17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DÜŞMƏN QUCAĞINI ÖZLƏRİNƏ SIĞINACAQ EDƏNLƏR HƏR ZAMAN UDUZUBLAR VƏ BUNUN ALTERNATİVİ YOXDUR
Azərbaycanda siyasətlə məşğul olmaq və fiaskoya uğramamaq üçün mütləq Heydər Əliyev siyasi məktəbini keçmək gərəkdir. Azərbaycanın səsi dedikdə, Azərbaycan vətəndaşlarının səsi, həmçinin sizin və mənim səsimiz nəzərdə tutulmalıdır - Faiq ƏHMƏDOV
"Azərbaycanın Səsi" İctimai Birliyinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin və İraq-Türkmən Yazarlar Birliyinin üzvü, tanınmış yazar-publisist, xeyriyyəçi məşhədi Faiq Əhmədov yerli mətbuata müsahibə vermişdir. Həmin müsahibəni olduğu kimi oxucularımıza təqdim edirik.
- Faiq müəllim, ilk növbədə istərdik ki, “Azərbaycanın Səsi” İctimai Birliyinin adı ilə bağlı oxucularımıza bir açıqlama verəsiniz. Yəni bu adı seçməkdə məqsədiniz, məramınız nə olmuşdur?
- İlk növbədə istərdim ki, fürsətdən istifadə edib Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə öz adımdan və rəhbərlik etdiyim “Azərbaycanın Səsi” İctimai Birliyinin bütün üzvləri adından səmimi qəlbdən təbrik edim, ona uzun ömür, can sağlığı və ölkəmizin daha da çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayım!
Sualınızla bağlı onu deyə bilərəm ki, bu barədə mən ilk dəfə hələ Birliyimizin təqdimatında açıqlama vermişəm. Bir çoxları düşünə bilərdilər ki, yaratdığımız yeni quruma bir qədər pafoslu ad seçməklə biz sadəcə olaraq özümüzə diqqət cəlb etmək istəmişik. Lakin ümid edirəm ki, belə düşünənlər fəaliyyətimizin artıq ilk aylarından səhf fikirdə olduqlarını anlamış oldular. Çünki biz heç zaman şöhrət arxasınca getməmişik və əgər bu gün cəmiyyət içərisində tanınırıqsa, buna yalnız öz fəaliyyətimizlə nail olmuşuq. Birliyimizin adına gəlincə isə, burada da heç bir müəmma-filan yoxdur. Yəqin ki, mənimlə razılaşarsınız, Azərbaycanın səsi dedikdə, ilk növbədə xalqın, sadə Azərbaycan vətəndaşlarının səsi, həmçinin sizin və mənim səsimiz nəzərdə tutulmalıdır. Biz də bu Birliyi yaratmaqla ilk növbədə məhz sadə vətəndaşlarımızın, bəlkə də hansısa bir problemini lazım olan instansiyaların diqqətinə çatdıra bilməyən, başqa sözlə desək, səsini eşitdirə bilməyən insanımızın yanında olmağı, onu eşitməyi və eşitdirməyi qarşımıza məqsəd qoymuşuq. “Azərbaycanın Səsi” adı da məhz buradan formalaşıb.
- Bu gün “Azərbaycanın Səsi” İctimai Birliyi ölkəmizdə kifayət qədər tanınan bir quruma çevrilmişdir. Rəhbərlik etdiyiniz bu birliyin ictimaiyyətlə münasibətləri hansı əsaslar üzərində qurulur?
- Dediyim kimi, bizim əsas məqsəd və amalımız insanları eşitmək və lazım olduqda onların səsini digər səlahiyyətli qurum və ya şəxslərə çatdırmaqdır. Şükürlər olsun ki, cəmiyyətdə də bizi olduğumuz kimi tanıdılar və qəbul etdilər. Bu gün ofisimizə mütəmadi olaraq vətəndaşlar tərəfindən ən müxtəlif səpgidə müraciətlər olunur. Müəyyən təkliflərlə müraciət edənlər də olur, şikayət edənlər də, yardım istəyənlər də. Biz də çalışırıq ki, bu müraciətlərə adekvat cavab verək. Hələ ki, işimizin öhdəsindən gələ bilirik. Əminəm ki, bizə müraciət edənlərin də böyük əksəriyyətinin fəaliyyətimizdən narazı qalmaları üçün heç bir əsası yoxdur. Əksinə, aldığımız rəylərdə daha çox minnətdarlıq ifadələrinə rast gəlirik. Düşünürəm, sualınızı cavablandırmış oldum. Yəni bütün bu dediklərim əslində elə ayrı-ayrı vətəndaşlarla qurduğumuz münasibətlərin əsasıdır. İctimaiyyət isə təbii ki, fərdlərin birliyindən formalaşır. Deməli, tək-tək insanlarla yaradılan münasibətlər, sonda ictimaiyyətlə münasibətləri formalaşmasına zəmin yaradır.
- Faiq müəllim, birliyin fəaliyyətində məhz xeyriyyəçiliyə daha çox üstünlük verməyinizi dövlətimizin daxili siyasətindəki prioritet istiqamətləri nəzərə almağınızla izah etmək olarmı?
- Bizim, İctimai Birlik olaraq, fəaliyyətə başladığımız ilk gündən özümüz üçün müəyyənləşdirdiyimiz əsas prioritet istiqamət sadə insanların problemlərinin həllində imkanlarımız daxilində yardımçı olmaqdır. Bilirsiniz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında məhz sosialyönümlü siyasətin prioritetliyi qorunub saxlanılır və bu da təsadüfi deyil. Məlumdur ki, son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm rol oynayıb. Bu baxımdan sosial qayğıya daha çox ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, o cümlədən məcburi köçkünlərin qarşılaşdıqları əsas problemlərin həlli, onların həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr də xüsusi önəm kəsb edir. Biz də təbii ki, öz fəaliyyətimizi imkanlarımız daxilində məhz bu istiqamətə yönəltməyə çalışırıq.
- Faiq müəllim, bir qədər də siyasi proseslərə dair fikirlərinizlə bölüşməyinizi istərdim. Bu gün bəzi xarici ölkələrdə yerləşən mənbələr tərəfindən sosial media vasitəsilə dövlətimizə qarşı düzənlənən informativ hücumlar barədə nə deyə bilərsiniz?
- İlk növbədə bir məqama mütləq şəkildə aydınlıq gətirmək istərdim. Əgər siz xarici ölkədə yerləşən mənbə dedikdə həmin ölkəyə aid hər hansı bir informasiya vasitəsini, xəbər agentliyini və ya digər analoji qurumu nəzərdə tutursunuzsa, bu zaman yaşanan situasiya əksər hallarda ölkələrimiz arasında mövcud münasibətlərə uyğun formalaşır. Fərqli bir halda söhbət dövlətlərarası münasibətlərdən deyil, konkret ölkədə bizə qarşı düşmən münasibətlər üzərinə köklənmiş hər hansı milli diasporun fəaliyyətindən gedə bilər. Bu baxımdan əlbəttə ki, ilk növbədə məhz erməni lobbisinin fəaliyyəti diqqəti çəkməyə bilməz. Yenə deyirəm, bu dediklərim sırf hər hansı xarici ölkəyə aid bir qurumun Azərbaycana qarşı təxribat xarakterli çıxışlarının araşdırılmasına şamil edilə bilər. Yox, əgər siz xarici ölkədə yerləşən mənbə dedikdə, bu və ya digər dövlətin ərazisinə sığınan satqınları, Vətən xainlərini nəzərdə tutursunuzsa, bu zaman məsələ bir qədər fərqlidir. Daha doğrusu, tam fərqlidir. Məsələ bundadır ki, əgər bizə qarşı haqsız çıxışlar edən xarici jurnalistləri sadəcə olaraq ədalət prinsiplərini pula satmaqda ittiham etmək olarsa, özlərinə başqa dövlətlərdə sığınacaq axtaran xainlər həmin pula artıq Vətəni və dövləti satmağa hazır olduqlarını göstərirlər. Əlbəttə ki, belələrinin bir gün yolları yenə də Azərbaycana düşdükdə simalarının necə dəyişdiklərini nəzərə alsaq, onların müzakirəsinə sərf olunan vaxtın bu insanların özlərindən çox-çox daha dəyərli olduğunu görərik. Düşmən qucağını özlərinə sığınacaq, özlərini isə düşmənin baltasına sap edənlər hər zaman uduzublar və bunun alternativi yoxdur.
- Son vaxtlar Azərbaycan əsilli Türk iş adamı Mübariz Mənsimovun da mediada heç də birmənalı səslənməyən çıxışlarının şahidi oluruq. Bu barədə nə deyə bilərsiniz?
- Mübariz Mənsimov uğurlu bir iş adamı ola bilər. Lakin bu heç də onun siyasi səhnədə də uğur qazana biləcəyi anlamına gəlmir. Yeri gəlmişkən, mən bu sözü əksər müxalifət təmsilçiləri üçün də deyə bilərəm. Onlar sadəcə dərk etməlidirlər ki, Azərbaycanda siyasətlə məşğul olmaq və fiaskoya uğramamaq üçün mütləq Heydər Əliyev siyasi məktəbini keçmək gərəkdir.
- Faiq müəllim, ümumiyyətlə bu gün Azərbaycanda beynəlxalq əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində aparılan işi necə qiymətləndirirsiniz?
Təəssüflər olsun ki, son illər ermənipərəst qüvvələr Azərbaycana qarşı aparılan informasiya müharibəsinə bəzi qərb ölkələrində yeni iştirakçılar da cəlb edə biliblər. Bir az əvvəl biz bu barədə artıq müəyyən qədər danışdıq. Bu iştirakçılar sosial mediada getdikcə fəallaşır, iğtişaş və itaətsizliyə çağırışları artırır, ölkəyə və hökumətə qarşı daha çox əsassız ittihamlar irəli sürürlər. Ancaq onlar demirlər ki, bu gün dünyanın müxtəlif yerlərində risklər, hədələr artmaqda, qanlı münaqişələr və qarşıdurmalar genişlənməkdə olduğu halda, Azərbaycanda sabitlik, təhlükəsizlik və normal yaşayış təmin olunur. Bu gün sosial mediadan ölkənin sabitliyinə və təhlükəsizliyinə zərbə vurmaq üçün istifadə olunur. Əlbəttə ki, bu, yalnız Azərbaycanın problemi deyil. Bu gün dünyanın bir çox ölkələri oxşar vəziyyətlə üz-üzə qalıblar. Buna görə də belə halların qarşısını almaq üçün müəyyən qanunverici baza yaradılmalıdır. Eyni zamanda da bu həmlələri səngitmək məqsədilə Azərbaycan üçün beynəlxalq əlaqələrin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyəm ki, məhz bu istiqamətdə son illər olduqca mühüm addımlar atılmaqdadır. Belə ki, Azərbaycanla bir çox ölkələr, o cümlədən Avropa ölkələri arasında ikitərəfli münasibətlər uğurla inkişaf etdirilir. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin möhkəmlənməsinə xidmət edir. Artıq bir çox ölkələr istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlarda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə öz dəstəklərini ifadə ediblər. Bu gün həmin ölkələrlə Azərbaycan arasında Avropa strukturları, Şərq Tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq həyata keçirilir.
- Sonda istərdik ki, oxucularımıza “Azərbaycanın səsi” İctimai Birliyinin yaxın gələcək üçün nəzərdə tutulmuş fəaliyyət planları barədə bir qədər məlumat verəsiniz.
- Bildiyiniz kimi, “Azərbaycanın Səsi” İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biri də xeyriyyəçilikdir. Mütəmadi olaraq 20 Yanvar ümummilli hüzn günü, 26 fevral Soyqırımı günü, 8 Mart beynəlxalq qadınlar günü, Novruz bayramı, Ulu Öndərimizin doğum günü, Ramazan bayramı və Qurban bayramı münasibətilə keçirdiyimiz tədbirlərin gedişində hər zaman xeyriyyə aksiyaları da təşkil olunur. Çalışırıq ki, imkanlarımız daxilində əhalinin aztəminatlı təbəqəsini təmsil edən insanlara, o cümlədən şəhid ailələrinə, əlillərə, kimsəsizlərə yardım edək, onların ehtiyaclarının müəyyən bir hissəsini də olsa qarşılayaq. Qürurla deyə bilərəm ki, “Azərbaycanın Səsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş belə tədbirlərdə təkcə bu il 186 ailəyə, fəaliyyətə başladığımız 2017-ci ildən bu günə kimi isə, ümumilikdə 638 şəhid, qaçqın və məcburi köçkün ailələrinə, əlil və sadəcə imkansız insanlara ərzaq yardımı təqdim olunmuşdur. Təbii ki, bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Elə gələcək planlarımız da məhz bu prioritetlər üzərində qurulur.
- Çox sağ olun Faiq müəllim, maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.
- Siz də sağ olun.
Hazırladı: İlahə Məmmədova