SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Dumanda dolaşan gümanlar ... və ya Faiq Əhmədovdan ölkəmizdə ictimai-siyasi münasibətləri kəskinləşdirmək istəyənlərə yüngülvari cavab

28-03-2017, 11:48 | Oxunub: 8 243 |

Dumanda dolaşan gümanlar ... və ya Faiq Əhmədovdan ölkəmizdə ictimai-siyasi münasibətləri kəskinləşdirmək istəyənlərə yüngülvari cavab
Deyəsən məşhur mahnılarımızdan birində belə sözlər də vardı – dağda duman yeri var, yarla barışmağa güman yeri var...

İndi bizim bəzi müxalifətçilər də öz fəaliyyətlərini (buna elə özfəaliyyət də demək olar) güman üzərində qurmağa başlayıblar deyəsən. Hətta bəzi “ekspert”lər onlara ünvanlanan sualları cavablandıranda və ya müəyyən mövzunu təhlil edən də öz gümanları ilə ətrafı dumanlandırmağa çalışırlar. Məsələn, bir müddət bundan əvvəl belə analitiklərdən biri ölkəmizdə vitse-prezidentlik institutunun yaradılmasını zəruri edən məqamlar barədə ona ünvanlanmış suala cavab verərkən belə bir ifadə işlətmişdi:

“Bunun müəyyən səbəbləri var. Biz bu səbəbləri araşdırırıq. Müəyyən gümanlarımız da var...”

Deyirəm, nə qəribədir, camaat iş görür, çalışır, məmləkətə gün ağlayır, bunlar da hələ araşdırırlar! Həm də öz gümanları əsasında. Hələ bir digər ifadələrə diqqət edin:

“Bu hal Azərbaycanın onsuz da dünyada yüksək olmayan nüfuzunu daha da azaldan, Azərbaycanı gülüş obyektinə çevirən, yolverilməz bir hadisədir...”

Əlbəttə, öz gümanlarına istinad edib bu və ya digər ictimai-siyasi hadisəyə şərh verən “siyasətçi”lərdən bundan artıq fikir də gözləmək olmaz. Axı Azərbaycanın dünyada hansı nüfuza sahib olduğunu anlamaq üçün, əvvəlcə gərək özünün bu məmləkətdə, məhdud bir çevrə daxilində də olsa müəyyən qədər nüfuzun ola.

Ondan sonra, gərək dünyada baş verən hadisələri düzgün təhlil edə biləsən. Ən azından hansı böyük dövlətlərin mövcud olduğumuz regionda, bəzi hallarda isə hətta bu regionun hüdudlarından kənarda belə cərəyan edən proseslərə nüfuz edə bilmələk üçün məhz Azərbaycanla olan münasibətlərini korrektə etməyə səy göstərdiklərini gərək görə biləsən. Amma hardan? Gümanla duman imkan verir ki?

Fikirləri-zikirləri iqtidar daxilində guya ki, mövcud olan hansısa “ziddiyyətlər”i qızışdırmaq və yolla da hakimiyyəti zəiflətmək xülyalarını millətə srımaqdan ibarətdir. Diqqət edin, birinci vitse-prezident postuna təyinatla bağlı səsləndirilən fikirlərdən birində deyilir:

“Əsas önəmli cəhət odur ki, bu həm ölkədaxili ictimai-siyasi münasibətlərin kəskinləşməsinə rəvac verəcək, həm də hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsinə təsir göstərəcək. Bu, özünü müxtəlif istiqamətlərdə, müxtəlif müstəvilərdə göstərəcək...”

İlk növbədə maraq doğuran məqam budur ki, bu insanlar ölkəmizdə ictimai-siyasi münasibətlərin kəskinləşməsinin onlar üçün ən vacib, önəmli cəhət olduğunu qətiyyən gizlətməyə çalışmırlar. Yəni istədikləri budur ki, ziddiyyətlərin kəskinləşməsi müxtəlif istiqamətlərdə və müstəvilərdə inkişaf etsin. Başqa sözlə desək, ara qarışsın, ölkə xaosa yuvarlansın. Bərəkallah təhlilinizə də, proqnozlarınıza da...

Amma digər tərəfdən də baxanda, axı bunların xaos nəzəriyyəsindən başqa tətbiq edə biləcəkləri heç bir bilik və təcrübələri də yoxdur. Vallah, məndən soruşasınız, qoy elə bunlar dumanda oturub, gümanları ilə yaşamaqda davam etsinlər.

Bircə ətrafdakılara yaşamağa mane olmasınlar, qalan işlərdə onsuz da əllərindən heç nə gələn deyil. Mən belə güman edirəm!

Hazırladı: Faiq ƏHMƏDOV "Müstəqil Lider" jurnalının baş redaktoru.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR