Naxçıvanda reallaşdırılan yenilikləri nəyə görə qəbul etmək istəmirlər?
30-08-2017, 13:24 | Oxunub: 9 176 |
İndiyədək Naxçıvanda qəbul edilən heç bir qərar birmənalı qarşılanmayıb. Bu sual uzun illərdir insan oğlunu düşündürür: Bəziləri zaman-zaman Naxçıvanda reallaşdırılan yenilikləri nəyə görə qəbul etmək istəmirlər?Gəlin əvvəlcə bu suala cavab axtarmağa çalışaq.Naxçıvan blokada şəraitində yaşadığından buradakı vəziyyət, insanların yaşayışı, muxtar respublikada görülən işlər ölkə ictimaiyyəti üçün maraqlıdır. Tarixən də belə olub. Naxçıvan həmişə fatehlərin, səyyahların diqqətini cəlb edib. Bu diyarın özünəməxsus təbiəti, qədim tarixi, möhtəşəm abidələri hər zaman diqqət mərkəzində olub. Son 20 ildə isə bu siyahıya həyata keçirilən islahatlar, abadlıq -quruculuq işləri də əlavə edilib. Naxçıvan mövzusu ölkə ictimaiyyəti üçün maraqlı olduğundan mediada və sosial şəbəkələrdə bu diyara daha çox müraciət edilir. Naxçıvandan yazaraq qısa müddətdə populyarlaşan saytlar var. Ancaq bəzi saytların və sosial şəbəkə istifadəçilərinin bu mövzuya müraciəti qərəzlidir, bəzi hallarda isə sifarişlidir. Əllərindən bir iş gəlməyənlər, tapşırılan vəzifələri yarıtmayanlar muxtar respublikada görülən işlərə kölgə salmağa çalışırlar. Yalan, qərəzli məlumatlar yaymaqla “sübut etmək” istəyirlər ki, guya Naxçıvanda hər şey göründüyü kimi deyil.Bəli, doğrudur. Naxçıvanda hər şey göründüyü kimi deyil. Naxçıvanın gələcəyi naminə elə möhtəşəm layihələr, tədbirlər həyata keçirilir ki, onları anlamaq üçün dərin zəka, yüksək təhlil qabiliyyəti lazımdır. Bir neçə misal çəkmək yerinə düşər. Naxçıvanın hərbi, ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub. Blokada şəraitində yaşayan bir region üçün bunlar həyati əhəmiyyət daşıyır. İndi Naxçıvan düşmənə təkcə müsir silahlarla deyil, qədim tariximizi əks etdirən, beynəlxalq dillərdə nəşr olunan əsərlərlə də cavab verir. Naxçıvanın keşməkeşli tarixinin öyrənilməsi, abidələrinin bərpa olunması, muxtar respublikada ekoloji tarazlığın qorunması, olduqca əlverişsiz iqlim şərtləri altında yeni yaşıllıqların salınması, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, vətənpərvər, bilikli gəncliyin yetişdirilməsi, milli dəyərlərin yaşadılması istiqamətində görülən işlər tarixi missiyadır.Keçək bəzilərinin Naxçıvanda gerçəkləşdirilən yenilikləri nəyə görə tənqid etməsi məsələsinə. Bir qrup insanlar Naxçıvanda görülən işlərin mahiyyətini sadəcə olaraq dərk etmirlər. Bir qrup isə görülən işlərin əhəmiyyətini dərk edir, ancaq niyəsə qəbul etmək istəmir.
Naxçıvanda görülən işlər gələcəyə hesablanmış yenilikçi islahatlardır. Milli dəyərlər, adət-ənənələr üzərində qurulmuş yeniliklər asanlıqla qəbul oluna bilməzdi. Dünyada tarixən yeniliyi qəbul etmək problemi olub. 14-cü əsrin əvvəlləri-16-cı əsrin sonlarında Qərbi və Mərkəzi Avropanı əhatə edən İntibah-renesans dövrü də asanlıqla qəbul edilməyib.Bu baxımdan Naxçıvanda görülən işləri bəzi insanların dərk etməməsi başadüşüləndir. Ancaq bu yenilikləri anlayan bir qrup insanın görülən işlərə kölgə salmaq istəməsi paxıllıqdır, düşmənçilikdir.Naxçıvanda həyata keçirilən bütün yeniliklərə, bu diyarın gələcəyi naminə görülən işlərə bəziləri həmişə qərəzli yanaşıb.Bir vaxtlar avtobuslarda konduktor işləyən, bazarlarda xırda alverçiliyə sövq edilən şagirdlər məktəblərə cəlb olunanda haray-həşir saldılar ki, bəs Naxçıvanda insanlara işləməyə imkan vermirlər. Onda Naxçıvanda uşaqları təhsilə cəlb etməyə, onlar üçün xoşbəxt gələcək qurmağa çalışırdılar. Mənim şəxsən tanıdığım, vaxtilə bazarlardan, avtobuslardan zorla çıxarılıb məktəblərə aparılan yeniyetmə və gənclərin sırasında indi açıq ürək əməliyyatı aparan həkimlər, dövlətinə sədaqətlə xidmət edən məmurlar, istedadlı müəllimlər, musiqiçilər, alimlər var. Bax, bizim qaragüruhçu zehniyyətimiz o uşaqların xoşbəxtliyini, bugünkü inkişafını ”tənqid” edirdi.Antisanitariyanın baş alıb getdiyi çayxanalar söküləndə də hay-küy saldılar: Ay aman Naxçıvanda insanları çay içməyə də qoymurlar. Şəxsən tanıdığım bir insan var ki, o antisanitariyalı çayxanalarda vərəm xəstəliyinə tutulub. O hay-küy qoparanlar Naxçıvanda savadlı və sağlam insanların olmasını istəməyənlər idi. Bunun adı düşmənə xidmət deyil, bəs nədir?Təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın kəndlərindəki çayxanalar da söküldü. Niyə? Çünki o çayxanalar xəstəlik mənbəyinə və bekarlar yığıncağına çevrilmişdi. İslam dinini qəbul etmiş görkəmli boksçu Məhəmməd Əli deyirdi ki, səadətə çatmaq yolunda ən çətin mübarizə tənbəlliyin daşını atmağa çalışmaqdır. Naxçıvanda bu işlər görülməklə insanlar tənbəllikdən, ətalətdən qurtuldu. Bütün bunların nəticəsidir ki, indi Naxçıvanda əkinəyararlı bir qarış da boş torpaq yoxdur. Bütün bunların nəticəsidir ki, indi Naxçıvan ərzaq məhsullarını baha qiymətə xaricdən almır.Naxçıvanda yas mərasimləri ilə bağlı görülən işlər də birmənalı qarşılanmayıb. Vaxtilə Naxçıvanı İslam qayda-qanunlarına əməl etdiyi üçün “qınayanlar” indi muxtar respublikanın bu təcrübəsinin bütün Azərbaycanda yayılmasının tərəfdarlarıdır. Qəbirstanlıqlarla bağlı haray-həşir qoparanlar da öz fikirlərini dəyişdilər, bunun da nümunə olduğunu bildirdilər. Əvvəldə dedim axı, yeniliyi qəbul etmək asan deyil.
Son günlər Naxçıvan daha bir yeniliyə imza atıb. Ali Məclisin Sədri Vasif Talıbovun Sərəncamı ilə oxunması vacib olan kitabların siyahısı təsdiq olunub. Naxçıvanda qəbul olunan yenilikçi qərarların hamısına ağız büzənlərə dözmək olardı, ancaq millətin gələcəyi, savadlı olması naminə verilən bu sərəncama qaralama kampaniyası aparanlara heç cür tab gətirmək mümkün deyil. Çünki söhbət millətimizin, sözün əsl mənasında, bəlasına çevrilən oxumamaq “xəstəliyinin müalicəsindən” gedir. Ölkəmizin ağıllı adamları, ziyalılar isə təbii ki, dünəndən bu sərəncam barədə danışır, qəbul olunan qərarı alqışlayırlar.Bəziləri qəbul olunan qərarı alqışlasa da, kitabların düzgün seçilmədiyini bildirir. Bununla bağlı mətbuata açıqlama verən millət vəkili Aqil Abbasın fikirləri çox maraqlıdır: “Siyahıda gənc nəslin vətənpərvərliyinin formalaşmasından söhbət gedir. Bu yazıçılar da gənclərin formalaşmasında rol oynaya bilərlər. Deyə bilərsiniz ki, siyahıda Tolstoy, Dostoyevski niyə yoxdur, amma Ostrovski var. Axı burda gənc nəslin milli kökə bağlılığından söhbət gedir, onun tərbiyəsindən, vətənpərvərliyindən. Dostoyevskini oxuyub necə vətənpərvər olmaq olar? Yaxud da tərbiyəli. Söz yox ki, Dostoyevski də, Tolstoy da böyük yazıçıdır. Ancaq bu siyahının mövzusuna uyğun deyillər”. İndi isə keçək siyahıda olan kitablara. Dahi yazıçı Ernest Heminquey yazırdı ki, yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. Naxçıvanda oxunması məsləhət bilinən kitablar məhz belə nəşrlərdir. Mütaliəli adamlar siyahıya baxarkən onun necə mükəmməl tərtib olunduğunu görürlər. Dünən ölkəmizin tanınmış jurnalistlərindən Zülfüqar Hüseynzadə, İlham Tumas, Rey Kərimoğlu, İlqar Rəsul və Anar Rəsulovla söhbətimizdən də gördüm ki, kitabsevərlər Vasif Talıbovun bu qərarından sadəcə məmnun qalıblar.
Siyahıdakı birinci kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətidir. Bu müraciət Azərbaycanın tarixidir. Biz bu müraciəti oxumaqla ölkəmizin dünəni, bu günü və hətta gələcəyi barədə də məlumatlı olarıq. ”Kitabi-Dədə Qorqud” dastanını oxumayan öz soykökü, necə bir qəhrəman xalqın nümayəndəsi olduğu barədə hansı biliklərə malik ola bilər? Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması, “Nizaminin hikmət və nəsihətləri”, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri, Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri”, Hüseyn Cavidin “Azər” poeması, Cəlil Məmmədquluzadənin “Hekayələr” i, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı gənc nəslin milli ruhda, vətənpərvər böyüməsinə, əxlaqlı və dürüst insan olmasına, yeniyetmə və gənclərdə dünyadakı yenilikləri öyrənib mənsub olduğu milləti və ölkəni irəli aparmaq istəyinin formalaşdırılmasına təsir edəcək çox qiymətli kitablardır. Həmin siyahıdakı kitabların hamısını bu yazıda şərh etmək fikrində deyiləm. Bu sərəncam və siyahı barədə fikir söyləyənlər ABŞ-ın 16-cı Prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubunu, Faruk Sumerin “Oğuzlar” əsərini oxusalar, əminəm ki, bu barədə fikirləri mütləq dəyişəcək. Mən inanmıram ki, “Mister Hemferin xatirələri”ni, Nikolo Makiavellinin “Hökmdar” əsərini oxuyan Azərbaycan gənci hansısa xarici təsirə düşüb ölkəsini əleyhinə işləsin. Yəni demək istədiyim odur ki, bu kitablar çox mükəmməl seçilib. O ki, qaldı bu siyahının kim tərəfindən tərtib olunmasına, oxucularımıza əminliklə deyirəm ki, həmin kitabları Ali Məclisin Sədri şəxsən özü seçib. Vasif Talıbovu şəxsən tanıyanlar, onunla ünsiyyətdə olanlar bilir ki, Ali Məclisin Sədri necə mütəliəli, geniş dünyagörüşlü və vətənpərvər şəxsiyyətdir. Onun kitab oxumamaq üstündə məmurlara irad bildirdiyinin dəfələrlə şahidi olmuşam.Naxçıvan Ali Məclisinin mətbuat xidmətinin əməkdaşı, “Şərq qapısı” qəzetinin baş redaktoru kimi neçə illər muxtar respublikada keçirilən tədbirlərdə iştirak etmişəm. Etiraf edim ki, açılış tədbirlərində kitabxanaya baxış zamanı heç kim Vasif Talıbovun yaxınlığında olmaq istəmirdi. Çünki hər kəs bilirdi ki, o, kitabxanada rəfdən bir kitab seçəcək və ətrafındakılardan onu oxuyub oxumadığını soruşacaq. Yəni Vasif Talıbov kitab mütaliəsinə bu qədər ciddi diqqət yetirən bir rəhbərdir. Naxçıvanda yaradılan elektron kitabxanalar, demək olar ki, bütün yaşayış məntəqələrində kitabxanaların müasir bina ilə təmin edilməsi də bunu sübut edən amillərdir.
Bu qərar bütün kitabsevərlərin ürəyincədir. Biz bunun bəhrəsini bir neçə ildən sonra görəcəyik. Necə ki indi Naxçıvanda ötən illərdə qəbul olunmuş qərarlara dodaq büzənlər yanıldıqlarını etiraf edirlər. Əvvəldə də dediyim kimi, bizim yeniliyi qəbul etməmək “xəstəliyimiz” var. Ancaq xoşbəxtlikdən sağalmaz xəstəlik deyil.Sonda kitabların düzgün seçilməməsini iddia edən gerçək kitabsevərlərə xatırlatmaq istərdim ki, siyahıda sadəcə minimumlar göstərilib, insan oğlu oxumuş adam kimi cəmiyyətdə sayılıb-seçilmək istəsə, həyatı boyu 30 deyil, 300, bəzən də 3000 bu cür ibrətamiz və maarifçi, tarixin dərinliklərindən qiymətli xəzinəyə açar ola biləcək kitablar oxuyur. Dodaq büzməkdənsə, oxuyun, dostlar. Oxumaq heç zaman gec deyil. Əldə etdiyiniz biliklərdən Vasif Talıbova çatacaq bir şey yoxdur, sadəcə mənəvi zənginlik əldə etmiş olacaqsınız. Bundan sonra kiməsə minnətdarlıq borcunuz olduğunu yadınıza salmaya bilərsiniz, ən azından dinimizin banisinin "Beşikdən qəbir evinədək oxumaq" nəsihətini xatırlayanlar çox olacaq. P.S Görkəmli İtaliya yazıçısı Vittorio Alfiyeri yazırdı ki, cəsarətin ölçüsü ölmək deyil, yaşamaqdır. Naxçıvan cəsarətli qərarları ilə yaşayır.Emtv.az
OXŞAR XƏBƏRLƏR