17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
VERGİLƏR NAZİRLİYİNDƏN ƏHALİYƏ MÜRACİƏT
Qanuna edilmiş dəyişikliklər yanvarın 1-dən qüvvəyə minir
Vergilər Nazirliyi Azərbaycan ərazisində aksiz markası ilə markalanmalı olan malların istehsalını, idxalını, satışını və alışını həyata keçirən vergi ödəyicilərinə müraciət edib."EMTV.az" xəbər verir ki, Nazirlikdən bildirilir ki, “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minəcək.
Qaydaların 3.2-ci bəndinə əsasən, markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan malların alışı və satışı “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi” Qaydalarının aşağıdakı tələblərinə uyğun həyata keçirilməlidir:
- aksiz markası ilə markalanmalı olan malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda;
- həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda;
- həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə.
Yuxarıda sadalanan tələblərdən hər hansı birini pozan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 213-1.4-cü maddəsinə görə isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yuxarıda göstərilənləri nəzərə alaraq 1 yanvar 2016-ci il tarixdən etibarən istehsal və satış obyektlərinizdə aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır.
Qanunun tələblərinə görə markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
"Qeyd olunanlarla əlaqədar, satış (iaşə) obyektlərinizdə hal-hazırda qalıqda olan və 1 yanvar 2016-cı il tarixədək alacağınız aksiz markası ilə markalanmalı olan malların inventarizasiyasının aparılması və həmin malların sənədləşməsinin 1 yanvar 2016-cı il tarixinədək yuxarıda göstərilən tələblərə uyğunlaşdırılması tövsiyə olunur. Əks təqdirdə inizibati və cinayət məsuliyyətinə səbəb ola biləcək cəzalara məruz qala bilərsiniz ki, bu halda da məsuliyyət Sizin üzərinizdə qalacaq".
Vətəndaşlar yaranan suallarla əlaqədar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət edə bilərlər.