SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalanıb

9-05-2019, 14:41 | Oxunub: 12 892 |

Görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalanıb

Görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalanıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, nekroloqda deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Cahangir oğlu Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat etmişdir.

Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1948-1951-ci illərdə Bakı musiqi texnikumunda oxumuş, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1951-1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada 1966-1968-ci illərdə baş müəllim, 1968-1978-ci illərdə dosent, 1979-1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməsinə yeni səhifələr yazmışdır. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb etmiş və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanmışdır.

Bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuşdur. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanmışdır. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. "Məhəbbət əfsanəsi" baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərmişdir. Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir.

Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilmişdir. O, bir sıra fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından "Heydər Əliyev", "İstiqlal" və "Şöhrət" ordenləri ilə təltif olunmuşdur.

Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Cahangir oğlu Məlikovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!".

Nekroloqu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Əbülfəs Qarayev, Ceyhun Bayramov, Akif Əlizadə, Tahir Salahov, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Fidan Qasımova, Xuraman Qasımova, Tofiq Bakıxanov, Rauf Abdullayev imzalayıblar.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR