SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Klan”lar, planlar və içi tökülən palanlar...... və yaxud, oyunbaz müxalifətin yeni layihəsi - Faiq Əhmədovun təqdimatında

17-03-2017, 14:11 | Oxunub: 9 684 |

“Klan”lar, planlar və içi tökülən palanlar...... və yaxud, oyunbaz müxalifətin yeni layihəsi - Faiq Əhmədovun təqdimatında

Düzü seçdiyim bu başlığın aşağıda ərz etməyə çalışacağım bəzi mətləblərin mövzusuna nə dərəcədə uyğun olub-olmadığı hər halda mənim özüm üçün bir qədər şübhəli qaldı. Amma son nəhayətdə bunun elə də böyük əhəmiyyət kəsb etmədiyini, ən əsası da demək istədiklərimin mahiyyətinə heç bir xələl gətirmədiyini nəzərə alıb, seçimi elə bu başlığın üstündə saxladım.

Digər tərəfdən də düşünürəm ki, istənilən yazının sərlövhəsi oxucuya ilk növbədə mətndə toxunulmuş mövzu barədə müəyyən məlumat verə bilməlidir. Məhz bu baxımdan bizim başlığı müəyyən qədər uğurlu saymaq olar. Niyə müəyyən qədər? Bax, buna cavab almaq üçün artıq mətləbə keçmək lazım olacaq. Keçək...

Yaşadığımız XXI əsr yüksək texnologiyalar, internet, virtual dünyalar dövrüdür. Bu gün hətta yaşlı nəslin, nə bilim, evdar xanımların, nənə və babaların belə, internetlə az ya çox təmasda olmadığını düşünmək inandırıcı deyil. Bir çox məziyyətləri ilə yanaşı, yüksək texnologiyaların bu gün insanlara təqdim etdiyi matahlardan biri də müxtəlif oyunlardır. “On-line” oyunlar, istifadəçi oyunları, fərdi proqramlar, nə bilim, “ekşen”lər, “strategiya”lar və daha nələr, nələr...

Hətta görün iş nə həddə çatıb ki, artıq bizim bu müxalifət təmsilçiləri də öz “mübarizə”lərini əsil oyun ssenariləri üzərində aparmağa başlayıblar. Durun-durun, irad bildirməyə tələsməyin. Bilirəm, deyəcəksiniz ki, oyunbazlıq bu müxalifətin köhnə peşəsidir, burda nə yenilik var ki? Amma var. Ən azından “strategiya”larına yeni çalarlar qatmağa çalışıblar. İndi “Müxalifət inkorporayted ltd”-nin istehsalı olan və indi hər vəchlə ictimaiyyətə sırımağa çalışdıqları yeni oyunu şərti olaraq “Klan” planı” adlandırmaq olar (öz aramızdır, pis səslənmir).

Gəlin bu oyunun süjet xətti hansı hadisələr üzərində qurulub, istifadəçi hansı məqsədə nail olmalıdır, “qrafik tərtibat” kimlər tərəfindən həyata keçirilib və sairə bu kimi məqamlara nəzər salaq.

İlk növbədə diqqəti çəkən budur ki, bu oyun ölkəmizdə növbəti mütərəqqi yeniliyin, dövlət idarəçiliyində vitse-prezidentlik institutunun təsis olunması faktının üzərində qurulub.

Əgər bu oyunu şərti olaraq mərhələlərə bölsək, o zaman görərik ki, ilkin mərhələdə əsas hədəf kimi cəmiyyətdə vitse-prezidentlərin məhz hansı üsulla seçiləcəklərinə dair fikir ayrılığı yaradılması məqsəd seçilmişdi. Yəni, müxalifət oyunbazları təkid edirdilər ki, vitse-prezidentlər seçki yolu ilə təyin olunmalıdırlar.

Amma bu iddianın əsassız olduğu tez bir zamanda aşkar edildi. Aydındır ki, əgər vitse-prezidentlər ölkə prezidentinin komandası olaraq, hakimiyyəti daha da möhkəmləndirmək, onun daha çevik işləkliyini təmin etmək kimi vəzifələri yerinə yetirməlidirlərsə, deməli bu şəxslər məhz prezidentin özü tərəfindən də təyin olunmalıdırlar. Həmçinin bir çox inkişaf etmiş dünya dövlətlərinin praktikası da bunu təsdiq edir.

Beləliklə, birinci mərhələ iflasa uğradıqdan sonra, oyunbazlar dərhal ikinci mərhələnin “təqdimatına” start verdilər. Bu mərhələdə isə, artıq hədəf birbaşa iqtidarda olan qüvvələrin, yəni əslində hakimiyyətin əsaslarına zərbə endirmək məqsədidir. Bu məqsədə nail olmaq üçün də məhz “Klan” planı həyata keçirilməyə başladı. Belə ki, müxalifət oyunbazları hələ çox illər bundan öncə tətbiq etməyə çalışdıqları, həyata keçirə bilməsələr də, özlərinin çox gözəl mənimsədikləri bir taktikanı – regionlara parçalama siyasətini yeni tərtibatda işə salmağa çalışıblar.

Oyunun ssenarisinə görə, bu gün hakimiyyətdə Naxçıvan klanı, Bakı klanı, Qərbi Azərbaycan klanı, Gürcüstan klanı və sairə bu kimi qruplaşmalar və bu qruplaşmaların da arasında qarşıdurmalar mövcudur. Bu istiqamətdə ssenarini inkişaf etdirmək üçün isə, oyunbazlar Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun vitse-prezident postuna təyin olunmaması məsələsini və bunun da guya ki, Naxçıvan klanının zəifləməsinə səbəb olacağını bir versiya kimi işləməyə çalışıblar. Əvvəla məlum olduğu kimi, hələlik yalnız Birinci vitse-prezident öz vəzifəsinə təyin edilib.

Digər təyinatların nə zaman olacağı və namizədlərin adları isə, hələlik yəqin ki, rəhbərlikdən başqa heç kimə məlum deyil. Bəli, Vasif Talıbov bu postlardan birini tutmağa ən real namizəd ola bilər. Bunun üçün həm hüquqi əsaslar mövcuddur, həm də Vasif Talıbovun şəxsi keyfiyyətləri onun bu vəzifənin də öhdəsindən ləyaqətlə gələ biləcəyini söyləməyə imkan verir. Lakin oyunbazların təqdim etdikləri ssenarinin ən zəif nöqtəsi bundan ibarətdir ki, həm vitse-prezidentlər və həm də onları təyin edəcək birinci şəxs, yəni ölkə prezidenti eyni komandanın üzvləri olmaqla, eyni məqsədə, eyni amala – dövlətimizin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edirlər. Bu komandanın içərisinə nifaq salmaq, onların arasında qarşıdurma yaratmaq cəhdləri isə, asfaltyayan maşının (katok) təkərlərini bizlə deşmək cəhdinə bənzər.

“Klan” planı” oyununun qrafikasına gəlincə, demək lazımdır ki, hər zaman olduğu kimi, bu dəfə də xarici “mütəxəssislər”in əməyi oyunbazların dadına çatıb. Elə xaricdə oturub, internet imkanlarından bəhrələnərək öz “sözlərini deməyə” çalışanların canfəşanlıqları da bunu isbatlayır. Amma etiraf edək ki, bu dəfə qrafika olduqca zəif və solğun çıxıb. Böyük ehtimalla, sponsorlar özləri də “layihənin” iflasına elə əvvəldən heç şübhə etməyiblər.

Nə isə, bütün bu baş verənlərə elə bircə kəlmə ilə də münasibət bildirmək olar – oyununuz olsun, ay oyunbazlar![i][/i]

Hazırladı: Faiq ƏHMƏDOV, "Müstəqil lider" jurnalının baş redaktoru

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR