17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BERLİN–VAŞİQTON QARŞIDURMASININ HƏLLİ TEHRANDA OLA BİLƏR, MÜSƏLMANLARI DAHA BİR SINAQ GÖZLƏYİR
Berlin – Vaşiqton qarşıdurmasının həlli Tehranda ola bilər
Avropa Birliyi Silahlı Qüvvələrinin yaradılması ideyası Birləşmiş Ştatlar üçün əsil baş ağrısına çevrilib. Bəzi Avropa şirkətlərinin “Şimal axını - 2” layihəsinə qoşulması isə, bu başağrısını daha da şiddətləndirib. Ola bilsin ki, “Ağ ev” bu bəlanın çarəsini Tehranda “tapmaq” qərarına gəlsin...
- İran “təhlükəsi” Avropaya 6 raketlə nümayiş etdirildi...
Nəhayət ki, son 10-12 gün ərzində İrandan gözlənilən “cavab” gəldi. Fars agentliyinin yaydığı məlumata görə, kifayət qədər “əhatəli” olan bu cavab “yer-yer” tipli, 6 ədəd orta mənzilli ballistik raketlərin uçuşu ilə ifadə olundu. Yayımlanan məlumatlarda deyilir ki, məhz iyunun 7-də Tehranda həyata keçirilmiş terror aktına cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-kosmik qüvvələrinin Kirmanşah və Kürdistan əyalətlərində yerləşən bazalarından havaya buraxılmış bu raketlər İrakın hava məkanından keçərək, Suriyanın Deyr-əz-Zor vilayətində yerləşən İŞİD mövqeylərinə dəqiq zərbələr endirmişlər. Həmçinin məlumata görə, raket zərbələri nəticəsində terror qruplaşmasının çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir.
Dediyimiz kimi, İranın bu cavabı tamamilə gözlənilən idi.
Lakin məsələyə bir qədər fərqli mövqeydən nəzər salsaq deyə bilərikmi ki, İranı bu addımı atmağa bəzi qərb dövlətlərindən idarə olunan qüvvələr vadar etdilər, həm də məqsədyönlü şəkildə?
Maraqlıdır ki, İslam İnqilabı Keşikçiləri Korpusu komandanlığının verdiyi bəyanatda da baş verənlərdə məhz xarici qüvvələrin təsiri olduğu açıq-aşkar qeyd edilir: “Keşikçilər Korpusu terrorçuları və onların həm regional, həm də regiondan kənar himayədarlarını xəbərdar edir: İran xalqına qarşı belə iyrənc və şeytani aksiyalar bir daha törədilərsə, o zaman bu əməllərin həm icraçıları, həm də onların havadarları dərhal cəhənnəmə göndəriləcəklər”.
Tamamilə qısa, konkret və aydın. Artıq atılmış 6 raketin fonunda isə, kifayət qədər təsirli və inandırıcı da səslənir.
Bax elə buna görə də, bütün bu baş verənlərin məqsədli şəkildə, birbaşa İranı hərbi münaqişəyə cəlb etmək məqsədilə təşkil olunduğuna dair inandırıcı ehtimallar meydana gəlir.
Bəs bunun səbəbi nə ola bilər?
Bu suala cavab vermək üçün isə, ilk növbədə Avropada və okeanın o tayında (ABŞ-da) cərəyan edən hadisələrə nəzər salmaq lazımdır. Həm də bir qədər daha diqqətlə...
AB Silahlı Qüvvələri NATO-ya qarşı?
İlk növbədə Avropada hələ də geniş müzakirələrə yol açan və qətiyyən birmənalı qarşılanmayan məsələlərdən biri Avropa Birliyinin Silahlı Qüvvələrinin statusu ilə bağlıdır.
Bu xüsusda AB təmsilçilərindən ən çox təəssübkeşlik edən təbii ki, Almaniyadır. Faktiki olaraq Almaniya hökuməti hal-hazırda NATO-ya, yəni dolayısı ilə ABŞ-a tabe olmayacaq, güclü bir orduya nəzarət etmək arzusunu reallaşdırmaq uğrunda çalışır.
Əlbəttə, tarix bu kimi təcrübələrin heç də yaxşı nəticələr vermədiyini dəfələrlə sübut edib.
Lakin insanlar unutqan olurlar.
İstənilən halda, artıq bəzi Avropa dövlətlərinin, o cümlədən Rumıniya, Çexiya və Hollandiyanın bir neçə hərbi birləşməsi demək olar ki, Bundesverin (Almaniya silahlı qüvvələrinin) tabeliyinə keçib. Öz məqsədlərinə doğru – “Avropanın təhlükəsizliyinə görə Avropa məsuliyyət daşıyır!” şüarı ilə irəliləyən Almaniya hökumətinin bu məsələdə əsas əleyhidarı isə, əlbəttə ki, ABŞ-dır.
Avropa Birliyi ölkələrinin müştərək silahlı qüvvələrinin yaradılması istənilən halda NATO-nun, deməli ABŞ-ın nüfuzuna vurulan zərbə olacaq. Bu isə, okeanın o tayında tamamilə arzuolunmaz bir haldır. Berlinin planlarını əngəlləmək məqsədilə, ilk növbədə ABŞ ekspertləri qüvvələrin belə parçalanmasının, yəni Avropa silahlı qüvvələrinin yaradılması və NATO-nun zəiflədilməsinin Rusiyanın xeyrinə atılan addım olduğuna dair fikirlər səsləndirməyə başladılar.
Lakin bu şüarlar artıq öz təsirini itirməkdədir. İlk növbədə ona görə ki, Avropa Rusiya ilə iqtisadi əməkdaşlığa meyilliliyini getdikcə daha aşkar formalarda nümayiş etdirir.
O cümlədən ABŞ-ın təhriki ilə Rusiyanın təbii qazından imtina edərək, okeanın o tayından daha baha başa gələn sıxılmış qaz almaq ideyası da artıq iflasa uğrayıb.
Bir çox Avropa şirkətləri isə, artıq “Qazprom”a “Şimal axını - 2”-nin tikintisi üçün vəsait köçürmələri də ediblər. Ötən həftə isə, Berlin və Vyana tam rəsmi olaraq, Vaşiqtonun Rusiyaya qarşı yeni iqtisadi sanksiyalarını tənqid etdilər və ABŞ-ın Avropanın energetika bazarına müdaxilə etmək planlarını qətiyyətlə pislədilər.
MÜSƏLMANLARI DAHA BİR SINAQ GÖZLƏYƏ BİLƏR
Deməli, bütün bu məsələləri ən azından müvəqqəi dondurmaq üçün yeni bir gündəmə ehtiyac var. Həm də bu gündəm həqiqətən də yeni və kifayət qədər ciddi olmalıdır. Aydındır ki, cari, gündəlik problemlərlə nə Almaniyanı, nə də ona dəstək verən digər ölkələri öz məqsədlərindən yayındırmaq mümkün olmayacaq. Amma bilavasitə İrana qarşı aparılan hərbi əməliyyatlar həqiqətən də ideal bir gündəm olardı.
Birincisi, ABŞ çoxdan bəri açıq hərbi konfliktə çəkmək və mövcud rejimini devirmək istədiyi İranla “hesablaşmaq” imkanı əldə edə bilər. Məlumdur ki, bu iki ölkə artıq uzun illərdir ki, aralarında yaşanan son dərəcə gərgin münasibətləri ilə bütün dünya ictimaiyyətinin diqqətini cəlb etməkdədirlər. Müsəlman dünyasının ən güclü dövlətlərindən biri olan İran İslam Respublikası ümumdünya səviyyəli supergücə, ABŞ-a meydan oxumaqla, əslində özünə həm də digər bir superdövlətin, Rusiyanın dəstəyini təmin etmiş olur.
İkincisi, mütləq şəkildə İranın müdafiəsinə qalxacaq Rusiyanın NATO-ya üzv Avropa ölkələri ilə üz-üzə qoyulması şansı yaranacaq. Məlumdur ki, son vaxtlar bir çox Avropa dövlətləri Rusiya ilə iqtisadi əməkdaşlığın qarşıdurmadan daha sərfəli olduğunu anlamağa başlayıblar. Bu isə, ABŞ-ın dünya hökmranlığı planları ilə qətiyyən uzlaşmır.
Üçüncüsü, hərbi qüdrətinə görə Şimali Atlantika Alyansının şəriksiz lideri olan ABŞ hərbi münaqişə məhz indi başlandığı halda öz nüfuzunu və söz sahibliyini bərpa etmək və daha da gücləndirmək imkanı alacaq. Çünki hazırda AB-nin yeganə az-çox hərbi gücə malik iki dövləti Almaniya və Fransadır ki, onların da hətta birləşmiş hərbi potensialları belə ABŞ-ın hərbi gücü ilə müqayisə olunmazdır. Həmçinin iqtisadiyyatlarına da ən çox ziyan dəyən dövlətlər (NATO tərəfdən) yenə də Avropa ölkələri olacaq. Zəif Avropa isə, ABŞ-ın himayəsini daha böyük razılıqla qəbul edər.
Amma məsələ bundadır ki, bu hərbi münaqişə baş baş verəcəyi halda Yaxın Şərq regionu və ümumilikdə İslam dünyası daha böyük zərər görə bilər. İraqın və daha pisi Suriyanın timsalında da bizim artıq belə münaqişlərin acı nəticələrini müşahidə etmək imkanlarımız olub. İranın isə, həm də bizim bilavasitə qonşumuz olduğunu nəzərə alsaq, belə hərbi əməliyyatların aparılmasının bizim üçün də tamamilə arzuolunmaz olduğunu anlamaq çətin olmaz.
Hər halda ümid edək ki, növbəti münaqişə ocağını yaratmaq istəyənlər bu dəfə öz məqsədlərinə nail ola bilməyəcəklər.
Hazırladı:"Azərbaycanın Səsi" ictimai birliyin sədri, "Müstəqil Lider" jurnalının baş redaktoru,
Məşədi Faiq ƏHMƏDOV