərin pulu çürüyə. Tüstüsü göz yandırar, onu da ki, görməzliyə vurmaq mümkün deyil!
Biz “çürüyən pulları” Quba fermerlərinin meyvə bağlarında tapdıq. Bu barədə bir qədər ətraflı danışaq. Əvvəlcə qeyd edək ki, rayonda meyvə bağlarının ümumi sahəsi 15 min hektara yaxındır və onun əksəriyyəti - 13 min hektarı alma bağlarıdır. Digər bağlar isə azdır: 381 hektar armud, 184 hektar gilas, 311 hektar gavalı, 111 hektar fındıq, 57 hektar alça, 62 hektar albalı, 39 hektar ərik, 22 hektar şaftalı, 39 hektar heyva bağlarıdır. 2014-cü ildə Qubada 123 min tona yaxın meyvə tədarük edilib.
2015-ci ildə gilas və armud bağlarının məhsuldarlığı ötən ildəkinə nisbətən çox, alma bağlarının isə bir qədər aşağı olub. Son mövsüm gilas, armud bağı olan fermerlər istədikləri pulu qazandılar, nə meyvələri çürüdü, nə də pulları batdı. Səbəb isə sadədir: bazar gur idi. Amma alma yetişdirən bağbanlar neçə ildir ki, ovuclarının qabarının qarşılığını ala bilmirlər. Bazarları zəif olduğundan cibləri boş qalır, qazanclarını saymaq istəyəndə görürlər ki, əllərində bir şey qalmayıb. Gəlirləri necə it-bat olursa, özləri də xəbər tutmur. Gözlərini açanda bircə onu görürlər ki, pulları qeyb olub, buxarlanıb, itib, xülasə, çürüyüb.
Pulların çürüməsinin iki səbəbi, iki də istiqaməti var. Birincisi, xarici bazarla bağlıdır. Bu, embarqolar və qarşılıqlı sanksiyalarla ləngərləyən şimal qonşumuzun nəhəng bazarıdır. Son bir neçə ildə rus pulunun rublun dollara nisbətdə aramsız qiymətdən düşməsi də almaya təsir edir, onu əvvəlki kimi baha satmaq olmur. Baha satmaq bir yana qalsın, fermerlər tez-tez ziyana düşür, ya da qan qaraldan cüzi gəlirlə geri dönürlər.
Fermer S. İbadov pulun xəzəl kimi töküldüyü 2005-ci ili xatırlayır:
- Rusiyaya 30 ton meyvəni 6 min dollara apardım. Evə qayıdanda bütün xərclərimi bağlayıb balışımın altına 14 min dollar qoydum. Bu, xalis gəlirim idi. Son illər belə pulu ancaq yuxuda görürük. İndi 30 ton almadan həmin məbləğin yarısını qazananlar sevincdən yallı gedirlər.
Fermerlər deyirlər ki, almanı əvvəlki qiymətə satmaq olmur. Nəqliyyat xərcləri artıb, Rusiya tərəfi gömrükdən keçən hər kiloqram almaya görə 10 rubl əlavə dəyər vergisi alır. Xərclər elə artır ki, öz malını aparan adam qazanıb, ya da ziyana düşəcəyini bilmir. Ona görə də Rusiyaya mal aparmağa hamı ürək etmir. Gözləyirlər: “Al qapında, sat qapında” deyib dururlar. Orada satıb ziyana düşdün, ya da qapında çürütdün, nəticəsi fermer üçün eynidir.
Qubalı fermer Bəşir Xəlilov deyir ki, o şəxsən dövlətin qayğısından razıdır:
- Dövlət daha neynəməlidir ki?! Bizi vergilərdən azad edib? Edib! Yardımlar, güzəştli qiymətlə gübrələr, lizinqlə kənd təsərrüfatı texnikası verir? Verir! O ki qaldı qiymətə, onu bazar təyin edir. Rus pulu dollara uduzursa, onların da alıcılıq qabiliyyəti düşür, bizim qazancımız da. Meyvənin çürüməsinə gəldikdə, bunun səbəbləri çoxdur. Əgər bağ sahibi suvarmanı vaxtında aparmırsa, gübrəni, herbisidləri aqrotexniki qaydalara uyğun vermirsə, meyvəsi standarta uyğun gəlməyəcək, çürüyü, xırdası çox olacaq. Bağ sahibi bağdan başı çıxmayanda hökumətdən gileyli olur. Savadımız çatmır, biliyimiz azdır. Yaxşı öyrən, təcrübə yığ, elə meyvə al, elə saxla ki, ingilis ayağına düşsün, fransız gəlib səndən öyrənsin, day bizdəki kimi tərsinə olmasın. Bağ sahibləri əlləri tutanda deyirlər ki, özümüz qazandıq, ziyana düşəndə hökumətdən umub-küsürlər. Rusiya bazarı bizdən yox, dünyada baş alan qlobal gərginlikdən asılıdır.
Bəşirlə razılaşıb Şimal bazarında çürüyən pulları təxmini hesablamağa cəhd edirik. Tutaq ki, Qubadan ildə təxminən 30 min ton alma Rusiya bazarına aparılır. Əgər fermerin rus bazarında 30 ton almadan çıxardığı pul 14 min dollardan 7 min dollara düşübsə, deməli, 30 min ton meyvədə fermerlərin itkiləri 7 milyon dollara yaxındır.
Yazının əvvəlində pulun çürüməsi ilə bağlı qeyd etdiyimiz ikinci səbəb daxili bazarla bağlıdır. Bu bazarın da fermerlər üçün müəyyən çətinlikləri var. Məhsul bağdan piştaxtaya kimi yolda bir neçə dəfə əldən-ələ keçir. Bağda 30 qəpiyə güclə satılan alma Bakıda pərakəndə satışda 1-1,5 manata satılır. İstehlakçı meyvəni real dəyərindən xeyli yuxarı almaq, istehsalçı da xeyli aşağı satmaq məcburiyyətində qalır. Burada itən pullar milyonlarla ölçülür.
Keyfiyyəti aşağı olan meyvənin satışında da ciddi problemlər mövcuddur. Fermerlər deyirlər ki, meyvənin 20-30 faizi standarta uyğun gəlmir. Sovet vaxtında kolxoz və sovxozlar qurd düşən, ləkə vuran, yanı xallı, ağacın dibinə tökülən və kələ-kötür almaları rayonun ərazisində yerləşən 20-dən yuxarı kiçik emal sexlərinə alma püresi və şirəsi istehsalı üçün təhvil verərdilər. Tədarük məntəqələri də əhalidən keyfiyyəti aşağı olan meyvəni mövsümdən asılı olaraq 2-3 manatdan başlayan qiymətlərlə alardı. Bunlardan başqa, kənd əhalisi almanı, gavalını qurudardı və yenə tədarük məntəqələrinə təhvil verərdi. İtki olmazdı. Yadıma gəlir ki, 50 il əvvəl əmim almaları saf-çürük edər, çürük yerlərini kəsib mal-qaraya, safını da uşaqlara verərdi ki, məhsulu hədər getməsin. Ruzinin atılmasını günah sayardı. Amma indi keyfiyyəti aşağı olan meyvəni satmaq həddən artıq çətindir. Zavodlar hazırda belə meyvələri 3-4 qəpikdən alırlar. Bu qiymət çəkilən xərcin heç dördə biri deyil. Çünki bağa çəkilən bütün xərcləri nəzərə alanda məhsuldarlıqdan asılı olaraq 1 kiloqram almanın maya dəyəri təxminən 10-20 qəpikdir. Belə halda fermer 2-3 qəpiyi eşidib başından tüstü çıxmasın, neyləsin?! Düzdür, əllərində maşını olanlar bağları, ya da şəxsi həyətləri qapı-qapı gəzib belə almanı bir az da aşağı - 2 qəpiyə alıb zavoda satanlar var. Amma bu, artıq fermerin yox, özünə güzəran düzəldənlərin qazancıdır.
Heç yerdə meyvənin zay olub satılmaması haqqında rəsmi statistik məlumatlar aparılmır. Bu, demək olar ki, mümkün də deyil. Amma təxmini hesablamalara görə keyfiyyəti aşağı olan 30 min ton meyvə çətin satılır. Mayasından 3-4 dəfə aşağı - 2 qəpikdən satılsa 600 min manat, 4 qəpikdən isə 1,2 milyon manat arasında pul qazanmaq mümkündür. Əgər belə almanın kilosu maya dəyərinə yaxın - 10 qəpik ətrafında satılarsa, rayon üzrə fermerlər 3 milyon manat ətrafında pul götürüb xərclərinin bir qismini rahatlıqla bağlaya bilərlər. Reallıq isə ondan ibarətdir ki, bu 3 milyon heç vaxt fermerlərin ovcuna oturmur. Məhsul bol olanda belə meyvələrin bir qismi sadəcə çürüyür və atılır.
Biz xarici bazarla daxili bazarda fermerlərin itirdiyi milyonları təxmini də olsa hesabladıq. Bəs, çıxış yolu nədədir? Axı, gəlirinə güvəndiyimiz xarici bazar da gözlənilməz sürprizlərlə doludur. Yadınızdadırsa, keçən il 10 gündən yuxarı 250 vaqon mer-meyvə ölkənin şimal keçidində - Dərbənd tərəfdə ilişib qalmışdı. Fermerlərin malı məhv olmaq təhlükəsi qarşısında idi. Problem iki dövlət arasında yüksək səviyyədə həllini tapana kimi xeyli çəkdi.
Dövlət başçısı sonuncu çıxışlarında bir neçə dəfə iqtisadi məsələlərlə bağlı təhlillərin aparılmasının zəruriliyini qeyd edib. Bu təhlillər reallıqları dəyərləndirməli, perspektivləri hesablamağa imkan verməlidir. Məhz dərin iqtisadi analizlər çıxış yollarını düzgün təyin edə, perspektivlərə doğru optimal kurs götürməyə imkan yarada bilər. Bu baxımdan daxili bazarın imkanlarını nəzərdən keçirmək yerinə düşərdi.
Alma ticarətinin zəifləməsi ilə bağlı mütəxəssislər dəfələrlə Qubada alma bağlarının daxili tələbatdan artıq əkildiyini qeyd ediblər. Doğrudandamı, 13 min hektar alma bağı daxili tələbatı artıqlaması ilə ödəyir? Rayon üzrə ildə təxminən 120 min ton alma yığılır. Bu rəqəmi ölkə əhalisinin sayına - 9,6 milyona böləndə il ərzində adambaşına cəmi 12 kiloqram alma düşür. Əslində isə almaya tələbat bundan 2-3 dəfə çoxdur. Deməli, almanın tələbatdan artıq əkilməsi fikri reallıqla uzlaşmayan bəhanədir. Bəs, problem nədədir? Biz mer-meyvənin, göy-göyərtinin içində yaşayan xalq olsaq da, sağlamlığımız üçün vacib qidalardan daha çox şəkərbura, paxlava, yağlı, qızaran və qovrulan xörəklərə üstünlük veririk. Unuduruq ki, sağlamlığımız, uzunömürlüyümüz meyvə-tərəvəzin qida rasionumuza daha çox daxil edilməsindən asılıdır. Bizim qida mədəniyyətimiz səhiyyənin müasir tələblərinə yox, köhnə ənənələrə söykənir. Hansı qidaların daha faydalı olmasını o qədər də yaxşı bilmirik.
Mentalitetimiz belədir ki, soyuducu yağlı ətlə, toyuq, ərinmiş sarı yağ və müxtəlif mürəbbə balonları ilə doludursa, deməli, evdə bolluqdur. Qubalını qonaq çağırıb süfrəyə alma, armud qoydunsa, hesab et ki, əməlli-başlı xətrinə dəymisən! Ölkəmizdə bitən meyvə, tərəvəz, bostan məhsullarını vacib qida məhsulları kimi qəbul etmirik. Biz kənd təsərrüfatında çalışanların zəhmətinə də bir qədər biganəyik. Amma dünyada fərqli düşünən, fərqli yaşayanlar var. Almaniyalı dostum deyir ki, onlar heç vaxt öz məhsullarını qoyub başqa ölkəninkini almaz. Hətta lazım gələrsə, öz məhsuluna artıq pul ödəyər ki, öz istehsalçısını dəstəkləsin. Çünki onların belə bir şüarı var: “Əvvəl özünü düşün, sonra başqasını!” Əslində bazarlıq edərkən həm ailənin sağlamlığını və həm də ölkənin mənafeyini fikirləşmək lazımdır. Yetişdirilən bütün kənd təsərrüfatı məhsullarını geniş çeşiddə qida rasionumuza daxil edəndə, biz iki şeyə nail oluruq. Birincisi, ailə sağlamlaşır, ikincisi, Azərbaycan kəndlisinin iqtisadi durumu yaxşılaşır. Alman üçün yerli istehsalçını bazarlığı ilə dəstəkləmək şərəf məsələsidir, bizim üçün bu, hələ ki heç bir əhəmiyyət kəsb etmir. Dövlətçilik ənənələrinin güclənməsi, dövlətə bağlılıq hər sahədə özünü büruzə verməlidir. Biz vətən sevgisini, torpaq, bayraq sevgisini göylərə qaldırırıqsa, əsgərlərimizə rəğbət bəsləyiriksə, kəndliyə də, onun zəhmətinə də poetik sözlə yox, maddi dəstəklə hörmət qoymağı bacarmalıyıq. Ölkənin inkişafı sənayenin müxtəlif sahələri ilə yanaşı, mənəvi amillərin, mentalitetimizin düzgün formalaşmasından, inkişafından asılıdır.
İndi mentalitet məsələsini yana qoyub problemə fərqli bucaqdan nəzər salaq. Çin ilə monqol iqtisadiyyatı arasında fərq böyükdür. Yəni çinli monqolun gərəksiz bilib atdığı ərzaqdan da asanlıqla pul çıxarır. Adi bir nümunəni götürək: Monqolustanda ildə adambaşına 90 kiloqram ət yeyilir. Çinlilər sərhəd rayonlarında monqollara yaramayan sür-sümükləri ucuz qiymətə alır, elə sərhəddəcə ölkəsinə gələn monqollara əvvəl bu sümüklərdən bişirdikləri yeməkləri, sonra da bu sümüklərdən hazırladıqları müxtəlif suvenirləri satırlar. Yəni çinli monqolun bəyənmədiyi sümükdən də iki dəfə pul çıxarmağı bacarır. Bu baxımdan məhsulun yaxşısı və ya pisi olmur. İstehsal olunan məhsulun yaxşısından yaxşı, pisindən də babat qazanc götürmək mümkündür.
Amma necə olur ki, ölkədəki mövcud telekanallar biz kişilərin ayıbına gələn “olbi”, “tampaks” adlı şeyləri reklam etməkdən bezmirlər? Ümumiyyətlə, reklam olunan məhsulların sayı-hesabı yoxdur. Lakin heç bir telekanal nədənsə 20 saniyəlik sosial reklam roliki təqdim etmir ki,
“Vətən övladı, öz malını ye, iç, geyin!
Vətən övladı öz malınla öyün”!
Dərmanların reklamına ayrılan vaxtın yarısı qədər də yerli məhsullarımızın sağlamlıq üçün faydalı cəhətləri təbliğ olunmalıdır. Televiziya və Radio Yayım Şurasının belə tələbi irəli sürməyə gücü də, səlahiyyəti də yəqin ki, çatar. Bu dolayısı dəstək zaman keçdikcə müsbət nəticəsini büruzə verəcək.
Əvvəlcə onu da deyək ki, sovet dönəmində fəaliyyət göstərən meyvə şirəsi və püre hazırlayan sexlərin əvəzində kiçik emal müəssisələrinin yaradılması da problemin həllində müsbət rol oynaya bilər. Yerli məhsulların satışına təkan verən ideya və təkliflərin müzakirəsi zəruridir. Bir neçəsini biz təklif edək, biznesini qurmaq istəyənlər də faydalansınlar. Bakı artıq nəhəng şəhərdir, meqapolisdir. Paytaxtımızı minlərlə turist ziyarət edir. Şəhərdə bir neçə yüz xalis meyvə şirəsi satılan köşklər açmaq mümkündür. Bakı bulvarında bir neçə çayxananı da xalis meyvə şirələri satılan kafelərə çevirmək olar. Bu, sağlamlığımız və həm də fərqli istirahət etməyimiz üçün vacibdir. Özümüz faydalanırıq. Üstəlik, paytaxta, Bakı bulvarına çıxan əcnəbilər sağlamlığa xidmət edən və müştərilərə ucuz meyvə şirələri təklif edən belə kafeləri görəndə sevinəcək, geri qayıdanda danışacaqlar. İndi dünyada turistləri cəlb edən iki faktor var: ucuz qiymətlər və təkrarsız ekzotika.
Bakı bulvarında insanların tezdən idman etməsi, sağlamlıqlarının qeydinə qalması paytaxtın sivil imicini formalaşdırır. Bu baxımdan meyvə şirələri təklif edən kafelər də həm yerli əhalinin, həm də turistlərin diqqətini çəkər. Bakıya gələn əcnəbi dostumdan soruşdum ki, turist kimi onun üçün nə maraqlıdır? Adi bir cavab verdi: “Hər şey maraqlıdır, yeməyiniz, içməyiniz, istirahətiniz, abidələriniz, qədimlik. Biz başqa mühitə düşürük və yeniliklərdən zövq almağa çalışırıq”.
Hər yanda reklam lövhələri ilə bərq buran “Makdonald” və “Çudo peçka”lar heç bir turist üçün maraqlı deyil. Ona görə ki, hər yerdə var. Meyvə şirələri satan köşklər və kafelər isə maraqlı yenilikdir. İqtisadi baxımdan da sərfəlidir. Bir kiloqram 10 qəpiklik almadan təxminən 700 qram meyvə şirəsi almaq olur. Onu da elə 100 qramını 10 qəpikdən satanda ümumi qazanc 7 dəfə artır. Xərclərini çıx, vergini ödə, qazancını da apar evinə. Şirəsi sıxılan meyvələrin tullantılarını da şəhər ətrafındakı fermerlər göydə alacaq, bir az kəpək qatıb mal-qaranı yemləyəcək, inəklərinin südünü artıracaq. Deməli, bu, tullantısız biznesdir. 3 milyonluq əhalisi olan şəhərdə gündə tonlarla meyvə şirəsi satmaq mümkündür. Yazdıqlarımızı Quran ayəsi kimi yox, sadəcə, çürüyən pulları xilas edən ideyalardan biri kimi təklif edirik.
Meyvənin istehsaldan tutmuş satışadək marşrutunu bir neçə istiqamətdə izlədik və hamısında da itkilərin böyük pullarla ölçüldüyünü gördük. Dünyanın hər yerində məhsulun maya dəyəri xərclər artdığı üçün bahalaşır və deməli, fermerlərin gəlirləri düşür. Lakin gördüyünüz kimi, xilas yolları da az deyil. Xarici bazarda sıxışdırılan, daxili bazarın qeyri-mükəmməlliyindən əziyyət çəkən fermerin hər birimizin dəstəyinə güvənməyə mənəvi haqqı var. Dövlətin verdiyi maddi və hüquqi dəstək qədər hər birimiz kənd təsərrüfatında çalışan bütün zəhmətkeş insanlara mənəvi dayaq verməliyik.
Bahadur İMANQULİYEV